Qazilər məmurlara görə intihar edir – İstifadə olunub, unudulublar

“Qazilərimizin, müharibə veteranlarının qayğı və tələblərinin ödəndiyini deyə bilmərik, bunun səbəbi isə harınlamış məmurlardır. Bu gün müəyyən nazirliklərdə, icra orqanlarında bu məsələyə laqeyd münasibət göstərilir”.

 

Bunu

Bakupost.az -a açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov deyib.

O, son günlərdə artan qazi intiharları ilə bağlı danışıb:

“Bütün dünyada müharibə yolu keçən, yaralanan, öz silahdaşlarını itirən insanlarla bağlı dövlət proqramları həyata keçirilir. Onların həyata uyğunlaşması, reabilitasiyası üçün işlər görülür. Lakin bu işlər bizdə yetərincə doğru və şəffaf həyata keçirilmir. Qaziyə protez almağı reklam etmək nəinki ayıbdır, hətta belə şeylər doğru deyil. Qazilərin psixoloji vəziyyətinin qaydaya salınması üçün işlər görülməlidir. Bizdə insan lazım olanda istifadə olunur, sonra isə unudulur”.

Ü.Cəfərov bildirib ki, qazi intiharlarının artmasının səbəbi məmurlardır:

“Əgər vəziyyət düzəlməsə, məmurlar, dövlət qurumları onların məsələlərinə biganə yanaşsalar, daha çox belə hadisələrlə baş-başa qalacağıq. Çünki qaziləri dinləmək istəyən, onların problemini həll etmək istəyən çox az məmur var. Dəfələrlə bildirilib ki, bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərilməlidir. Sözdə hər şey əladır, diqqət də, qayğı da var. Amma ötən gün bir qazi dəintihar edib. Niyə o intihar etməlidir? Əgər bu insan ən ağır dönəmi keçibsə, niyə indi gərginlik olmadığı halda intihar edir? Ona görə ki, biganəlik görür, əlillik ala bilmir, hansısa problemlə baş-başa qalır və onun üçün ölüm yolu 2 vur 2 qədər asan olur”.

Hərbi ekspert icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin işinə də toxunub:

“Bu şöbələrin işi sıfırdır. O postlarda oturan insanları da məmurlar öz təsiri altına keçiriblər. Onların ən ümdə vəzifəsi bu gün şəhid və qazi ailələrinin probleminin həlli istiqamətində çalışmaq olmalıdır. Düşünürəm ki, o qurumların hamısını ləğv etmək lazımdır. Ölkədə qazi, şəhid ailələri, müharibə veteranları ilə məşğul olan bir qurum yaradılmalıdır ki, insanlar Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və başqa yerlərə getməsinlər. Həmçinin o mərkəzdə qaynar xətt olmalıdır ki, insanlar öz problemlərini deyə bilsinlər. Amerikada Veteranlarla İş üzrə Nazirlik, həmçinin başqa ölkələrdə veteranların işi ilə bağlı komitələr var. Bizdə də bir agentlik bu istiqamətdə yaradılsın”.

 

Fərid

Baku Post

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın İrəvandakı səfiri yenə Zəngəzura gəldi

SONRAKI XƏBƏR

Hotellərin ulduzları göstərdikləri xidmətin keyfiyyətini doğruldur? - VİDEO