Qazaxıstandan sonra qırğızlar və taciklər bir-birinə hücum etdi - təsadüf, ya...

Qazaxıstandan sonra qırğızlar və taciklər bir-birinə hücum etdi  - təsadüf, ya...

Elşən Həsənov: “Hadisəyə ilk reaksiyanın da məhz KTMT-dən gəlməsi bu ehtimalları daha da möhkəmlədir”

Qırgızıstan-Tacikistan sərhədində yenidən atışma olub. Tərəflər sərhəd bölgəsinə təhlükəsizlik və ordu qüvvələrini yerləşdirməkdə davam edirlər. Qırgız hökuməti Ak-Say və Ak-Tatır kimi sərhəd ərazilərində yaşayan insanları artıq təhlükəsiz lokasiyalara təxliyə edib.

2021-ci ilin aprelində də Qırgızıstan və Tacikistan arasında baş vermiş qısa müddətli sərhəd gərginliyində 31 qırgız həlak olmuşdu,150-dən çox insan isə xəsarət almışdı. Qırgızıstan ərazisində Tacikistana aid olan Vorux anklavında SSRİ dövründə inşa edilmiş və qonşu ölkələri su ilə təmin edən suvarma anbarı yerləşir.

Tacikistan hökuməti bir müddətdir iddia edir ki,Qırgıstan tərəfi suyun bölüşdürülməsində ədalətsizliyə yol verir. Qarşı tərəf də eyni iddianı səsləndirir.

Diqqətimizi bir məqam çəkir ki, adətən yaz və yay aylarında suya təlabat artıgı üçün qırgız və taciklər arasında mübahisələr baş verir. İndi isə yanvar ayıdır və suya təlabat o qədər də yüksək deyil. Bu məsələnin qızışdırılmasında kənar qüvvələrin rolu ola bilərmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Qırgızıstan və Tacikistan arasında gərginliyin bir səbəbi də iki respublika arasındakı 980 kilometrlik sərh xəttinin hələ də yarısının demarkasiya olmamış qalmasıdır: “Qırğızıstanın Böyük İpək Yolunun əsas marşurut xəttində, Çinlə sərhəddə, Mərkəzi Asiyada yerləşən bir ölkədir. Orada sabitliyin pozulması ABŞ-ın da maraqlarına ziddir. Çünki ABŞ-ın Əfqanıstanda maraqları var. Qırğızıstan-Tacikistanda sabitlik pozularsa, bu ABŞ-ın Əfqanıstanda olan maraqlarına zərbədir. Ona görə də Qırğızıstan və Tacikistan arasında olan münaqişədə böyük dövlətlərin marağının olması istisna deyil. Bu insidentdə Rusiyanın bir marağı ola bilər. Ehtimal ki, Qazaxıstandakı olaylarda KTMT-nin vasitəsi ilə uduşlu çıxan Moskva bu dəfə Qırgızıstan və Tacikistan arasındakı ixtilaftan özü üçün faydalanmağa çalışır.

Yəqin ki, Rusiya mübahisəli Vorux anklavında öz hərbi mövcudlugunu təmin etmək üçün həmin əraziyə də sülhməramlıları yeritməyə çalışacaq. Hadisəyə ilk reaksiyanın da məhz KTMT-dən gəlməsi bu ehtimalları daha da möhkəmlədir”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com