Conson AB-yə alternativ yaradır: Türkiyə də qoşula bilər

Conson AB-yə alternativ yaradır: Türkiyə də qoşula bilər<span class="qirmizi"></span>

Ümumiyyətlə, son dövrlər Türkiyə öz müstəqil xarici siyasəti ilə bir çox güc mərkəzlərinin diqqətini cəlb edir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov Britaniya Baş naziri Boris Consonun Avropa İttifaqına alternativ olaraq “Avropa Əməkdaşlığı” yaratmaq və Türkiyəni də bu qurumda görmək istəyi barədə yayılan məlumatları şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, ümumilikdə Türkiyə yeni dünya nizamında çox böyük paya sahib olacaq:

“Bunu artıq siyasi analitiklər proqnozlaşdırırlar. Bu baxımdan, qeyd etmək lazımdır ki, Türkiyənin regional geosiyasi aktor kimi güclənməsi onun beynəlxalq imicinə də müsbət təsir göstərir. Böyük Yaxın Şərq Konsepsiyası çərçivəsində Türkiyənin geosiyasi əhəmiyyəti hər gün güclənməkdədir. Bu baxımdan yeni geosiyasi “Avropa Əməkdaşlığı” layihəsində Türkiyənin də adının hallanması təsadüfi deyil. Bu, artıq yeni mənzərəni ortaya çıxarır və söhbət fərqli geosiyasi transformasiyadan gedir. Təbii ki, bu, rəsmi Ankaranın mövqeyi ilə də üst-üstə düşür. Çünki mövcud beynəlxalq sistem Türkiyəni narahat edir və bu siyasi nizamla razılaşmır”.

Politoloqun sözlərinə görə, iddia edilən “Avropa Əməkdaşlığı” layihəsində Türkiyə yer ala və mühüm dividentlər qazana bilər:

“Burada əsas leytmotiv anqlosakson siyasətidir və bu siyasətlə Türkiyə hər zaman hesablaşır, eləcə də onu nəzərə alır. Lakin əlbəttə ki, Türkiyə üçün ilk növbədə öz milli və iqtisadi maraqlarıdır”.

Qeyd edək ki, “Corriere Della Sera” nəşri Britaniya Baş naziri Boris Consonun 9 apreldə Kiyevdə olarkən Zelenskiyə AB-yə alternativ olacaq yeni siyasi, iqtisadi və hərbi ittifaqda birləşdirməyi təklif etdiyini yazıb. İddiaya görə, bura Ukrayna, Polşa, Estoniya, Latviya və Litva ilə yanaşı, Türkiyə də daxil ola bilər.

Mənbə: axar.az