Dalandakı Ermənistan üçün işıqlı dəhliz - VİDEO

Dalandakı Ermənistan üçün işıqlı dəhliz - VİDEO<span class="qirmizi"></span>

Bu gün etiraz dalğasına qərq olan, qeyri-sabitliyin hökm sürdüyü Ermənistanı yalnız bir sual düşündürməlidir. O, dövlət və dövlətçiliyini necə xilas edə bilər?

Çünki ölkədə hökm sürən hərcməclik, mitinqlər dalğasının sonu məhz dövlətçiliyin məhvidir. Fırtınadan xilas yolu isə çürümüş, revanşist ideyaları kənara qoymaqdan, ölkənin iqtisadi inkişafına töhvə verməkdən keçir. Zəngəzur dəhlizi isə bu inkişaf yolunun üzərindədir. Məğlubiyyət dalanından görünən yeganə işıqlı yol da budur.

Azərbaycan Prezidentinin bu dəhlizin açılması ilə bağlı müddəanın 2020-ci il 10 noyabr bəyanatına daxil edilməsində israrının səbəbi, yalnız Azərbaycanın Qərb rayonlarının Naxçıvanla nəqliyyat əlaqəsi qurması deyil, həm də regionun iqtisadi inkişafı idi.

Rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsi üzərindən Azərbaycanı şantaj etməyə, özünün ağır məğlubiyyətini qismən yüngülləşdirəcək elementlər tapmağa çalışırdı. Amma Ermənistanın bu istiqamətdə cəhdləri də heç bir nəticə vermədi. Azərbaycan diplomatik əks həmlə ilə rəqibini nakaut etdi.

Bu gün Zəngəzur dəhlizinin önəmini, regioal inkişafa töhvəsini artıq Avropa da anlayır. Sonuncu Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplərlə bağlı razılığa gəlinib.

Prezident İlham Əliyev də Türkiyə Prezidenti ilə telefon danışığında Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib.
Buradan belə nəticəyə gəlmək olar ki, Nikol Paşinyana Brüsseldə başa salıblar ki, ölkənin iqtisadi maraqlarını mənasız siyasi oyunlara qurban vermək olmaz. Bu isə Ermənistanın tərəddüdlərinə son qoyub.
Tarixi İpək Yolunun mühüm seqmentinə çevrilmək potensialına malik olan Zəngəzur dəhlizinin açılması beynəlxalq yükdaşımaların həcmini artıracaq, infrastruktur layihələrinin icrası baxımından regionun mənzərəsini xeyli dəyişəcək. Dəhliz Ermənistan iqtisadiyyatını da dirçəldəcək.

Rusiyadan gələn yüklər bu dəhlizlə maneəsiz Ermənistana, İrana və Türkiyəyə çatdırılacaq. Türkiyə də bu xətt vasitəsilə Orta Asiyaya, Rusiyaya dəmiryolu çıxışı əldə edəcək. Hazaırda adambaşına borcu 3800 dollar olan Ermənistan Zəngəzur dəhlizinə qoşulsa, onun ÜDM-nin həcmi 35-40 faiz arta, nəqliyyat xərcləri bir o qədər azala, ixrac potensialı 2 dəfə arta bilər.

 

Mənbə: www.realtv.az