Azərbaycan və Qazaxıstan parlamentlərinin vitse-spikerləri arasında görüş keçirilib

 

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Milli Məclis sədrinin müavini, Qazaxıstanla Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini, Azərbaycanla parlament dostluq qrupunun rəhbəri Balaim Kesebayeva ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Adil Əliyev ölkələrimizin tarixi əlaqələrindən danışaraq, bu münasibətlərin yüksələn xətlə inkişaf etməsinin hər iki ölkənin mənafeyinə uyğun olduğunu qeyd edib. Bildirib ki, dostluq münasibətlərinin inkişafında və möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlıq mühüm yer tutur.

Azərbaycanın 30 il ərzində işğal altında qalmış tarixi torpaqlarının azad edilməsinə toxunan sədr müavini, bu Qələbədən sonra regionda yaranmış yeni vəziyyət barədə danışıb. Adil Əliyev ölkəmizin hər zaman sülh mövqeyindən çıxış etdiyini bildirərək, Ermənistandakı bəzi dairələrin bu sülhdən narahat olduğunu və hər vəchlə buna mane olmağa cəhd etdiyini bildirib. Eləcə də ölkəmizin ərazisinin minalarla ən çox çirkləndirilmiş bölgələrdən biri olduğunu deyən sədr müavini, Azərbaycanın bu sahədə ən az yardım alan ölkələrin sırasında olduğunu qeyd edib. O bildirib ki, Ermənistanın mina xəritələrini tam təqdim etməməsi səbəbindən mülki şəxslər və hərbçilər bu minaların qurbanına çevrilir və ya xəsarət alırlar.

Adil Əliyev diqqətə çatdırıb ki, bütün bunlara baxmayaraq, uzun illər işğal altında qalmış və dağıdılmış tarixi Azərbaycan torpaqlarında aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sayəsində bu yerlərə yeni nəfəs gəlib.

Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayeva səmimi görüşə görə minnətdarlığını bildirərək, iki qardaş dövlət arasında dostluğun daha da dərinləşməsindən məmnunluğunu ifadə edib. O, müxtəlif istiqamətlərdə olan əməkdaşlıq münasibətlərimizin ölkələrimizə töhfə verdiyini qeyd edib, istər ikitərəfli, istərsə də beynəlxalq miqyasda hər iki ölkənin bir-birinə dəstək verməsinin dostluğumuzun simvolu olduğunu qeyd edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

Görüşdə Milli Məclisin deputatları, Qazaxıstanla parlamentlərarası işçi qrupunun üzvləri Sadiq Qurbanov, Sevinc Hüseynova və Anar Məmmədov da iştirak ediblər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan "Avroviziya"da iştirak etməsə... - Faiq Ağayevdən mövqe

SONRAKI XƏBƏR

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA