Erməni partiya rəhbəri: “Məgər müstəntiq Paşinyanı dindirmək üçün özündə güc tapacaq?”

Erməni partiya rəhbəri: <span class="qirmizi">“Məgər müstəntiq Paşinyanı dindirmək üçün özündə güc tapacaq?”</span>

44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçuların valideynləri Ermənistan İstintaq Komitəsinin binası qarşısında toplaşsalar da, binaya buraxılmayıblar. Ordu.az xəbər verir ki, komitənin nümayəndəsi erməni hərbi qulluqçuların valideynlərinin içəri girə bilməyəcəyini bildirib.

Ermənistanın “Oyanış” partiyasının rəhbəri, ölkənin Vəkillər Palatasının sabiq sədri Ara Zöhrabyan jurnalistlərə açıqlamasında xatırladıb ki, həm Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Hakobyanın bəyanatları ilə bağlı, həm də 2020-ci il dekabrın 22-də 430 vəkilin hesabatı əsasında açılmış cinayət işi var.

“Bu işlər bir prosesdə birləşdirilib. Ancaq, təəssüflər olsun, fakt odur ki, həmin işlər üzrə heç nə edilməyib. Yalnız aprelin sonunda zərərçəkənlərin valideynləri Baş Prokurorluqdan narazılıqlarını bildirəndən sonra işin icraatına başlanılıb”, - deyə Zöhrabyan qeyd edib.

O bildirib ki, hər kəsin vəzifəsi həqiqəti üzə çıxarmaq, müharibənin nədən qaynaqlandığını, erməni hərbi qulluqçuların niyə öldüyünü öyrənməkdir.

“Prokurorluq işi istintaq orqanına göndərib, istintaq fəaliyyətinin aparılmasına göstəriş verib, lakin Nikol Paşinyan indiyədək dindirilməyib. Məqsədimiz Paşinyanın nə vaxt dindiriləcəyini, müstəntiqin onu dəvət etmək və dindirmək üçün özündə bu qədər güc tapıb-tapmayacağını öyrənməkdir”, - deyə Zöhrabyan əlavə edib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi məsələsi təxirə salınıb, onun həbsi ilə bağlı vəsatət rədd edilib.

Mənbə: ordu.az