Minlərlə Qarabağ ermənisi Rusiya pasportu alır - cəmi 47 min nəfər...

Minlərlə Qarabağ ermənisi Rusiya pasportu alır - cəmi 47 min nəfər...

Afsəddin Nəbiyev: “Rusiya Qarabağdan olan ermənilərə ikili vətəndaşlıq verməklə bu bölgəni əlində saxlamağa cəhdlər edə bilər”

Ermənistan vətəndaşları ölkədən kütləvi şəkildə qaçır. Bunu son statistk rəqəmlər də sübut edir.

Belə ki, təkcə 2021-ci ildə 46 900-dən çox erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin ən rekord göstəricisi hesab olunur. Çünki 2020-ci ildə 30558, 2019-da 24024, 2018-də 27134, 2017-də 25144 nəfər erməni Rusiya vətəndaşlığı alıb. Ümumilikdə 2017-2021-ci illərdə 153,8 min vətəndaşımız Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə nisbətdə bu, təxminən 5,2 faiz təşkil edir.

Vətəndaşların kütləvi miqrasiyasının əsas səbəbləri hamıya məlumdur – kütləvi işsizlik, minimum yaşayış səviyyəsi və aşağı gəlir insanları ölkədən qaçmağa vadar edən səbəblər sırasındadır. Əhəmiyyətli inflyasiya (ötən il 7,2%) və xüsusilə kənd təsərrüfatında ikirəqəmli inflyasiya (11,2%) Ermənistanda vəziyyəti daha da ağırlaşdırıb. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik içərisindədirl.

Bütün bunlarla yanaşı, ola bilərmi ki, həmin vətəndaşların böyük hissəsi Qarabağ erməniləridir? O cümlədən sonralar Qarabağa gətirilən ermənilərdir?Yəni Rusiya ikili vətəndaşlığı reallaşdırmaqdan ötrü ola bilərmi belə bir proses getsin?

“Dövlətimiz Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığına qəbul olunması üçün səylərini artırmalıdır”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədrinin müavini Afsəddin Nəbiyev bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənilərin başqa ölkələrə kütləvi köç səbəbi bir neçə amilllə bağlıdır. Əgər bir xalq yaşadığı yerləri kütləvi şəkildə tərk edirsə, qısaca olaraq o ölkənin tarixinə nəzər salmalıyıq. Birincisi, minillər ərzində ermənilərin dövləti dövlətçilk tarixi olmayıb. XIX əsrin birinci yarısında rus imperiyasının işğalı dövründə ermənilər Azərbaycanın tarixi torpaqlarına, Naxçıvana, Qarabağa, Zəngəzur və s yerlərinə köçürüldülər. Bu barədə təkzibolunmaz faktlar müxtəlif arxivlərdə saxlanılır. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, orta əsrlər dövründə dövləti olmayan xalqlar imperiyaların əlində alət kimi istifadə olunub. Ermənilər bu kateqoriyaya daxildilər. İstər farslar, istəsə də Osmanlı və yaxud rus çarlığı hər zaman ermənilərdən öz məqsədlərini həyata keçirmək üçün istifadə ediblər. Belə bir xalqın oturuşmuş mədəniyyəti, həyat tərzi olmadığına görə, onlar hər zaman miqrasiyaya cəhd edirlər. Burada əsas məqam ondan ibarətdir ki, müasir dövrdə ermənilərin bir qismi bu bölgədə siyasi alət olduqlarını dərk edərək, rahat həyat tərzi keçirmək üçün başqa ölkələrə köç edirlər. İndiki erməni köçünün səbəblərindən biri də 44 günlük müharibə və onun bu cəmiyyət üçün ağır fəsadlarıdır. Buraya ermənilərin ağır məğlubiyyətini, müharibə zamanı minlərlə ölü və yaralını əlavə etsək bütün bunların nəticəsi olaraq Ermənistan cəmiyyətində kütləvi məyusluq, görünməmiş laqeydlik yaradıb. Diqtətçəkən məqamlardan biri də budur ki, Ermənistanda demoqrafik göstəricilər çox pis vəziyyətdədir. 2020-ci ilin statistik məlumatlarına görə, bu ildə Ermənistanda 36 min uşaq dünyaya gəlib, 35 min insan ölüb. Belə rəqəmlər demoqrafiya sahəsində kritik dövr adlandırılır. Ermənilərin köç dalğasını da bu statistikaya daxil etsək, acınacaqlı mənzərini müşahidə etmək o qədər də çətin deyil. O ki qaldı ermənilərin rus pasportu alması məsələsinə, burada iki məqama diqqət yetirmək mümkündür. Birincisi, Rusiyanın özü də demoqrafik böhran yaşayır. Bu dövlətin özü keçmiş ittifaq respublikalarının əhalisinə pasport paylamaqla böhranın qarşısını almağa çalışır. İkinci məqam ondan ibarətdir ki, Rusiya erməni məsələsinə daha həssas yanşaraq bu xalqı nə olursa-olsun həm əlində "saxlamağa", həm də siyasi məqsədləri üçün istifadə etməkdədir. Hətta ehtimallardan biri də bidur ki, Rusiya Qarabağdan olan ermənilərə ikili vətəndaşlıq verməklə bu bölgəni əlində saxlamağa cəhdlər də edə bilər. Rusiya kimi dövlətdən nə desən gözləmək olar. Ona görə dövlətimiz mümkün qədər Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığına qəbul olunması üçün səylərini artırmalıdır”.

Sədr müavini onu da qeyd etdi ki, sülh müqaviləsi imzalandıqda bütün bu hallar diqqətdə saxlanılmalıdır.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com