“Putin Ukraynaya təcavüzü də Kissincerlə bağlı dairələrlə koordinasiyalı şəkildə icra edir...”

“Putin Ukraynaya təcavüzü də Kissincerlə bağlı dairələrlə koordinasiyalı şəkildə icra edir...”<span class="qirmizi"></span>

“ABŞ siyasi elitasının əksər hissəsində təxminən Kissincerin dedikləri kimi bir mövqe formalaşıb. Odur ki, bu, Ukrayna üçün çox təhlükəli bir siqnaldır...”

 

Xəbər verildiyi kimi, ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer Ukraynaya ərazilərini güzəştə ketməyi təklif edib. “The Daily Mail” nəşrinin yazdığına görə, 23 may tarixində İsveçrənin Davos şəhərində keçirilən iqtisadi forumda çıxış edən 98 yaşlı Kissincer “müharibə özü ilə öhdəsindən gəlmək çətin olan sarsıntılar və gərginlik gətirməzdən əvvəl” Ukraynanın danışıqlara başlamalı olduğunu söyləyib və Qərbi Rusiyaya dağıdıcı zərbələr endirmək cəhdlərindən əl çəkməyə çağırıb.

 

Bəs görəsən, Putin Rusiyada hakimiyyətdə olduğu son illərədək onunla hər il görüşərək hər dəfə 2-3 saatlıq qapalı görüş keçirən H.Kissincerin Ukraynaya torpaqlarını güzəştə getmək təklifinin arxasında hansı qlobal dairələr və hansı məqsədlər dayanır?..

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq baş diplomat bunları söyləyib:

 

“Öncə Kissincer haqda demək lazımdır ki, o, yalnız keçmiş dövlət katibi yox, ümumiyyətlə, Amerikanın siyasi elitasının başçılarından biridir. Son onilliklərdə də qeyri-rəsmi olaraq bütün ABŞ prezidentlərinə məsləhətlər verib və onun sözü çox yüksək səviyyədə qiymətləndirilib. Yəni bu baxımdan Kissincerin bəyanatını təsadüfi və əhəmiyyətsiz saymaq olmaz. İkinci bir məqama da toxunmaq olar. Bu günlərdə “Nyu-York-Tayms” qəzetində Qərbin Ukraynaya köməyi məsələsində tənqidi mövqeni əks etdirən bir məqalə dərc olunub. Orada belə bir fikir səslənib ki, artıq noyabr ayında Konqresə seçkilərdə respublikaçılarla demokratlar üz-üzə gələcək və kim ABŞ vətəndaşlarına inflyasiya, qiymət artımı və s. problemlər yaratmayacaqsa, o qalib olacaq. Yəni bu mənada Amerika dövlətinin Ukrayna ilə bağlı büdcədən əlavə xərclər ayırması təqdir olunmur. Və bu minvalla ABŞ siyasi elitasının əksər hissəsində təxminən Kissincerin dedikləri kimi bir mövqe formalaşıb. Odur ki, bu, Ukrayna üçün çox təhlükəli bir siqnaldır və onu ciddi qəbul etmək gərəkdir.

 

Buna əlavə olaraq demək olar ki, Fransa və Almaniya rəhbərləri də təqribən eyni mövqedədirlər. Bu da onu göstərir ki, artıq Ukraynaya kömək dalğası əks dalğa ilə qarşılaşa bilər. Və bu da çox təhlükəli mesajdır. Gələcəkdə nə olacağını söyləmək çətindir. Hamı başa düşür ki, strateji baxımdan qalib Ukrayna olacaq. O baxımdan ki, Rusiyada sanksiyalarla bağlı baş verənlər gələcəkdə hakimiyyət dəyişikliyinə gətirə bilər və bəlkə də 5-10 illik perspektivdə Ukraynanın qələbəsi rəsmiləşə bilər. Amma hazırkı mərhələdə, hesab edirəm ki, ən azı, hərbi baxımdan üstünlük Rusiya tərəfdədir. Çünki Qərb Ukraynaya müasir texnika və silahları gec çatdırmağa başladı. Həmin texnikaların idarəsini mənimsəmək üçün orduya təlimlər keçirilməlidir. Bu da bir neçə ay çəkə bilər. Ukrayna buna dözəcəkmi, yoxsa, yox?.. Söyləmək çətindir. Bu saat xəritəyə də baxanda görünür ki, artıq Rusiya ikinci dərəcəli istəklərinə, yəni Donetsk və Luqansk vilayətlərini bütün inzibati sərhədləri boyu işğal etməkdə və Krıma da quru zolağını açmaqdadır. Bütün bunları Ukrayna rəhbərliyi özü təhlil etməlidir”.

 

“Sizcə, Kissincer və onun bağlı olduğu dairələr bu bəyanatı Putin rejimi ilə koordinasiyalı şəkildə verib, yoxsa?” sualını isə politoloq belə cavablandırıb:

 

“Hesab edirəm ki, elə Rusiyanın Ukraynaya təcavüzü də Qərbin eyni dairələri ilə koordinasiyalı şəkildə baş verib. Bu, mənim şəxsi fikrimdir. Çünki məsələyə obyektiv yanaşdıqda əslində Ukraynanın işğalı Rusiyanın az qala dağılmasına aparan bir prosesdir. Və Rusiyada artıq çoxları başa düşür ki, Putin rejimi ölkəni tələyə salıb. Yəqin ki, dostlarının məsləhəti ilə...”

 

Sultan Laçın

 

Mənbə: moderator.az