NATO Türkiyənin şərtlərini qəbul edəcəkmi?...

Emin Həsənli: “ABŞ və NATO rəhbərliyi bu tələbləri nəzərə almasa, itirən də onlar olacaq”

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün tələblər irəli sürəcəyi ehtimalı artmaqdadır. Türkiyənin aşağıdakı şərtlər daxilində hər iki ölkənin NATO-ya daxil olmasına etirazını geri çəkəcəyi iddia edilir:

- İsveç və Finlandiya tərəfindən PKK və törəmələrinin terror təşkilatı elan edilməsi;

- Silah embarqosunun ləğvi;

- F-35 ilə bağlı proqrama yenidən daxil olmaq;

- F-16 qırıcılarının yeni alış paketinin təsdiqi;

- S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı sanksiyaların götürülməsi.

Türkiyənin bu şərtlərinin qəbul edilmə ehtimalı varmı?

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, uzun müddətdir Türkiyəyə qarşı ikili standartlar davam edir: “Terror təşkilatlarını silahlandırıb, onlara maliyyə yardımları edirlər. PKK, YPG və FETÖ kimi terror təşkilatlarına maliyyə buraxanlar adıçəkilən ölkələrdə sərbəst fəaliyət göstərə bilirlər. Türkiyə isə, pulunu verdiyi halda belə, hələ də F-35 təyyarələrini ala bilmir. Çox böyük ədalətsizlik və ikili standartdır. Türkiyə NATO-nun ən böyük müttəfiqidir. Bu ölkə Şimali və Cənubi Koreya müharibəsində yüzlərlə şəhid verib. Türkiyə sovetlər birliyinin qarşısını alan ən böyük NATO səddi olub. Yəni öz müttəfiqlik missiyasını hər zaman layiqincə yerinə yetirib. Təəssüflər olsun ki, bu qarşılıqlı müttəfiq öhdəliklərini NATO yerinə yetirməyib. Bu yanlışlıqlardan biri də S-400-lərin alınma səbəbilə bağlıdır. Türkiyə neçə dəfə hava hücumundan müdafiə sistemlərinə aid “Patriot” raketlərini istəsə də, ABŞ onu vermədi. Türkiyə də məcbur olub, həmin sistemləri Rusiyadan aldı. Hətta buna görə də Türkiyəyə etiraz etdilər. Bu baxımdan da Türkiyə haqlı olaraq belə tələb irəli sürür. Son vaxtlar Ərdoğanın rəhbərliyi ilə Türkiyə tam müstəqil siyasət yeridir. Bütün bu addımlar Türkiyənin milli maraqlarına tam uyğundur. Biz bunu Rusiya-Ukrayna müharibəsi zamanı da gördük. Bu məsələdə də Türkiyə çox haqlıdır. Hesab edirəm ki, Türkiyə irəli sürdüyü tələblərə dair qərarların qəbuluna nail olacaq. Yəni NATO-nu buna məcbur edəcək. Gec-tez NATO bu şərtləri qəbul etməyə məhkumdur. NATO-nun Türkiyəsiz Yaxın Şərq, Qafqaz və Afrikada hansısa prosesi həyata keçirməsi qeyri-mümkündür. Türkiyə bölgənin ən qüdrətli və nüfuzlu ölkəsi halına gəlib. ABŞ və NATO rəhbərliyi bu tələbləri nəzərə almasa, itirən də onlar olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

“Bu halda Türkiyə NATO-da veto hüququndan istifadə etsin” - Rüstəm Məmmədov

SONRAKI XƏBƏR

"Qurd Qapısı" qalmaqalı: restoran müğənnini bağışlayıb, amma...