Ukraynalı deputat Rusiya qoşunlarını “ölkəni azad etməyə” çağırır “NƏDƏN DƏRHAL HÜCUM EDƏCƏKLƏR? - AZAD EDƏCƏKLƏR!..”

Ukraynalı deputat Rusiya qoşunlarını “ölkəni azad etməyə” çağırır “NƏDƏN DƏRHAL HÜCUM EDƏCƏKLƏR? - AZAD EDƏCƏKLƏR!..”

Ukrayna Ali Radasının müxalifətçi deputatı, “Həyat Uğrunda” fraksiyasının üzvü, qalmaqallı siyasətçi İlya Kiva Rusiyanın ölkəsinə gözlənilən hərbi müdaxiləsini işğal yox, azadlıq kimi qiymətləndirib.

virtualaz.org xəbər verir ki, deputat bu haqda özünün Telegram-kanalında yazıb. Dərhal çoxsaylı Rusiya KİV-ləri onun qeydlərini tirajlayıblar.

İlya Kiva CNN telekanalının ABŞ prezidenti Cozef Baydenlə Ukrayna prezidenti Vladimir Zelenski arasında yanvarın 27-də baş tutmuş telefon danışığı haqda xəbərini şərh edərkən belə yazıb. CNN bidirirdi ki, Bayden Zelenskini Rusiyanın Ukraynaya hücumunun qaçılmaz olduğu haqda xəbərdar edib.

 

“Nədən dərhal hücum edəcəklər? - Azad edəcəklər!”, - Kiva yazıb. Digər postunda siyasətçi bildirib ki, CNN telekanalının həmin xəbərindən sonra Ali Radada deputatların tətilinin fevralın sonlarına qədər uzadılması haqda söz-söhbətlər dolaşıb. “Hakim “Xalqın xidmətçisi” partiyasından deputatlar şikayətlənirlər ki, əmlaklarını satmağa və ailələrini çıxarmağa vaxt qalmayacaq”, - o bildirib.

İlya Kiva özü əvvəllər polis orqanlarında xidmət edib, keçmiş daxili işlər naziri Arsen Avakovun müşaviri olub. Könüllülərdən ibarət batalyonun komandiri kimi Donbassda gedən döyüşlərdə iştirak edib, amma onun rəhbərlik etdiyi batalyonun üzvləri İlya Kivaya qarşı bunt qaldırmışdı və onu komandirlikdən kənarlaşdırmışdılar. Deputat bir vaxtlar “Sağ sektor” hərəkatında da yer alıb, rusiyameylli siyasətçi hesab edilməsə də vaxtaşırı olaraq qalmaqallı açıqlamaları ilə tanınır. Habelə, onun kriminalla əlaqələrinin olduğu barədə iddialar da KİV-lərdə yer alıb.

Bundan əvvəl Ukraynanın keçmiş baş naziri, Viktor Yanukoviçin devrilməsindən sonra onunla birlikdə Rusiyaya qaçan Nikolay Azarov “ukraynalıların əksəriyyətinin Putinin ölkəyə qoşun yeritməsini səbrsizliklə gözlədiklərini” demişdi. Onun fikrincə, ukraynalılar indiki hakim elitadan cana doyublar və Rusiya qoşunlarına xilaskar kimi baxırlar.

 

virtualaz.org

Mənbə: virtualaz.org