Ermənistan təslim oldu: Paşinyana inanmaq olar? - GƏLİŞMƏ

Ermənistan təslim oldu: Paşinyana inanmaq olar? - GƏLİŞMƏ<span class="qirmizi"></span>


44 günülük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə Ermənistanı kapitulyasiyaya məcbur etdi.
10 noyabr üçtərəfli Bəyanatının bəndələri bunu deməyə əsas verir. Bəyanatın əsas maddələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı idi ki, Ermənistan bundan yayınmağa çalışırdı.
Nəticə isə hər zaman olduğu kimi, yenə də Azərbaycanın istəyinə uyğun oldu. Belə ki, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib. Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.
Bu, o deməkdir ki, Azərbaycan istəyinə nail oldu və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yerinə yetirməyə məcbur olur. Teref.az-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan təzyiq gördükcə, güzəştə getməyə məcbur olur:
“Baş verən hadisələrdən bizim strateji əməkdaşımız olan Türkiyənin xəbərinin olması müsbət haldır. Brüssel görüşündə dəhlizin açılması barədə razılıq əldə olunub. Bundan əvvəl də bu məsələ gündəmdə idi, o zaman da Ermənistan tərəfi öhtəlik götürmüşdü. Amma maraqlı olan o idi ki, bu dəfə də proseslər Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında cərəyan edir. Çünki Ermənistanın 5+1 təklifi var, amma o təkliflər masaya gəlib çıxmadı. Amma hər halda Ermənistan tərəfi Baş nazirin, Azərbaycan tərəfi isə Baş nazirin müavininin rəhbərlik edəcəyi komissiya yaradıb. Bütün bunlar müsbət haldır, amma hələ məsələnin həlli demək deyil. Delimitasiya ilə bağlı da razılıq əldə olunub, bu da uzunçəkən məsələdir. Dəhlizin açılması ilə bağlı razılığın alınması, komissiyaların yaradılması müsbət haldır. Amma narahatverici məqam odur ki, ermənilər hər dəfə razılıq verir, sonra işi uzadırlar. Məsələn, Ermənistan Baş nazirinin müavini Kasprşiklə görüşüb və deyib ki, məsələlərin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin tərəfdarıdırlar. Bütün hallarda Ermənistan təzyiq gördükcə, güzəştə gedəcək. Əks halda vaxtı uzadacaq. Nə Paşinyana, nə onun komandasına, nə də erməni müxalifətinə inanmaq olar. Onların məqsədləri, fikirləri fərqlidir. Amma bütün hallarda Azərbaycan təzyiqləri artırmalıdır”.

Mənbə: teref.az