Qlobal toqquşma fonunda regional fəaliyyətlər – ÜMUMİ BAXIŞ

Qlobal toqquşma fonunda regional fəaliyyətlər – ÜMUMİ BAXIŞ<span class="qirmizi"></span>

Rusiya qələbəni qeyd edir və Zelenski Ukraynanın qalib gələcəyini deyir Ali Rada Ukraynada hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün, avqustun 23-dək uzadılması barədə qərar qəbul edib. Parlament sonuncu dəfə hərbi vəziyyətin müddətini aprelin 25-dən 30 gün, ondan əvvəl isə martın 26-dan 30 gün uzadıb.

Fevralın 24-də Rusiya qoşunlarının genişmiqyaslı hücumu günü Ukraynada hərbi vəziyyət elan edilib.

Moskva “Azovstal”ın ələ keçirildiyini elan edib, Ukrayna prezidenti isə ölkəsinin bu müharibədə qalib gələcəyinə əmin olduğunu bəyan edib.

Baş Prokurorluğun məlumatına görə, fevralın 24-də Rusiya hücumundan sonra Ukraynada 232 uşaq öldürülüb, eyni zamanda müharibənin sonu hələ yaxın deyil. Danışıqlar yoxdur. Moskva Ukrayna tərəfinin danışıqlardan imtina etdiyini açıqlayır. Rusiyaya qarşı üç aya yaxın müharibədən sonra Qərbin Rusiya hücumunun elə ilk günündə ölkəni tərk etməyi təklif etdiyi Ukrayna prezidenti Ukraynanın qalib gələcəyinə əmin olduğunu bəyan edir. Vladimir Zelenski bunu Ukrayna mətbuatına müsahibəsində deyib və əlavə edib ki, müharibənin taleyi döyüş meydanında həll olunacaq, istənilən halda buna diplomatiya yolu ilə son qoyulmalıdır.

Zelenski deyir ki, qələbə tez və asan olmayacaq, çünki Kiyev bütün işğal olunmuş əraziləri qaytarmaq istəyir. “Müharibəyə biz başlamamışıq, lakin biz onu bitirməliyik. Düşünürəm ki, müharibə ancaq dialoqla bitə bilər. Ancaq indi bu, çətin müharibədir, qələbə çox çətin olacaq, qanlı olacaq”, - deyə Zelenski bildirib.

Müharibənin ilk ayında Ukrayna tərəfi Rusiya ilə Donbas və Krımın statusu ilə bağlı danışıqlar aparırdı. Bu gün Rusiya ordusunun tez bir zamanda qalib gələ bilmədiyi açıq-aydın görünəndə və Qərb Ukraynaya qələbə üçün lazım olan qədər silah verəcəyini bəyan edəndə, Zelenski Kiyevin Rusiyanın işğal etdiyi bütün əraziləri tamamilə geri qaytarmaq istədiyini deyir. Yəni “Donetsk və Luqansk”, Mariupol və Xerson, hətta Krım…

Zelenski deyir ki, bu gün Ukrayna ordusunun sıralarında 700 mindən çox insan Rusiya qüvvələrinə müqavimət göstərir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna atəşkəs üçün Krım və Donbasdan imtina etməyəcək. O hesab edir ki, bu ərazilər Rusiya ilə danışıqlarda “alver obyektinə” çevrilə bilməz.

Eyni zamanda, Rusiyanın müdafiə naziri ölkə prezidentinə “Azovstal”ın son ələ keçirilməsi ilə bağlı hesabat verir. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. “Azovstal”ın yeraltı obyektləri tam şəkildə Rusiya silahlı qüvvələrinin nəzarətinə keçib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə Mariupoldakı zavodun tam ələ keçirilməsi barədə raport verib.

Rusiya tərəfinin məlumatına görə, fabrik ərazisində olan ümumilikdə 2439 ukraynalı əsgər təslim olub. Ukrayna prezidenti isə təslim olma əmrini verdiyini, həmin şəxslərin mübadilə yolu ilə evlərinə qayıdacaqlarını qeyd edir.

“Azovstal” ərazisində olan Ukrayna hərbçiləri mayın 16-da təslim olmağa başlayıb. Onların gələcək taleyi bəlli deyil. Artıq Dövlət Dumasında “Azov” alayının döyüşçülərinin heç bir halda Ukraynaya köçürülməməsi ilə bağlı çağırışlar edilib. Mayın 17-də məlum olub ki, Rusiya Baş Prokurorluğu Ukraynanın “Azov” alayının terror təşkilatı kimi tanınması üçün Ali Məhkəməyə müraciət edib. “Azov” alayının digər Ukrayna bölmələrinin əsgərləri martın əvvəlindən mühasirədə olan Mariupol şəhərinin rus ordusu tərəfindən tutulmasından sonra onu müdafiə edirdilər. “Azov” dəstəsi 2014-cü ildə könüllülərdən ibarət batalyon kimi yaradılıb.

Ceyhun Bayramov və Çavuşoğlu Ukraynadakı vəziyyəti müzakirə ediblər

Moskva və Kiyev müharibəni davam etdirərkən və Qərb Ukrayna hakimiyyətinə silahlanmağı davam etdirəcəyinə dair yeni təminatlar verərkən, region ölkələri Ukrayna məsələsində yeni məsələlər qaldırır...

Bazar günü Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın gündəliyi, üçtərəfli əməkdaşlıq, regionda və Ukraynadakı vəziyyət müzakirə edilib.

Gürcü iş adamlarının Rusiya şirkətlərində böyük payları var, onlar “Rusiya sanksiyalarından yayınmağa kömək edirlər”

“NetGazeti” xəbər verir ki, Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak “Atlantik Şura”ya müsahibəsində Gürcüstanın Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələr siyahısında olduğunu bildirib. “FOX News”un müxbirinin ikinci dərəcəli sanksiyalar, xüsusən də Ukraynanın Rusiyaya sanksiyalardan yayınmasına kömək edən şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsini xahiş edib-etməməsi ilə bağlı sualına Yermak deyib ki, bəzi nüfuzlu gürcü iş adamlarının Rusiya şirkətlərində böyük payları var: “Onlar bu sanksiyalardan yayınmağa kömək edirlər”.

“Bu, çox vacib sualdır. Biz (Rusiyaya qarşı) ciddi sanksiyalar inkişaf etdirə bilərik, lakin həmişə boşluq tapıb onlara kömək etməyə çalışan ölkələr və ya insanlar olacaq. Biz bu məsələdə çox açıqıq. Biz sübut edə bilərik ki, bəzi şirkətlər və ya şəxslər Rusiyaya bu sanksiyalardan yayınmaqda kömək edir. Biz bu sanksiyalar altında həm iqtisadi, həm də başqa baxımdan risk götürən tərəfdaşlarımıza həqiqətən hörmət edirik. Bəzilərinin isə belə sanksiyaları inkar etməsi, ondan pul qazanması ədalətli deyil. Təəssüf ki, bəzi Asiya ölkələri bunu edir.

Bu siyahıda Gürcüstan kimi dost ölkələri görmək çox üzücüdür. Çox diqqətliyik, tərəfdaşlarımızla bu məsələni öyrənməyə davam edirik. Hər şey sənədləşdirilməli və sübut edilməlidir. Şübhəsiz ki, bu, ikinci dərəcəli sanksiyaların çox mühüm hissəsidir. Aİ-nin və Böyük Britaniya sanksiyalarının əlavə paketləri artacaq. Məsələn, Gürcüstan kimi ölkədən danışsaq, bilirik ki, bəzi nüfuzlu iş adamları Rusiya şirkətlərində, məsələn, “Qazprom”da böyük paylara malikdirlər. Düşünürəm ki, onlar (prosesdə) iştirak edirlər ki, Rusiya sanksiyalardan yayına bilsin”, - deyə Andrey Yermak bildirib.

Andrey Yermak Rusiyaya qarşı sanksiyaların effektivliyini qiymətləndirən və ukraynalı beynəlxalq ekspertlər qrupuna başçılıq edir.

Moskva və Kiyev ilə Türkiyə siyasəti

Ankara nə Rusiyanı, nə də Ukraynanı incitmədən siyasətini davam etdirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Ukraynadakı vəziyyətə görə Rusiya prezidenti Vladimir Putinlə əlaqələri kəsmək fikrində olmadığını açıqlamışdı. “Biz Rusiya və Ukrayna ilə münasibətlərdə balanslaşdırılmış siyasət yürüdürük. Mən nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək fikrində deyiləm”, - deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Ankara Rusiya qazından imtina edə bilməz, bu, strateji əhəmiyyət kəsb edən məsələdir. “Bizim hər iki tərəflə (Rusiya və Ukrayna) əlaqələrimiz var. Rusiya ilə “Akkuyu” atom elektrik stansiyası layihəmiz var. Bu, bizim üçün çox ciddi mənbədir. Qazımızın 50 faizini Rusiyadan alırıq. Bu, bizim üçün strateji məsələdir, strateji münasibətdir. Biz onlardan imtina edə bilmərik”, - deyə Ərdoğan bildirib.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az