Kreml Paşinyana çevriliş mesajı verdi


Brüssel görüşü Rusiya siyasi dairələrində olduqca ciddi narahatlıq doğurub. Kreml bu görüşün məhz Rusiyanın əleyhinə yönəlmiş geopolitik prosesin tərkib hissəsi olduğu qənaətindədir. Və bu prosesin ümumiyyətlə, pozularaq bloklanmasında birbaşa maraqlıdır.
Maraqlıdır ki, Brüssel görüşünün sona çatmasından dərhal sonra Rusiya hərəkətə keçib. Hazırda Kreml Brüssel prosesinə qarşı bir neçə istiqamət üzrə sərt reaksiya verməyə başlayıb. Üstəlik, Ukrayna savaşında üzləşdiyi vəziyyət imkan verəcəyi təqdirdə, Rusiyanın daha kəskin addımlar ata biləcəyi də qətiyyən istisna deyil.
Hazırda diqqəti çəkən əsas məqamlardan biri odur ki, Rusiya mətbuatı və rus propoqandistlər Brüssel görüşündə əldə olunan nəticələri açıq şəkildə əhəmiyyətdən salmağa çalışırlar. Əsas arqumenlərdən biri isə Azərbaycan və Ermənistan arasında olan problemlərin Rusiyanın iştirakı olmadan həllinin qeyri-mümkünlüyü ilə bağlıdır. Hətta problemin həlli üçün hər iki tərəfə Brüsseldən uzaqlaşıb, yalnız Rusiya ilə müzakirələr aparmağa yönəlik çağırışlar edilir.
Kremldə Brüssel prosesinin ifrat qıcıqla qarşılandığını Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşdən dərhal sonra həm Azərbaycan, həm də Ermənistandan olan həmkarları ilə təmas qurması da təsdiqləyir. S.Lavrov hər iki xarici işlər naziri ilə Brüssel görüşünün nəticələrinin müzakirə edib. Yəni, Brüsseldə əldə olunan anlaşmalar barədə daha dəqiq məlumatlar almağa çalışıb. Və üçtərəfli anlaşmaları yenidən gündəmə gətirməklə, Rusiyanın əsas vasitəçi olduğunun mesajı verilib.
Təbii ki, Rusiya xarici işlər nazirinin bu davranışları Ermənistan və Azərbaycana dolayısı ilə təzyiq xarakteri daşıyır. Kreml hər iki tərəfə mesaj verməyə çalışır ki, Brüsseldə hansı anlaşmaların olmasına baxmayaraq, Azərbaycan və Ermənistan arasında bütün məsələlərin taleyi Rusiyaya bağlıdır. Ona görə də, ABŞ və Qərbə güvənmək və ya Brüssel prosesini davam etdirmək tamamilə mənasızdır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya Azərbaycan və Ermənistana təzyiqlər göstərmək üçün daha praktik addımlar da atmağa çalışır. Belə ki, Brüssel görüşündən sonra Ermənistanda revanşist müxalifət yenidən radikallaşdı. Bütün əlamətlər onu göstərir ki, revanşistlərin aqressivlik səviyyəsində radikallaşmasının arxasından Rusiya boylanır. Yəni, Kreml revanşist Qarabağ klanına yenidən hərəkətə gəlmək təlimatı vermiş kimi görünür.
Məsələ ondadır ki, revanşist erməni müxalifəti yenidən Ermənistanda iğtişaşlar törətməyə cəhd göstərir. Bu düşərgənin təmsilçiləri Paşinyan hakimiyyətini satqınlıqda suçlayırlar. Onlar hesab edirlər ki, baş nazir Nikol Paşinyan Brüssel görüşlərində “artsaxı” Azərbaycana təhvil verib.
Ermənistan XİN binasına daxil olmağı bacaran revanşistlər Bu qurumun təçsilçilərindən “artsax”ın heç vaxt Azərbaycanın tərkibində olmayacağının bəyan olunmasını tələb edirlər. Üstəlik, Ermənistanın XİN binası mühasirəyə alınaraq, giriş-çıxış bloklanıb. Və bu, Paşinyan hakimiyyətinə qarşı açıq təhdid aksiyası hesab olunur.
Revanşistlərin tələbləri Rusiyanın maraqlarına uyğun olduğundan belə anlaşılır ki, Kreml Paşinyan hakimiyyətinə sərt xəbərdarlıq edir. Rəsmi İrəvana Brüssel prosesi üzrə Azərbaycanla sülh sazişi imzalamaq niyyətinin Ermənistanda çevrilişə səbəb olacağının mesajını verir. Bu baxımdan, rəsmi İrəvanın Brüssel anlaşmalarına tam sadiq qala biləcəyi hələlik bir qədər şübhə doğurur.
Digər tərəfdən, Azərbaycana yönəlik dolayısı təzyiqlər də olmamış deyil. Belə ki, rus sülhməramlıların nüvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə qondarma “rus icması”nın icad olunması, akademik Saxarova üzərində ermənilərə dəstək mesajı yazılmış abidəsinin qoyulması və s. də Kremlin Azərbaycana qarşı təxribatları hesab oluna bilər. Və bütün bunların hər birisi rəsmi icazə alınmadan edilib.
Birincisi, Qarabağ bölgəsində tarixən heç vaxt ruslar yaşamayıblar və deməli, orada onların hansısa icması da ola bilməz. Kreml bunu sadəcə, özündən uydurub, Azərbaycana təzyiq göstərməyə çalışır. İkincisi, akademik Saxarovun Xankəndidə abidəsinin qoyulması da heç bir ölçüyə və məntiqə sığmır. Çünki həmin akademikin Azərbaycanla heç bir əlaqəsi olmayıb. Bu adam və onun erməni mənşəli arvadı həmişə Ermənistanı dəstəkləyiblər. Yəni, ona abudəni də ya Rusiyada, ya da elə Ermənistanda ucaltmaq lazım idi.
Digər tərəfdən, rus sülhməramlılar məlum akademikin abidəsinin qoyulması üçün rəsmi Bakıdan ucazə almalı idi. Hər hansı bir dövlət qonşu ölkənin ərazisində rəsmi dairələrin icazəsi olmadan abidə və yaxud obyekt tikə bilməz. Bu, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vura biləcək zorakı davranışdır. Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, rus sülhməramlıların rəsmi mandatı da mövcud deyil. Yəni, hazırda Azərbaycanın Xankəndi və ətraf bölgəsində qanunsuz olaraq, dislikasiya olunublar.
Göründüyü kimi, Kreml Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını qətiyyən istəmir. Brüssel prosesini əngəlləmək üçün əlindən gələn hər şeyi edir. Ermənistanda revanşistləri yenidən hərəkətə gətirərək, Paşinyan hakimiyyətini dövlət çevrilişi ilə təhdid edir. Azərbaycana qarşı isə Xankəndi və ətraf bölgədə müxtəlif istiqamətli təxribatlar törədir.
Belə anlaşılır ki, həm Azərbaycanın, həm də Ermənistanın Brüssel razılaşmalarına uyğun olaraq, sərhədlərin delimitasiyası və sülh sazışınin hazırlanması üzrə komissiyaları formalaşdırması Rusiyanı əməlli-başlı qəzəbləndirib. Böyük ehtimalla Kremldə Azərbaycan və Ermənistan arasında sülh prosesinin Rusiyanın nəzarətindən çıxmaq üzrə olduğuna əmindirlər. Ona görə də, daha radikal addımlarla bu prosesi pozmağa, iki ölkə arasında yenidən gərginlik yaratmaqla, Rusiyanın regional mövqelərini qorumağa çalışırlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Prezident Məmmədov və Əhmədovu nazir müavini təyin etdi

SONRAKI XƏBƏR

Həkimlər kütləvi məzuniyyətə göndərilir: Virusa xüsusi hazırlıq? - NƏ BAŞ VERİR?