Çin COVID-19 virusu ilə mübarizə üçün daimi xəstəxanalar inşa edəcək

 

Pekin, 17 may, AZƏRTAC

Çin COVID-19 virusu ilə uzunmüddətli mübarizə üçün daimi xəstəxanalar, müvəqqəti karantin mərkəzləri və test məntəqələri inşa etməyi planlaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin direktoru Ma Siavey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nəşri olan “Çiuşi” jurnalında ölkənin COVID-19 virusu ilə mübarizəsinə həsr olunan məqaləsində qeyd olunur. Daimi əsasda fəaliyyət göstərəcək xəstəxanaların, karantin mərkəzlərinin və test məntəqələrinin inşasından məqsəd ölkənin virusla bağlı qabaqlayıcı və nəzarət potensialını gücləndirməkdir.

Məqalədə qeyd olunur ki, Çin COVID-19 virusu ilə bağlı monitorinq mexanizmlərini tənzimləyəcək və həftəlik koronavirus testləri təşkil edəcək. Bunun üçün laboratoriyaların sayı çoxaldılacaq.

Qeyd edək ki, bütün dünyada olduğu kimi Çində də COVID-19 pasiyentləri müxtəlif təyinatlı tibb müəssisələrində, modul tipli xəstəxanalarda, müvəqqəti karantin yerlərində yerləşdirilir. Çində epidemiya ilə mübarizə dövründə onlarla xəstəxana digər xəstələrin qəbulunu dayandıraraq, yalnız COVID-19 pasiyentlərinin müalicəsi ilə məşğul olub. Bu da öz növbəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müayinə və müalicəsində çətinliklər yaradıb. Hətta xəstəxanaların ağır vəziyyətdə olan pasiyenti qəbul etməməsi səbəbindən bir neçə ölüm halı da qeydə alınıb.

Daimi COVID-19 xəstəxanalarının inşası nəticəsində həmin problemin aradan qalxacağı güman olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyə ilə istənilən problemi həll etməyə hazırıq” - İsveç Baş naziri

SONRAKI XƏBƏR

"Bergen"in gəliri 160 milyona çatır