Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər

Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər<span class="qirmizi"></span>

Rusiyanın Ukraynaya qarşı müharibəsindən əvvəl Avropa Birliyinin (Aİ) üzvü olan Finlandiya və İsveç NATO ilə sıx əməkdaşlıqda olsalar da, Alyansa daxil olmaq barədə çox düşünmürdülər. Finlandiya siyasətçiləri NATO-ya isti münasibət bəsləsələr də, ictimaiyyətdən çəkindiklərinə görə üzvlük prosesinə gedən yolu sürətləndirmədilər. Ta ki, Rusiyanın Ukraynaya hücumuna qədər…

Bu hücum Skandinaviya ölkələrinin NATO-ya baxışını dəyişdi. Finlandiyada siyasətçilər və ictimaiyyət demək olar ki, NATO mövzusunda birləşdi. Çünki Helsinki NATO-ya üzv olmaqla təhlükəsizlik problemlərini həll etməyi hədəfləyir. İsveçdə isə vəziyyət fərqlidir. Finlandiya NATO-ya daxil olarsa, İsveç NATO-da olmayan yeganə Skandinaviya ölkəsi olaraq qalacaq və bu, onu Rusiya üçün “asan yem”ə çevirəcək. Məhz buna görə də Stokholm administrasiyası Finlandiyanın NATO-ya tam üzvlüklə bağlı müraciətini əsas gətirərək, Alyansa namizəd olmağı hədəfləyir.

Finlandiya NATO-ya üzv olmaq üçün bir çox dəyişikliklərə, xüsusən də nüvə siyasətinə məruz qalır. İsveç isə NATO-ya üzvlüyə bir şans kimi baxır.

Bununla belə, Türkiyənin də NATO-ya üzv ölkələr sırasında olduğu unudulmamalıdır. Rəsmi Ankara separatçı terror təşkilatı PKK və onun Suriya və İraqdakı uzantılarından ciddi narahatdır. İsveç isə dünənə qədər bu narahatlıqlara qulaq asmırdı. Bu ölkənin müdafiə naziri Peter Hultqvistin PKK-nın Suriya qolu PYD/YPG ilə yaxınlığı da bu laqeydliyə ən yaxşı misal ola bilər.

Vaxtilə İsveçin Ankaradakı səfiri ölkəsinin PKK, PYD, YPG kimi terror təşkilatları ilə əlaqələri və bu təşkilatların qadın qolları adlandırılan qurumlarla bağlı Helsinkidə keçirdiyi görüşlərə görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdı.Türkiyə Stokholm və Ankarada bağlı qapılar arxasında İsveçə xəbərdarlıq etsə də, Stokholm rəhbərliyi bu narahatlıqları çox da ciddi qəbul etməmişdi.

Təbii ki, Rusiyaya qarşı təhlükəsizlik problemləri olan İsveçin üzv olmağa çalışdığı bir təşkilatın üzvünün təhlükəsizlik məsələlərinə əhəmiyyət verməyərək, ratifikasiya tələb etməsi, son dərəcə maraqlı bir yanaşmadır. Ancaq təadüfə baxın ki, İsveçin NATO-ya üzv olmaq üçün müraciəti ABŞ-ın YPG-nin işğal etdiyi ərazilərdə kənd təsərrüfatı və tikinti sahələri üçün sanksiyalar tətbiq etdiyi dövrə təsadüf edir. İki hadisə arasında heç bir əlaqə yoxdur, amma Ankaranın həssaslığı təbii olaraq artıb. Əgər Türkiyə İsveçlə müttəfiq olacaqsa, o zaman İsveç hökuməti NATO müttəfiqliyinin 5-ci maddəsinə əsasən öz əsgərlərinin Türkiyə üçün də ölməyə hazır olduqlarını göstərməli, müttəfiqə qarşı fəaliyyət göstərən terror təşkilatına dəstək verməməlidirlər.

Ancaq digər bir tərəfdən, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıqla yanaşmaması, həm də bölgədə bir növ balansı qoruma kimi də dəyərləndirilə bilər. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə məlumatların rəsmi Moskvanı bərk narahat etməsi və hər gün Rusiya XİN, eyni zamanda Putinin “hərbi qarşılığını görərlər” təhdidi, görünür, bu üzvlük məsələsinin ciddi şəkildə böyük problemlərə qapı açacağından xəbər verir. İndi ortada üç seçim var: ya NATO Rusiyanın hədələrinə baxmayaraq, bu iki ölkəni üzvlüyə alacaq, ya Rusiyanın bu aqressiv və emosional davranışlarından çəkinib, üzvlük məsələsini qeyri-müəyyən vaxtadək təxirə salacaq, ya da Üçüncü Dünya müharibəsinə “xoş gəldin” deməli olacağıq. Bu həssas məqamda Türkiyənin öz “veto” haqqından istifadə etməsi isə yuxarıdakı üçüncü qorxulu ehtimala qapı bağlamaq hesab oluna bilər. Əslində, bir mənada Türkiyə İsveç və Finlandiyanı ciddi bir bəladan xilas edir. Həmçinin, bütün dünyanı da...

Mətin Şükürlü, Bizimyol.info

Mənbə: www.bizimyol.info