Bayraqdar Şuşa səfərindən danışdı: Tövsiyəm odur ki...

Birinci Qarabağ müharibəsi gəncliyimizə təsadüf etmişdi. İlk işğal dönəmində on minlərlə insan qaçqın düşdü. O dövrdə Türkiyə həqiqi mənada Azərbaycana yardım əlini uzada bilmədiyi üçün, ürəyimizdə yara kimi qalmışdı.

Axar.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “Texnofest” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraqdar “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinin mükafatlandırma mərasimində deyib.

Mərasimdə Şuşa səfərindən danışan S.Bayraqdar yaşadığı hadisə əsasında gənclərə tövsiyələrini verib:

"Şuşada 11 yaşında oranı tərk etmək məcburiyyətində qalan polis rəisi Səməd bəylə tanış olduq. İkinci Qarabağ müharibəsindən sonra Şuşaya təyinat alıb. Yenidən ailəsi ilə birlikdə Şuşaya geri dönüb. Cıdır düzünə getdik, mənə yaxamda daşıdığım "Xarıbülbül"ü hədiyyə etdi. Şuşanın çiçəyi, Qarabağın simvolu "Xarıbülbül" haqqında internetdə oxumuşdum. Canlısını ilk dəfə gördüm. Xarıbülbülə polis rəisi Səmədin qovuşması üçün 30 il keçdi, minlərlə şəhid verildi, qazilərimiz oldu. Gənclər, nə etdiyiniz, haradan keçdiyiniz, həyatın qarşınıza nələr çıxaracağı çox önəmli deyil. Vacib olan bu yolu niyə getdiyinizdir. Mən "Xarıbülbül"ü canlı görəndə niyə bu qədər qiymətli olduğunu anladım" - Bayraktar qeyd edib.

O bildirib ki, "Take off"-da nəyin necə edilməsi sualına cavab axtaran gənc dostlarımızla birlikdə bir yolda addımlayırıq:

"Bütün bu cəhdlərimiz, yüzlərlə əmək verən gənclərimiz gözümün önündən keçdi, bu yol bütün bunların səbəbini anlamağıma kömək oldu.

Sizə bir mühəndis olaraq tövsiyə edirəm, nə etdiyinizdən çox, nəyi niyə etdiyinizə diqqət edin. Özünüzdən çox ailənizi, ailənizdən çox cəmiyyətinizi, cəmiyyətinizdən çox millətinizin, millətinizdən də çox insanlığa fayda verməyi düşünün".

Axar.az

ƏVVƏLKİ XƏBƏR

General azadlığa buraxıldı

SONRAKI XƏBƏR

Britaniya və Azərbaycan əlaqələrinin 30 illiyinə həsr olunan xalça hazırlanıb