Türkiyənin silah istehsalı Qərb qüvvələrini qorxuya salır – - Yücel Karauzdan ÖZƏL AÇIQLAMA

Türkiyənin silah istehsalı Qərb qüvvələrini qorxuya salır – - Yücel Karauzdan ÖZƏL AÇIQLAMA<span class="qirmizi"></span>

"ABŞ Türkiyəni yenidən özündən asılı hala salmaq istəyir".

 

Bu fikri Ednews-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Blinken-Çavuşoğlu görüşünə münasibət bildirərəkən deyib.

 

Sabiq generalın fikrincə, NATO Ukrayna-Rusiya savaşı baş verənə qədər ölü bir təşkilat idi:

 

"Şərqi Avropada müharibə başlayan kimi NATO təhlükəsizlik təşkilatı kimi dəyərə mindi. Hər kəs bilir ki, NATO ABŞ-nin idarə etdiyi qurumdur. Amerika silah satışını edib mənfəət əldə etmək üçün təşkilatdan istifadə edir.

Bundan bir neçə il öncə Türkiyə müdafiə sənayesi məsələsində ABŞ-dən asılı idi. Təyyarələrimiz, tanklarımız, helikopterlərimiz hamısını bu ölkə vasitəsilə əldə etməyə çalışırdıq. Lakin son 5 ildə Amerikadan etdiyimiz idxalı 70% azaltdıq. Ölkəmiz 20 illik yatırımların nəticəsində müdafiə sənayesini milliləşdirdi. Bununla da bağlılıq azaldı. ABŞ-nin əsas məqsədi Türkiyəni yenidən asılı hala salmaqdır. Bu səbəbdən siyasi, iqtisadi və müdafiə sənayesi sahəsində sanksiyalar tətbiq edir. Bundan sonra asılılığın olması qeyri-mümkündür".

 

Yücel Karauz qeyd edib ki, Türkiyəni qərarından döndərmək çətin olacaq:

 

"Görüşdə Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsinə də toxunulub.Türkiyə ciddi mövqe nümayiş etdirdi. Finlandiya və İsveç PKK, PYD kimi terror qruplaşmalarına ev sahibliyi etdikləri müddətdə veto götürülməyəcək. Qərb ikili siyasət yeritməyə davam edir. Onlar həm Türkiyəni təhdid edirlər, həm də təkliflərlə vetonu götürməyini istəyirlər. Onlar bilməlidirlər ki, terrorçular təslim olmasa, veto götürülməyəcək. Qeyd etmək istəyirəm ki, ABŞ, Yunanıstan, Almaniya kimi NATO ölkələri terrorçulara silah dəstəyi verirlər. Türkiyə İsveç və Finlandiyaya veto qoymaqla, bu dövlətlərə öz mövqeyini bildirir. Bununla da beynəlxalq qanunlara riayət etməyin vacibliyini vurğulayır".

 

Eks hərbçi görüşdə Ukrayna-Rusiya məsələsinə də toxunulduğunu qeyd edib:

 

"Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibədən də söz açılıb. Türkiyə münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Həmçinin hər iki ölkənin torpaq bütövlüyünü dəstəkləyir. Lakin Qərb dövlətləri, xüsusilə ABŞ münaqişənin sülhə doğru irəliləməsində Türkiyənin vasitəçiliyini dəstəkləmir".

 

Qeyd edək ki, mayın 18-i ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib. Onlar Türkiyəyə müdafiə sənayesi məhsullarının çatdırılması, Ukraynadakı vəziyyət, Ermənistanla normallaşma, Suriya və Liviyadakı vəziyyətlə bağlı müzakirə aparıblar.

 

Xanlar Əlibəy

Eurasia Diary

Mənbə: ednews.net