Putin Təhlükəsizlik Şurasında xarici siyasət konsepsiyasını müzakirə edib

Putin Təhlükəsizlik Şurasında xarici siyasət konsepsiyasını müzakirə edib

Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AzVision.az
xəbər verir ki, iclasda dünyada baş verən son dəyişikliklər nəzərə alınaraq hazırlanmış xarici siyasət konsepsiyası layihəsini müzakirə edilib.

"Rusiya Xarici İşlər Nazirliyi ölkənin Xarici Siyasət Konsepsiyasının yenilənmiş variantının layihəsini hazırlayıb. Bu sənəd, təbii ki, strateji planlaşdırma sənədləri kateqoriyasına aiddir", - Putin bildirib.

Onun sözlərinə görə, XİN-in sənədində dünyada baş verən son dəyişikliklər, o cümlədən son beş ildə beynəlxalq siyasətdəki dəyişikliklər nəzərə alınıb.

Daha əvvəl Putin bildirib ki, xarici siyasət konsepsiyasının qarşıdan gələn yeni redaksiyasında xarici siyasət və diplomatik işin konkret sahələrinin təsbit edilməsi planlaşdırılır. Onun fikrincə, bu sənəd və Rusiya Federasiyasının yayda təsdiq edilmiş Milli Təhlükəsizlik Strategiyası Xarici İşlər Nazirliyi və digər nazirlik və idarələr üçün yol xəritəsi olacaq.

İclasda baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının rəhbərləri Valentina Matvienko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və digərləri iştirak ediblər.

Pərvanə Sultanova


 

Mənbə: azvision.az