Uzanan Ukrayna müharibəsi fonunda NATO və AB-də çatlaqlar... Ümumavropa evində parçalanma ola bilər?

Axı Rusiyaya ərazi güzəşti heç də Avropaya sülh və təhlükəsizlik vəd etmir...

 

Siyasi-şərhçi: “Artıq Avropanın yüksək vəzifəli məmurları da etiraf edirlər ki, onlar Rusiyaya qarşı olan sanksiyalar fəaliyyətlərində maksimuma çatıblar”.

“Fransa prezidentinin təklifi müharibədən əvvəl baş vermişdi. Həm müharibədən öncə, həm də müharibənin ilk günlərindən Rusiyanın şərtləri var idi”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov uzanan Ukrayna müharibəsi bir çox ölkələrin milli və iqtisadi maraqlarına uyğun gəlmədiyinə görə NATO və Avropa Birliyində fikir ayrılıqlarının yaranmasını PİA.az-a şərh edərkən qeyd edib.

Finlandiya və İsveçin NATO-ya daxil olması üçün müraciət etməsi Şimal Alyansında fikir ayrılığı və parçalanma meylləri yaradıb. Türkiyədən sonra Xorvatiya da bu iki ölkənin NATO-ya daxil ola bilməsi üçün öz şərtlərini irəli sürüb. Digər tərəfdən artıq bir aya yaxındır ki, Avropa Birliyi Macarıstanın vetosuna görə Rusiyaya qarşı 6-cı sanksiya paketini qəbul edə bilmir.

Ukrayna prezidentinin ofisindən isə bildiriblər ki, Fransa və bir neçə başqa ölkə Putinin simasını qorumaq məqsədi ilə onlara Rusiyaya ərazi güzəşti etməklə müharibəni bitirmək təklifi olunur.

Uzanan Ukrayna müharibəsi bir çox ölkələrin milli və iqtisadi maraqlarına uyğun gəlmədiyinə görə NATO və Avropa Birliyində fikir ayrılıqlarının dərinləşməsinə və hətta ümumavropa evində parçalanmaya qədər inkişaf etməsinə ehtimal vermək olar? Ümumiyyətlə Ukrayna məsələsində Avropada belə bir yanaşmanın formalaşması hazırkı dönəmdə doğru strategiyadır? Axı Rusiyaya ərazi güzəşti heç də Avropaya sülh və təhlükəsizlik vəd etmir və gələcəkdə üçüncü müharibə üçün qapı açır?

Rusiya-Ukrayna müharibəsinin inkişaf edən nöqtəsini PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Avropanın hiyləsi ondan ibarətdir ki, atəşkəs imzalansa, Ukrayna rəsmən öz ərazilərində vaz keçmir. Digər tərəfdən Rusiya da həmin ərazilərə nəzarət edir”.

Bu gün Avropa və Qərbin bəzi liderlərinin sülh haqqında yox, atəşkəs haqqında düşündüklərini vurğulayan ekspert PİA.az-a bildirib ki, onlar hal-hazırkı vəziyyəti nəzarətə götürmək, daha sonra da Rusiya ilə danışıqlara başlamaq istəyirlər:

“Artıq Avropanın yüksək vəzifəli məmurları da etiraf edirlər ki, onlar Rusiyaya qarşı olan sanksiyalar fəaliyyətlərində maksimuma çatıblar. Yəni bu o deməkdir ki, artıq bundan sonrakı qərarların qəbulunda bir çox üzv ölkələrin veto hüququndan istifadəsi nəinki mümkündür, hətta gözləniləndir. Buraya Macarıstanı daxil etmək olar, həm də NATO məsələsində Türkiyə ilə Xorvatiyanın rolunu və s. daxil etmək olar.

Digər tərəfdən Ukraynaya dəstək verilməsi də gündəmdədir. Onlar çalışırlar ki, əllərində olan bütün resurslardan hal-hazırkı şəraitdə istifadə etsinlər. Bunlar ümumavropa evində parçalanmaya gətirib çıxarmayacaq. Onsuzda Rusiya təhlükəsi hamı üçün var. Sadəcə olaraq onlar hal-hazırkı vəziyyətdə və şəraitdə öz maksimumlarına artıq çatıblar və bundan sonrakı addımlar Avropa Birliyi ölkələrinə daha çox ziyan vurduğu kimi, həm də fikirbirliyinə ziyan vura bilər. Bu isə təbii ki, Avropa Birliyinin düşərgələrə bölünməsinə yol açar. Buna görə də Rusiya qarşı fəaliyyət artıq qəbul olunan sanksiyalarla yekunlaşa bilər. Bununla yanaşı Avropa Birliyindən Ukraynaya verilən dəstəyin həcmi çoxalacaq. Burada həm maliyyədən, həm də silahdan söhbət gedir.

Avropanın, ümumiyyətlə Qərbin Rusiyaya qarşı iki istiqamətdə fəaliyyəti var:

1. Sanksiyalar vasitəsi ilə çalışırlar ki, Rusdiyanı zəiflətsinlər;

2. Ukraynanı dəstəkləməklə Rusiyanın qələbsini mümkünsüz etmək.

Birinci istiqamətdə maksimuma çatıblar və bunu AB rəsmiləri artıq rəsmi şəkildə dilə gətiriblər. İkincisi istiqamətdə isə hələ imkanları var ki, iqtisadi, silah, siyasi dəstəklərini Ukrayna üçün davam etsinlər və bu yolla Rusiyanın müharibədə məğlubiyyətinə nail olsunlar.

Fransa prezidentinin təklifi müharibədən əvvəl baş vermişdi. Həm müharibədən öncə, həm də müharibənin ilk günlərindən Rusiyanın şərtləri var idi. Şərtlərdən biri də Krımı və Donbası tanımaq kimi məsələlər idi. Daha sonra isə Putinin simasının qorunması məsələsi ortaya çıxdı. Çünki Putin müharibəni dayandırmaq və hakimiyyətini Rusiya daxilində qoruyub saxlamaq üçün öz əhalisinə nə isə göstərməlidir.

Fərhad Məmmədov: “Putin müharibəni dayandırmaq və hakimiyyətini Rusiya daxilində qoruyub saxlamaq üçün öz əhalisinə nə isə göstərməlidir”.

Əlbəttə, bu mövqeyə görə Fransa rəhbəri həm Ukrayna tərəfindən, həm də Avropdan tənqidə məruz qalıb. Rəsmi Fransanın mövqeyi ondan ibarətdir ki, Avropa tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar öz nəticələrini vermədi. Yəni hakimiyyət parçalanmadı, Putinə qarşı sui-qəsd olmadı, iqtisadi böhran olmadı. Onların düşüncəsinə görə müəyyən sanksiyaların aradan qaldırılması hesabına Rusiya haradasa dayandırmaq olar.

Əsas məsələ isə ondan ibarətdir ki, bu gün Avropa və Qərbin bəzi liderləri sülh haqqında yox, atəşkəs haqqında düşünürlər ki, hal-hazırkı vəziyyəti nəzarətə götürsünlər. Daha sonra da Rusiya ilə danışıqlara başlasınlar. Atəşkəsə nail olmaq üçün də, nə Ukraynadan, nə də Rusiyadan güzəşt lazım deyil. Sadəcə olaraq münaqişən hərbi müstəvidən siyasi-diplomatik müstəviyə keçmək lazımdır.

Buna görə də belə maksimalist şüarlar səsləndirilir ki, Ukrayna qələbə çalmalıdır. Eyni zamanda şüarlarda deyilir ki, Avropa və Qərb sona qədər Ukraynaya dəstək verəcək. Onlar bununla Rusiyanı qorxutmaq istəyirlər. Çünki müharibənin gedişatında bir dönüş yaratmaq istəyirlər.

Avropanın hiyləsi ondan ibarətdir ki, atəşkəs imzalansa, Ukrayna rəsmən öz ərazilərində vaz keçmir. Digər tərəfdən Rusiya da həmin ərazilərə nəzarət edir. Belə bir vəziyyəti yaratmaqla Avropa bu çıxılmaz vəziyyətdən heç olmasa, atəşkəs kimi bir variantın da üzərində dayanır”.

Nərminə UMUDLU
pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Lənkəran kəndlərini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO

SONRAKI XƏBƏR

Baydenin Şərqi Asiyaya səfəri başlayıb