Qarabağ ermənilərinin hüquqlarına Qərbdən yeni yanaşma - Brüssel sənədi status iddialarına sədd çəkdi...

Qarabağ ermənilərinin hüquqlarına Qərbdən yeni yanaşma  - Brüssel sənədi status iddialarına sədd çəkdi...<span class="qirmizi"></span>

Vaqif Abdullayev: “Azərbaycanda təmin edilmiş dayanıqlı sabitlik şəraitində bütün xalqlar kimi onların da öz mədəni-elmi irsini yaşatmaları təmin ediləcək”

Brüsseldə keçirilən son görüşdə Bakının maraqları kontekstində əsas nəticə Qarabağdakı ermənilərin taleyi ilə bağlı oldu. Müharibədən sonra ilk dəfə Xankəndidə qalanlar “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” adı altında müzakirə edilir.

Faktiki olaraq, Qərbdə keçirilən görüşdə qəbul edilir ki, ermənilər Azərbaycanda bütün millətlər kimi bərbərhüquqlu vətəndaş olurlar, onlara digər etnik azlıqlarla eyni hüquqlar verilə bilər: erməni dilində mətbuat, yaxud teatr kimi mədəni təşəbbüslər üçün şərait yaradıla bilər və s.

Maraqlıdır, bu yeni yanaşma ermənilərin Qarabağa müstəqillik tələbindən də yavaş-yavaş əl çəkdiklərinə sübut sayıla bilərmi?

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev

“Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Brüsseldə keçirilən üçtərəfli görüş sülh sazişinin başlıca prinsiplərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Ötən müddətdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki görüş keçirilmişdi və sayca 3-cü olan bu görüşün nəticələri sülhə yaxınlaşma baxımından daha mütərəqqi və daha praqmatikdir.

Danışıqların ümumi motivləri və konseptual olaraq siyasi mövqelər Brüssel görüşünün Azərbaycanın ümummilli maraqlarına tamamilə uyğun olduğunu söyləmək mümkündür. Danışıqlarda Dağlıq Qarabağ adlı ifadəyə yol verilməməsi, belə bir inzibati ərazi vahidinin ümumiyyətlə mövcudluğuna işarə edilməməsi bir daha Azərbaycanın əzmkar diplomatik dominantlığını təsdiqləyir. Qarabağın coğrafi ərazi kimi Azərbaycanın inzibati bölgəsi olmasının rəsmi şəkildə Avropa İttifaqı Şurası və beynəlxalq birlik tərəfindən birmənalı olaraq qəbul edilməsi ölkəmizin ərazi bütövlüyünə növbəti etimadın nümunəsi hesab edilməlidir. Sülh sazişinin detalları Azərbaycan və Ermənistan arasında bərabərhüquqlu siyasi təmasların və qarşılıqlı əlaqələrin qurulmasını əsaslandırmaqla, Azərbaycanda yaşayan ermənilərin ölkəmizin vətəndaşları kimi hüquq və mənafələrinin qorunmasını da özündə ehtiva edir ki, bu da statusun, ümumiyyətlə, siyasi leksikonda və danışıqların gündəmində olmadığına dəlalət edir”.

Professorun sözlərinə görə, Azərbaycanda, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin mövcudluğunu, hüquq və mənafelərini heç bir halda heçə saymaq olmaz və onların ölkəmizdə yaşayan digər xalqlar kimi birgə, bərabər hüquqlarla yaşaması, təhlükəsizliyinin qorunması, iqtisadi və sosial inkişafı üçün bütün lazımi addımların atılması rəsmi Bakının prioritetlərindəndir: “Qarabağda yaşayan ermənilərin öz milli-mədəni ənənələrini, mədəniyyətlərini inkişaf etdirməsinə heç kim qadağa qoymur və Azərbaycanda təmin edilmiş dayanıqlı sabitlik şəraitində bütün xalqlar kimi onların da öz mədəni-elmi irsini yaşatmaları təmin ediləcək. Bu xüsusda, onların Azərbaycan Respublikasının qanunları əsasında bütün mənafelərinin qorunacağı birmənalıdır.

Brüssel razılaşmasında ən fundamental amil bölgədə kommunikasiyaların açılması qərarıdır. Tərəflər Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı razılığa gəlib. Azərbaycan nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması istiqamətində işlərə hələ 2021-ci ilin sonlarından başlayıb, hazırda Ermənistanın da bu istiqamətdə praktik addımlar atması sayəsində Zəngəzur dəhlizinin həyata vəsiqə alması tezləşmiş olardı.

Beləliklə, Brüssel razılaşması Ermənistan və Azərbaycan arasında normal dövlətlərarası münasibətlərin qurulması, Cənubi Qafqazda davamlı və dayanıqlı sülh mühitində səmərəli sağlam qonşuluğun yaradılması, regionda birgə faydalı əməkdaşlığın bərqərar olması və bununla da regionun uzun illər pas bağlamış qapılarının hər kəsin üzünə açılması üçün tarixi fürsət yaradır.

Təbii ki, Sülh sazişinin imzalanması İrəvanın atacağı addımlardan asılı olacaq. Çünki Paşinyan Avropada özünü sülh təşəbbüskarı kimi göstərsə də, ölkəsinə qayıtdqıdan sonra məkrli erməni xislətini və simasını göstərir, sərhədlərin delimitasiyasını, sülhün bərqərar olmasını pozan hərəkət edir. Ona görə də, Ermənistan bu fürsətləri dəyərləndirməklə ya bölgədə kövrək sülhü əbədi edə, ya da öz məntiqsiz siyasəti ilə yenə də özünü ağlr duruma sala bilər.

İnanaq ki, Brüsseldəki üçtərəfli görüş formatı çoxtərəfli sülh əməkdaşlığı paltformasına çevriləcək”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com