PKK “kartı” ilə Türkiyəni oyuna çəkirlər! – ““Pençe Kilit” planları "kilidləyəcək”

PKK “kartı” ilə Türkiyəni oyuna çəkirlər! – <span class="qirmizi">““Pençe Kilit” planları "kilidləyəcək”</span>


Aprelin 18-dən bəri Türkiyə ordusu İraqın şimalında yerləşən PKK düşərgələrini ləğv etmək üçün “Pençe Kilit” kod adlı antiterror əməliyyatına başlayıb. Terrorçularla baş verən qarşıdurmada Türkiyənin 5 əsgəri şəhid olub, 2 əsgəri yaralanıb.Qeyd edək ki, Türkiyə hökuməti 2015-ci ilin iyul ayından etibarən ölkə daxilində terrora qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Daha sonra əməliyyatlar İraq və Suriya ərazilərində davam etdirilib. İlk “Pençe” əməliyyatı 2019-cu ildə başlayıb. Bu seriyadan əməliyyatlar Türkiyənin PKK-nın möhkəmləndiyi cənub-şərq vilayətlərində, eləcə də İraqda, Qəndil, Zap rayonlarında davam etdirilib. Teref.az xəbər verir ki, əməliyyatları "Sherg.az"a qiymətləndirən siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, PKK terror təşkilatı yaranandan bəri Türkiyə Suriya və İraqda açıq-gizli əməliyyatlar keçirib:
"Ankaranın məqsədi həmin zonalarda təhlükəsizlik buferi yaratmaqdır. PKK Türkiyəyə təzyiq üçün “kart” kimi istifadə edilir. Ankara isə bunu strateji maraqlarına və milli təhlükəsizliyinə təhdid görməkdə təpədən dırnağa qədər haqlıdır.
Qərb də, Rusiya da Türkiyəni hansısa böyük oyunun içərisinə salıb, onun müdafiə qabiliyyətini zəiflətmək siyasəti yürüdüblər".
A.Kərimov bildirib ki, Ankara və Moskvanın Qərbin təzyiqləri ilə üzləşməsi iki ölkəni bir-birinə yaxınlaşdırıb:
"Türkiyə Rusiyanın yarada biləcəyi gələcək təzyiqləri neytrallaşdırdı və manevrlərlə Moskva üzərində iqtisadi-siyasi alətlər yarada bildi.
Amma sözügedən xətt Qərbə münasibətdə heç də özünü doğrultmur, Türkiyə ilə Qərbin ulduzu barışmır. Qardaş ölkədə əvvəlki hakimiyyətlərdən fərqli olaraq müstəqil xətt tutan, Qərbin dediyi ilə oturub-durmayan iqtidarın iradəsinə görədir.
Türkiyənin PKK-ya qarşı keçirdiyi əməliyyatlarda dəstək vermək siyasəti Qərbin “kasası”nda yoxdur.
İraqda Türkiyənin PKK mövqelərinə qarşı əməliyyatları İranda narahatlıq yaradır. Tehran Ankaranın İraqda mövqeyinin özünə möhkəm yer tutmasından narahatdır.
İran da Türkiyə amilinə qarşı və İraqın siyasi idarəetmə sistemində qərar tutmaq üçün PKK-ya dəstək verir. Hərçənd üzdə PKK-ya qarşı əməliyyat apardığı təəssüratlarını yaradır.
İran PKK-ya simpatiya duymur, amma ortada Türkiyə faktoru olduğundan ötrü simpatiyasını hiss etdirmək zərurəti duyur.
Türkiyədə 2023-cü ildə prezident seçkisi keçiriləcək. Seçki qabağı Qərbin təzyiqləri daha da güclənəcək. Türkiyənin keçirdiyi əməliyyatların Ankaranın əleyhinə nəticələnməsi üçün cəhdlər göstəriləcək. Amma Türkiyə ordusunun döyüş təcrübəsi, döyüş ruhu onları məyusluğa uğradacaq".

Mənbə: teref.az