Bakı ilə İrəvan bir-birini dəstəkləyəcək – İlk dəfə

Bakı ilə İrəvan bir-birini dəstəkləyəcək – İlk dəfə

Ermənistanla Azərbaycanın vasitəçilər olmadan, birbaşa danışıqlarla əsir mübadiləsi aparması iki ölkə arasında sülh sazişinin imzalanması prosesini sürətləndirəcək.

Bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Ekspert bildirib ki, Azərbaycanla Ermənistan arasında son 30 ildə görünməyən hadisə baş verdi:

“İlk dəfədir ki, Azərbaycanla Ermənistan beynəlxalq platformada bir-birini dəstəkləyəcəklər. Razılaşmanın əldə olunması həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində pozitiv qarşılandı. Bu, çox müsbət haldır”.

F.Məmmədovun sözlərinə görə, danışıqlarla razılaşmanın əldə olunması iki ölkə arasında sülh danışıqları prosesində vasitəçilər olmadan da razılığın əldə olunmasına zəmin yaradır:

“Azərbaycan öz ərazilərində suverenliyini təsdiq edib, Ermənistan da ərazilərimizin bütövlüyünü tanıdığını bəyan etdiyindən dövlətlərarası münasibətlərin sülh və əməkaşlığa keçilməsi üçün yeni imkanlar yaranıb. Hərbçilərin qarşılıqlı dəyişilməsi ilə bağlı vasitəçilərin iştirakı olmadan razılığın əldə olunması Azərbaycanla Ermənistan arasında münasibətlərin formalaşmasında yeni bir səhifənin açıldığından xəbər verir”.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.

Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Mənbə: axar.az