Ermənistan anklav kəndlərimizi qaytarmaqdan rəsmi imtina edir...

Ermənistan anklav kəndlərimizi qaytarmaqdan rəsmi imtina edir...<span class="qirmizi"></span>

Məhəmməd Əsədullazadə: “Bu, faktiki olaraq Ermənistanın işğalı davam etdirməsi deməkdir”

Ermənistan 1992-94-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı erməni ordusunun işğal etdiyi Azərbaycan anklavlarının qaytarılması niyyətilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına rəsmi səviyyədə cavab verib.

Qeyd edilib ki, Azərbaycanın anklavları tələb etmək üçün heç bir hüquqi əsası yoxdur, Azərbaycan xarici işlər nazirinin müavininin bəyanatı isə heç bir hüquqi sənədə əsaslanmayıb. İrəvan Ermənistan ərazisindəki hər hansı anklavla bağlı Bakıdan hüquqi əsaslandırma və ya hüquqi sənədlər almayıb. "Müxtəlif xəritələr dərc olunub, lakin çox mühüm bir hal var: tərəflərdən birinin dərc etdiyi xəritə ərazinin bu və ya digər tərəfə məxsus olmasına qanuni əsas deyil. İstənilən xəritə hüquqi sənədə əsaslanmalıdır".

Bundan əlavə, qeyd edilib ki, İrəvanın “Azərbaycan ərazisindəki anklavlara” hüquqi əsasları var. Erməni tərəfi bu “əsasları” Azərbaycanla danışıqlar zamanı təqdim edəcək. Həmçinin İrəvan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra nəzarətə götürdüyü ərazilərdən silahlı qüvvələrini çıxarmasını tələb etməkdə davam edir.

Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, Ermənistan anklav kəndlərimizi geri qaytarmaqdan rəsmən imtina edir.

“Strateji əhəmiyyətli yollar anklav kəndlərdən keçdiyi üçün İrəvan güzəştə getmək istəmir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın anklavlarla bağlı Azərbaycana güzəştə getməməsi İrəvanın kompromislərdə maraqlı olmamasından xəbər verir: “Bu, faktiki olaraq Ermənistanın işğalı davam etdirməsi deməkdir. Halbuki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiya prosesi çərçivəsində Qazaxın 7 kəndini və Kərkini Azərbaycana qaytarmalıdır. Ancaq göründüyü kimi, Nikol Paşinyan daxili təzyiqlərdən çəkinərək bu məsələdə taym-aut götürməyə çalışır. Bütün hallarda Ermənistanın sərgilədiyi siyasətin heç bir hüquqi əsası yoxdur. Çünki Prezident İlham Əliyev bu günlərdə bəyan etdi ki, Ermənistanla sərhədlər müəyyən edilərkən 1918-ci ilin xəritələri də əsas götürülməlidir. Bütün bunlar isə o qənaətə gəlməyə əsas verir ki, hüquqi baxımdan istər anklavlar, istərsə də digər məsələlər Azərbaycanın xeyrinədir. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyalar fəaliyyətə başlayandan sonra anklavlar Azərbaycana qaytarılmalıdır. Ermənistanla Gürcüstanı birləşdirən strateji əhəmiyyətli yol Qazaxın anklav kəndlərindən keçir. O cümlədən, İrəvandan Zəngəzura gedən yol Kərkidən keçir. O üzdən, Ermənistan bütün vasitələrlə çalışır ki, bu kəndləri Azərbaycana verməsin. Ancaq nəzərə alsaq ki, hüquqi baxımdan bir sıra məsələlər Azərbaycanın xeyrinədir və üstəlik biz qalib tərəfik, gec-tez Ermənistan güzəştə getməyə məcbur olacaq. Davamlı olaraq qeyri-konstruktiv mövqe sərgiləyə bilməyəcək. Ona görə ki, tarixən həmin ərazilər Azərbaycana məxsus olub”.

Bir sözlə, politoloq hesab edir ki, Ermənistan Azərbaycana məxsus anklavları tərk etməlidir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com