Müdafiə Nazirliyindən itkin düşən hərbçilərlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən itkin düşən hərbçilərlə bağlı AÇIQLAMA

"Azad olunmuş Kəlbəcər və Laçın rayonları çətin reylefli, əsasən dağlıq və meşə sahələrindən ibarətdir".

"Qafqazinfo" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov Kəlbəcərdə itkin düşən hərbçilərlə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu rayonlarda qış ayları çox sərt keçir:

"Havanın temperaturu gecələr -15-20 dərəcə dəyişir, bəzən bu temperatur -30-a qədər düşür. Ərazinin çətin reylefi nəzərə alınaraq, bura xeyli sayda şəxsi heyət xüsusi texnika cəmləşdirilib. Axtarışa cəlb olunan şəxsi heyət mütəmadi olaraq isti yemək və çayla təmin olunur".

Anar Eyvazov əlavə edib ki, Kəlbəcər və Laçında infrastrukturun və şəraitin olmamasına baxmayaraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində qısa müddət ərzində burada xidmət edən hərbi qulluqçuların məişət şəraiti yaxşılaşdırılıb:

"Yeni inşa edilən və əsaslı təmir olunan yaşayış məntəqələri bu rayonlara dislokasiya olunan hərbi qulluqçuların istifadəsinə verilib. Azərbaycan Ordusunun mühəndis qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə yolların daima işlək vəziyyətdə saxlanılması və bölmələrin fasiləsiz təminatını həyata keçirmək üçün lazım olan bütün tədbirləri həyata keçirir. Bu tədbirlərə yolların qar örtüyündən təmizlənməsi, işarəedici çubuqların basdırılması da daxildir. Lakin bilirsiniz ki, covğun və külək nəticəsində bəzən təmizlənmiş yollar qısa müddətdə yenə də qarla örtülür".

Qeyd edək ki, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAXE, kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Keçirilən axtarışlar nəticəsində bu gün səhər C.Hüseynov, M.Hüseynov və Y.Kərimov tapılıb və hospitala yerləşdirilib. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Emin Səfərov

Mənbə: qafqazinfo.az