Zəngəzur dəhlizi qlobal layihəyə çevrilir: Paşinyanın bu marşruta müqavimət şansı yoxdur

Zəngəzur dəhlizi qlobal layihəyə çevrilir: Paşinyanın bu marşruta müqavimət şansı yoxdur<span class="qirmizi"></span>

Bu nəqliyyat-kommunikasiya marşrutu region dövlətlər ilə yanaşı, beynəlxalq siyasi-iqtisadi mərkəzlərin maraq dairəsinə daxildir, onu əngəlləmək imkanları tükənir... Zəngəzur dəhlizinin reallaşdırılmasında Azərbaycan-Türkiyə İttifaqı ilə yanaşı, Avropa və Asiya ölkələrinin də öz iqtisadi maraqları çərçivəsində israrçı olacağı kifayət qədər inandırıcı görünür...

"Ölkə.Az"ın musavat.com-a istinadən məlumatına görə, Ermənistanda hələ də Brüssel görüşünün nəticələri müzakirə olunur. Bu müzakirələrin müsbət və ya optimist əhval-ruhiyyədə aparıldığı qətiyyən müşahidə olunmur. Əksinə, Ermənistan cəmiyyəti Brüssel prosesinin doğurduğu nəticələrdən ciddi şəkildə məyusdur.

Təbii ki, bütün bunlar Ermənistan cəmiyyətinə yönəldilmiş revanşist propoqandanın nəticəsidir. Erməni toplumu onilliklər boyu vərdiş etdiyi hədəflərin boşa çıxması ilə barışmaqda çətinlik çəkir. Ona görə də, gələcəkdə Ermənistanın inkişaf perspektivlərinə müsbət təsir edə biləcək geoiqtisadi addımlara belə, əndişə ilə yanaşır.

Maraqlıdır ki, hazırda Ermənistan cəmiyyətini ən çox narahat edən mövzuların sırasında Zəngəzur dəhlizi xüsusi yer tutur. Revanşistlər Zəngəzur dəhlizinin reallaşma ehtimalını məhz Ermənistanın Azərbaycan-Türkiyə İttifaqı tərəfindən işğal olunma təhlükəsi kimi təbliğ edirlər. Əsas iddialar ondan ibarətdir ki, əgər, Zəngəzur dəhlizi açılarsa, Ermənistanın cənub bölgəsi Azərbaycan və Türkiyənin maliyyə-iqtisadi nəzarəti altına keçə bilər.

Xüsusilə də, sonuncu Brüssel görüşündən sonra revanşistlər bu məsələni Paşinyan hakimiyyətinə qarşı əsas anti-təbliğat mövzununa çeviriblər. Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətinin mövqeyini nəzərə almadan Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdə ittiham olunur. Və baş nazir Nikol Paşinyanın bu addımı Ermənistanın maraqlarına xəyanət kimi dəyərləndirilir.

Ona görə də, rəsmi İrəvan Zəngəzur dəhlizi üzərindən üzləşdiyi ittihamlara izahat vermək məcburiyyətində qalıb. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bəyan edub ki, bu mövzuda Paşinyan hakimiyyətinə qarşı irəli sürülən ittihamlar uydurma və əsassızdır. Onun dediyinə görə, Zəngəzur dəhlizi revanşistlərin təsəvvür və təbliğ etdiyi modeldən uzaqdır.

A.Qriqoryan vurğulayıb ki, bu marşrut regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə anlaşmanın tərkib hissəsidir: “Bu marşrut necə adlanmasından asılı olmayaraq, yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirməyəcək. Həm də Ermənistanın şimal hissəsinin Naxçıvan üzərindən cənub bölgəsi ilə daha asan nəqliyyat-kommunikasiya əlaqəsi yaratmasına imkan verəcək”.

Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı prosesin hərəkətə gətirildiyi artıq inkaredilməz reallıqdır. Üstəlik, bu prosesə nə revanşist erməni müxalifəti, nə də Paşinyan hakimiyyəti əngəl olmaq imkanına malik deyil. Yəqin ki, yaxın gələcəkdə erməni toplumu da bu reallıqla barışmalı olacaq.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel görüşündən spnra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bu mövzunu müzakirə etməsi də Zəngəzur dəhlizinin açılması ehtimalının ciddiləşdiyini göstərir. Azərbaycan Prezidenti Türkiyə lideri ilə telefon danışığında da Brüssel görüşündə Zəngəzur dəhlizinin açılması barədə anlaşmanın əldə olunduğu vurğulayıb. Deməli, bu məsələ artıq reallaşma mərhələsinə keçmək üzrədir və bundan sonra əngəllənmək ehtimalı isə olduqca zəifdir.

Düzdür, Kreml Rusiyanın Ukrayna savaşında üzləşdiyi indiki əlverişsiz beynəlxalq situasiyada Cənubi Qafqaz regionunda hansısa önəmli geopolitik, geostrateji və geoiqtisadi proseslərin cərəyan etməsində maraqlı deyil. Hər halda, Kremlin başı Ukrayna savaşına qarışdığından Cənubi Qafqazda Rusiyanın maraqlarını və mövqelərini əvvəlki kimi müdafiə edə biləcəyi ciddi şübhələr doğurur. Ona görə də, Kreml bu regionda istənilən müsbət prosesin inkişafına qıcıqla yanaşır, onu əngəlləməyə, müvəqqəti də olsa, bölgədə “geopolitik durğunluq” dövrünün hökm sürməsinə çalışır.

Ancaq Zəngəzur dəhlizi hazırda yalnız Cənubi Qafqaz dövlətlərinin maraqları ilə tənzimlənə biləcək geoiqtisadi layihə çərçivəsindən ciddi şəkildə uzaqlaşıb. Belə ki, bu nəqliyyat-kommunikasiya marşrutu region dövlətlər ilə yanaşı, beynəlxalq siyasi-iqtisadi mərkəzlərin maraq dairəsinə daxil olmaqdadır. Və bu baxımdan, Kremlin yaratmağa çalışdığı əngəllərin real nəticə verəcəyi o qədər də inandırıcı görünmür.

Birincisi, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəni birləşdirəcək. Hər iki qardaş ölkə öz iqtisadi-ticari gücünü daha asan realizə etmək şansı qazanacaq. Azərbaycanın əsas müttəfiqi olan Türkiyənin Cənubi Qafqaz üzərində təsir gücünü artırmış olacaq. Və bu, yeni regional situasiyanın əsas istiqamətləndirmə mərkəzini qətiləşdirəcək.

İkincisi, Zəngəzur dəhlizi bütün Türk dünyası ölkələrini vahid nəqliyyat-kommunikasiya xətti üzərində birləşdirməyə imkan verəcək. Türk dövlətləri arasında iqtisadi-ticari, buna paralel olaraq da, siyasi inteqrasiyanı sürətləndirə bilər. Bu isə Azərbaycan-Türkiyə İttifaqı ətrafında Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarını birləşdirəcək yeni və daha perspektivli geoiqtisadi coğrafiyanın formalaşma ehtimalı gücləndirər.

Nəhayət, Zəngəzur dəhlizi qitələrarası tranzit xətti kimi də böyük perspektivlər vəd edir. Belə ki, bu dəhliz Avropa iqtisadiyyatını Cənubi Qafqaz üzərindən Asiya qitəsi ilə əlaqələndirmək şansıdır. Çin, Hindistan və s. kimi önəmli iqtisadi nəhəngləri nəzərə aldıqda, Asiyanın Avropaya birbaşa çıxış marşrutu qazanması fantastik məbləğlərin Cənubi Qafqaz üzərindən hər iki istiqamətdə hərəkət etməsi deməkdir.

Məsələn, ekspertlər hesan edirlər ki, Avropa və Asiyanı Zəngəzur dəhlizi üzərindən əlaqələndirmək mümkün olarsa, bu marşrutun illik iqtisadi-ticari dövrüyyəsi 3-5 trilyon dollar arasında dəyişə bilər. Xüsusilə də Ukrayna savaşının ticarət marşrutlarını məhdudlaşdırdığı bir şəraitdə Zəngəzur dəhlizi Avropa və Asiya dövlətləri üçün artıq strateji əhəmiyyət daşımağa başlayıb.

Bütün bunları nəzərə aldıqda, revanşist erməni müxalifətinin, Paşinyan hakimiyyətinin, o cümlədən, hətta Rusiyanın Zəngəzur dəhlizinə əngəl olma imkanları o qədər də real təsir bağışlamır. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşdırılmasında Azərbaycan-Türkiyə İttifaqı ilə yanaşı, Avropa və Asiya ölkələrinin də öz iqtisadi maraqları çərçivəsində israrçı olacağı kifayət qədər inandırıcı görünür.

Mənbə: olke.az