Erməni əsilli rus vətəndaşlar İrəvana axışır, Ermənistan onları etnik ruslar kimi təqdim edir...

Erməni əsilli rus vətəndaşlar İrəvana axışır, Ermənistan onları etnik ruslar kimi təqdim edir...<span class="qirmizi"></span>

Əhəd Məmmədli: “Zorla özlərinə başqa millətlərə dözümlə yanaşan tolerant bir ölkə imicini yapışdırmaq istəyirlər”

Rusiya Statistika Komitəsi 2022-ci ilin ilk üç ayı ərzində vətəndaşlarının sərhədi keçməsi ilə bağlı statistikanı açıqlayıb. İlk üç ayda Rusiyadan Ermənistana 134 min, Gürcüstana 38 min, Qazaxıstana 205 min nəfər gəlib.

Rusiya sərhəd xidmətləri bu ilin yanvar-mart aylarında xeyli sayda vətəndaşın ölkəni tərk etdiyini etiraf edib. Rusiya tərəfinin məlumatına görə, Gürcüstana vətəndaş axını 5 dəfə, Ermənistana isə 3 dəfə artıb. Qeyd olunur ki, 38 min Rusiya vətəndaşı Gürcüstanla Rusiya arasında yeganə quru sərhədi olan Yuxarı Larsdan keçib. Onlardan 28 mini səfərin məqsədini “özəl” adlandırıb. Maraqlıdır ki, 2021-ci ilin birinci rübündə göstərici cəmi 8 min olub.

Diqqətəlayiqdir ki, mart ayından təşkilat ən azı 300 min vətəndaşın Rusiyanı tərk etdiyini bildirib. Onların gəlişi üçün ən çox üstünlük verilən istiqamətlər Gürcüstan, Ermənistan və Türkiyə olub.

Biz görürük ki, əhalinin Rusiyadan kütləvi üz tutduğu ölkələr sırasında yalnız Ermənistanın adı qeyd edilmir. Ancaq maraqlıdır ki, Ermənistan yaranmış bu vəziyyətdən də öz piar məqsədi üçün istifadə edir. Belə təqdim edir ki, güya Rusiyadan Ermənistana təşrif buyuranların böyük əksəriyyəti milliyyətcə rus olanlardı. Əslində isə onların hamısı Rusiyada yaşayan erməni əsilli şəxslərdi.

Ermənistan belə saxta təbliğat aparmaqla hansı məqsədi güdə bilər?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada iki məqsəd var:

“ Biz bilirik ki, iqtisadi vəziyyətin dözülməzliyi səbəbindən əhali Ermənistanı kütləvi şəkildə tərk edib. Bu amil 44 günlük müharibədən sonra daha da gücləndi. Bütün ümidlərini itirən ermənilərin daha çox üz tutduqları ölkə Rusiya idi. Onlar bilmirdilər ki, Rusiyanın özündə də vəziyyət çətinləşə bilər. Hazırda Ukrayna ilə müharibə vəziyyətinə görə Rusiya ağır sanksiyalar altında yaşayır. İqtisadiyyatda ciddi problemlər yaşanır. Bu səbəbdən də, əsasən ölkəyə dolanışıq üçün gələn miqrantlar oranı kütləvi tərk edir. Hazırda Ermənistana gedənlərin mütləq əksəriyyəti erməni əsilli Rusiya vətəndaşları və işləməyə gedən miqrantlardı. Ancaq biz görürük ki, ermənilər bu vəziyyətdən də öz xeyirləri üçün istifafə etməyə çalışırlar. Ölkəyə Rusiyadan axın edənləri rus kimi qələmə verirlər. Bununla Ermənistan, güya özünün cəzbedici ölkə olduğu haqda təsəvvür yaratmaq istəyir. Faktiki olaraq, Ermənistan monoetnik ölkədir. Zorla özlərinə başqa millətlərə dözümlə yanaşan tolerant bir ölkə imicini yapışdırmaq istəyirlər. Başqa bir amil isə son vaxtlar həm də Qarabağda ermənilərin rus icması kartını qabartmasıdır. Bugünlərdə belə məlumat yayıldı ki, Araik Arutyunyan Xankəndidə “rus icmasının rəhbəri” Aleksandr Bordovun başçılıq etdiyi "rus icması" nümayəndələrini qəbul edib.

Bu addım Rusiyanın Qarabağdakı "icma" sevdasını gündəmə gətirir. Separatçılar “rus icması” və “rus dili” üzərindən gələcək mövcudluqlarının Moskvanın təminatı altına alınmasına çalışır.

Rusiya "icma" məsələsindən bütün dünyada istifadə edir. Ukraynada da, guya bir çox hallarda rusdillilərə qarşı ayrıseçkiliyin olması ilə bağlı mövqe bildirir. Digər ölkələrdə də "rus icması"nın müdafiəsi üçün siyasi, iqtisadi, bəzən hərbi müdaxiləyə cəhd göstərir. Ona görə, ehtiyat variant kimi "rus icma"sı məsələsi Ermənistanda da gündəmə gətirilir. Regionda və Azərbaycana təsir imkanlarını saxlamaq istəyir. Lakin məntiqsizdir. Hətta Dumada belə, nəinki rus kökənli, eyni zamanda rusdilli əhaliyə avtomatik vətəndaşlıq alma haqqında qərarı təsdiqləyir. Ona görə ölkəmiz diqqətli davranmalı, qabaqlayıcı tədbirlər görməlidir. Bu baxımdan da, bu məsələyə həm Rusiya, həm də Ermənistanın birgə marağı kimi qiymət vermək olar”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com