"Konkret addımlar atılmasa, İsveç və Finlandiya irəli gedə bilməz" - Kalın

"Konkret addımlar atılmasa, İsveç və Finlandiya irəli gedə bilməz" -  Kalın<span class="qirmizi"></span>

" İsveç və Finlandiya NATO-ya üzvlük prosesini inkişaf etdirmək üçün Ankaranın bununla bağlı təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün konkret addımlar atmalıdır". Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə, İsveç və Finlandiya arasında keçirilən və Stokholm və Helsinkinin NATO-ya üzvlük müraciətlərini müzakirə edən danışıqların nəticələrini şərh edərkən deyib.

“Türkiyə açıq şəkildə bildirdi ki, Ankaranın təhlükəsizliklə bağlı narahatlıqları müəyyən vaxt çərçivəsində atılan konkret addımlarla qarşılanmasa, İsveç və Finlandiyanın NATO-ya üzvlük cəhdi irəli gedə bilməz”, - deyə prezidentin sözçüsü bildirib.

Kalın həmçinin qeyd edib ki, danışıqlar zamanı Ankaraya müdafiə təyinatlı məhsulların tədarükünə qoyulan embarqonun aradan qaldırılması məsələsinə “müsbət münasibət” olub.

Qeyd edək ki, mayın 25-də Ankaradakı Prezident Kompleksində Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar keçirilib.

Tərəflər Stokholm və Helsinkinin NATO-ya üzv olmaq üçün müraciətlərini müzakirə ediblər.

Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün rəsmi müraciət ediblər. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Helsinki və Stokholm bloka qoşulmaq niyyətini açıqlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verə bilməz, çünki bu ölkələr terror təşkilatlarına rəvac verir və Türkiyəyə qarşı sanksiyalar tətbiq edir.

Türkiyə dövlətinin başçısı onu da qeyd edib ki, bu ölkələrin heç birinin terror təşkilatları ilə bağlı dəqiq və birmənalı mövqeyi yoxdur.

Mənbə: azvision.az