Şərqi Avropada böyük təhlükə - Rusiya işğal hazırlıqlarının son mərhələsində, ABŞ bölgəyə qoşun yeridir, Xorvatiyadan NATO-nu parçalayan qərar...

Şərqi Avropada böyük təhlükə - Rusiya işğal hazırlıqlarının son mərhələsində, ABŞ bölgəyə qoşun yeridir, Xorvatiyadan NATO-nu parçalayan qərar...

Rusiya Ukrayna sərhədində hərbi qüvvə yığandan sonra ABŞ, Polşa və İngiltərə Ukraynaya hərbi qüvvə və tonlarla silah göndərməyə başlayıb.

“Washington Post” qəzeti yazır ki, ABŞ da Şərqi Avropaya qoşun yeridə bilər. Qeyd edilir ki, Vaşinqton administrasiyası artıq Kiyevə milyonlarla dollar dəyərində silah göndərib.

Şərqi Avropada NATO əsgərlərinə dəstək üçün 8500 əsgərin hazır vəziyyətə gətirildiyini xatırladan “Washington Post”, Pentaqonun sözçüsü Con Kirbinin ilk dəfə bununla təfərrüatları bağlı açıqladığını qeyd edir. 82-ci və 101-ci Hava Desant Diviziyaları, XVIII Hava Dəstəsi və 4-cü Piyada Diviziyasının Şərqi Avropaya göndərilə biləcəyini yazan “Washington Post” hazırda bölgədə təxminən 40.000 əsgərin olduğunu bildirir.

“The Wall Street Journal” qəzeti isə Ukrayna sərhədində 100 min əsgər toplayan Rusiya ordusunun tibb hissələrini də cəbhə xəttinə daşıdığı və işğal əməliyyatının son mərhələsinə daxil olduğunu yazıb.

ABŞ bəyan edir ki, Rusiya Ukraynanı işğal edərsə, Rusiya qazını Qərbi Avropaya daşıyan “Şimal axını 2” boru kəməri layihəsi dayandırılacaq. Vaşinqton kəmərin açılışının qarşısının alınacağını, Almaniyanın da layihəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib. Mübahisəli Rusiya boru kəməri Baltik dənizinin altından keçir və birbaşa Almaniyaya axır.

ABŞ dövlət katibinin müavini Nuland “Şimal axını 2”nin baş tutmayacağını deyib.

Dövlət Departamentinin sözçüsü Ned Price də Moskvaya xəbərdarlıq edərək “Rusiya bu və ya digər şəkildə Ukraynanı işğal edərsə, "Şimal axını 2" daha irəli gedə bilməyəcək" deyib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok isə bildirib ki, Qərb müttəfiqləri “Şimal axını 2” də daxil olmaqla, güclü sanksiyalar paketi üzərində işləyir.

Bu arada, Xorvatiya prezidenti Zoran Milanoviç bildirib ki, Ukrayna ilə Rusiya arasında mümkün münaqişə yaranarsa, Xorvatiya əsgərlərini NATO-dan geri çəkəcək.

"Bu vəziyyətdə əsl günahkar yoxdur, lakin kimin zərər görəcəyi çox aydındır. Ona görə də Xorvatiya və Xorvatiya ordusu belə müharibədə iştirak etməyəcək", - Milanoviç bildirib.

NATO-nun bölgəyə əlavə Xorvatiya ordusu göndərilməsi tələbinə toxunan Milanoviç, "Mən Xorvatiya ordusunun baş komandanıyam. Ukrayna ilə Rusiya arasında münaqişə qızışarsa, bütün qüvvələrimizi geri çəkəcəyik. Xorvat ordusuna aid bir əsgərin belə bölgədə olmasını istəmirəm” deyib.

Bu qərarın Ukrayna və ya Rusiya ilə heç bir əlaqəsi olmadığını bildirən Milanoviç, bunun Co Bayden administrasiyası və Amerikanın daxili siyasəti ilə bağlı olduğunu deyib.

Beynəlxalq təhlükəsizlik məsələlərində uyğunsuzluq və təhlükəli davranış gördüyünü dilə gətirən Milanoviç deyib ki, Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə alacaq bir tənzimləmə olmalıdır. Ukrayna və Ukrayna iqtisadiyyatını qorunmağın yolları mütləq mövcuddur.

Milanoviç Ukraynanın NATO-da yeri olmadığını da deyib: "Yanukoviç administrasiyasının devrilməsindən 8 il keçir. Ukrayna iqtisadi cəhətdən irəliləyə bilmir. Avropa İttifaqından heç bir yardım ala bilmir. Ölkə ən geridə qalmış ölkələrdən birinə çevrilib".

Qara dəniz, Barents dənizi və Belarus kimi müxtəlif cəbhələrdə təlimlərlə güc nümayiş etdirən Rusiya ordusu isə real güllələrdən istifadə edir. Rusiya mətbuatı 20-dən çox hərbi gəminin Qara dənizə üzərək hava və quru hədəflərini atəşə tutduğunu yazır.

Ordu televiziyası “Zvezda” Qara dənizdə atəş açan gəmilərin hədəfləri real güllələrlə məhv etdiyini bildirib.

Rusiya hərbi gəmiləri 2014-cü ildə Putinin ələ keçirdiyi Krımda yerləşən Sevastopol və tam qarşıdakı Novorossiyskdəki bazalarını tərk edərək Qara dənizə üz tutub. Bura freqatlar, patrul gəmiləri, kiçik raket daşıyıcıları və desant gəmiləri daxildir.

Donbasda Moskvanın dəstəklədiyi rusiyapərəst separatçıların Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatlarına qarşı Rusiyadan tələb etdiyi silahlar da məlum olub. “İzvestiya” qəzeti separatçı Luqansk və Donetsk respublikalarının Bayraktar TB2-yə qarşı mübarizə aparmaq üçün Moskvadan “ağıllı” sursat, radar sistemləri və hava hücumundan müdafiə sistemləri gözlədiklərini yazıb.

Məlumata görə, R-330 Zhitel elektron döyüş sistemləri, modernləşdirilmiş Osa-AKM qısa mənzilli hava hücumundan müdafiə sistemləri, təkmilləşdirilmiş Qrad-M və ya Tornado-G reaktiv yaylım atəşi sistemləri tələblər siyahısındadır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Rusiyanın zəmanət tələbləri ilə bağlı ABŞ-ın təklifinin NATO-nun təklifindən daha yaxşı olduğunu açıqlayıb. Onun sözlərinə görə, ABŞ və NATO-nun təklifləri ilə bağlı son sözü Putin deyəcək.

ABŞ və NATO-nun cavabından sonra "müharibənin baş verib-verməyəcəyi" sualına Lavrov belə cavab verib: "Rusiyadan asılı olsa, müharibə olmayacaq. Biz müharibə istəmirik. Amma maraqlarımıza hücum edilməsinə və göz ardı edilməsinə verməyəcəyik”.

Tahir TAĞIYEV

Mənbə: www.baki-xeber.com