Afsəddin Nəbiyev: “Nikol bununla sadəcə prosesi uzatmağa çalışır”
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında çıxış edib. O, parlamentdə çıxışında Brüssel görüşünün nəticələrindən danışıb.
Paşinyan parlamentdə həyasızcasına bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisində de-yure anklavı yoxdur. O, Ermənistanın Azərbaycan ərazisindəki Başkənd (Artsvaşen) anklavının isə hüquqi əsasları olduğunu deyib: “Brüsseldə anklavlar məsələsi müzakirə olunmayıb. Azərbaycan dolayısı ilə və ya birbaşa olaraq müxtəlif platformalarda bu məsələni qaldırır, baxmayaraq ki, İrəvana görə bunun üçün heç bir əsas yoxdur. Yol əlaqəsi üçün de-yure imkan da yaradıla bilər. Mehridən Ermənistan ərazisindən keçən yol var, amma söhbət dəmir yolundan gedir. Ermənistan bütün proseslərdə hüquqi əsasları dərinləşdirməlidir. İndiyədək biz hələlik tədqiqatlarımızda Ermənistan ərazisində Azərbaycanın de-yure anklavları olduğunu qeydə almamışıq. Əksinə, Artsvaşenin (Başkənd ) de-yure Ermənistan Respublikasının ərazisi olduğunu qeydə almışıq. Ermənistan vətəndaşları situasiyanı anlayır və vəziyyəti daha da dramatikləşdirməyə ehtiyac yoxdur, onsuz da artıq dramatikdir. Cəmiyyətin və Qarabağın arxasında heç kim nəsə etməyi planlaşdırmır”.
Necə yəni, de-yure anklav yoxdur? Qazaxın 7 kəndi, Sədərəyin Kərkisi de-yure anklav deyil, bəs nədir?
“Birmənalı olaraq anklavlar məsələsinin həllinə əngəl yaradan əsas tərəf Ermənistan deyil, məhz Rusiyadır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, anklavlar məsələsində Ermənistan rəhbərliyinin işlətdiyi uydurma ifadələr dirijor çubuğunun "məhsuludur": “Birmənalı olaraq anklavlar məsələsinin həllində əngəl yaradan əsas tərəf Ermənistan deyil, məhz Rusiyadır. Rusiyanın bu dövlətə təzyiqləri bu problemin həllini uzadır. Yoxsa Paşinyan bu dərəcədə sərsəm açıqlama ilə çıxış etməzdi. Bu məsələyə məntiqi yanaşsaq, Rusiya anklavlara strateji nöqteyi-nəzərdən baxır. Rusiya Bağanis-Ayrım istiqamətində qarnizon inşa etməklə üç respublikanın yolunu nəzarətə götürməklə bölgənin uzun müddətə nəzarətini əlində saxlamağa çalışır. Gürcüstanla bağlı Rusiyanın kommunikasiya xəttinə nəzarət əldə etmək istəməsi yeni deyil. Rusiya burada Ermənistanı faktiki idarə etdiyindən hərbi qarnizon yaradır. Azərbaycan burada hər hansı hərbi qarnizonun olmasına qəti şəkildə etiraz etməlidir. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, Ermənistan Rusiyanın "sifarişlərini" yerinə yetirməklə sadəcə prosesi uzatmağa çalışır. Ermənilərin burada anklavların de-yure Ermənistana "məxsusluğunu" ifadə etməsi prosesi ləngidə bilər. Ancaq bizim bu doğma yurdlarımıza qayıdışımıza əngəl ola bilməyəcək. Əgər ermənilər bu prosesi də uzun illər uzatmağa çalışsalar, bölgənin ən güclü ordusu, müzəffər Azərbaycan əsgəri məsələnin necə çözülməsinin yollarını çox gözəl bilir. Paşinyan bununla sadəcə prosesi uzatmağa çalışır. Onsuz onlar da başa düşür ki, bütün proseslər onların ziyanına işləyir”.
Bu baxımdan sədr müavini narahatlığa ciddi əsas görmür.
Vidadi ORDAHALLI
Mənbə: www.baki-xeber.com