Rusiyanın Ukraynaya qalib gəlməyə gücü çatmayacaq - Maqda

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyaya dəvət etməsi, Putinin Krım və Donbasdakı müharibə haqqında danışmayacağı, manipulyasiya etməyəcəyi anlamına gəlmir".

Bunu Milli.Az-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.

Ukraynalı siyasi şərhçi bildirib ki, Rusiyanın Ukrayna planı baş tutmayacaq:

"Düşünürəm ki, Rusiya sərhəddə bu qədər hərbi texnika və canlı qüvvə yığmaqla Ukrayna iqtisadiyyatının tükənəcəyinə, çökəcəyinə ümid edir və Ukraynanın daxildən parçalanıb, dağılacağını gözləyir.

İndiki məqamda bütün dünyada Rusiyanın Ukraynaya hücuma keçmək planından danışılır. Amma xatırlatsam yerinə düşər ki, Rusiya sonuncu dəfə 2014-cü ildə Ukrayna ərazisinə hücuma keçdi və o müharibə bu gün də davam edir. Ukrayna artıq səkkizinci ildir ki, Rusiya ilə müharibə aparır. Ona görə də Rusiyanın uğurundan danışmağa əsas görmürəm. Onun Ukraynanı işğal etməyə gücü çatmır və çatmayacaq.

Axı Kreml hələ 2008-ci ildə Gürcüstanı belə tuta bilmədi. Gürcüstanla müqayisədə isə Ukrayna daha böyükdür və müharibə aktiv fazaya keçəcəyi təqdirdə milyonlarla ukraynalı öz vətənini müdafiə edəcək. Unutmaq olmaz ki, 14 mindən çox insan Ukrayna ərazisində məhz Rusiyanın qurbanı oldu".

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında "Biz müharibə istəmirik. Amma kimlərinsə hərbi əməliyyatlarda maraqlı olması mümkündür", - deyib. O əlavə edib ki, Volodimir Zelenski istəsə, Moskvaya, Soçiyə və ya Sankt-Peterbuqa münasibətlərin normallaşmasını müzakirə etmək üçün gələ bilər.

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Lavrov MDB ölkələrindəki ruslara doğulduqları yerdə qalmağı arzulayır

SONRAKI XƏBƏR

“Kosmik qüvvələr” serialının yeni treyleri yayımlanıb