Şeyx: “Özüm də rayonda doğulub, böyümüşəm...”

“Sosial problemləri işıqlandıran verilişlərdə aktiv şəkildə iştirak edirəm və müsahibəmdə də bəhs etdiyim halları, cəmiyyətdəki nöqsanların hər birini sosial problemlərlə əlaqələndirmişəm. İnsanlar isə nədənsə bunu dərk etmirlər. Millətim bunu başa düşmək istəmir. Qızlar, oğlanlar, ailəsindən qaçanlar, arvad-uşağını atanlar nəyə görə hamısı şəhərə üz tutur? Doğulub boya-başa çatdıqları rayonlarda, kəndlərdə işlə təmin olunmadıqlarından, sosial problemləri həll edilməyindən şəhərə gəlirlər. Burada qalırlar əl-ayaq altında. İşsizliyin daha çox hansı rayonlarda qeydə alınması ilə bağlı siyahı hazırlanmalıdır. Dövlətə müraciət olunmalıdır ki, məmurlar, icra strukturları haqqında ciddi ölçü götürülsün. Nədir axı buna səbəb? İnsanlar kütləvi şəkildə işsizlikdən, dolanışığı olmadığından, ailədə ciddi problemləri olduğundan şəhərə üz tuturlar. Şəhər də bədbəxt olur, kənd də. Şəhərə avaralanmağa gələnlər də var, amma bu, kütləvi hal deyil. Kütləvi hal əvvəl də qeyd etdiyim kimi sosial problemlərlə üzləşən insanların hər şeylərini atıb şəhərə pənah gətirməsidir. Bu insanlar yalnız Bakıya deyil, Rusiyaya, Türkiyəyə, Orta Asiya ölkələrinə gedirlər. Müharibədən əvvəl Ukraynaya da gedirdilər. Bu insanların taleyindən, həyat tərzlərindən narahat oluram. İnsanları qaçqın kimi yaşamağa məcbur edən səbəb nədir? Təcili olaraq sosial problemlər dövlət səviyyəsində həll olunmalıdır ki, insanlar doğulduqları mühitdə rahat yaşaya, uşaq böyüdə, işləyə bilsinlər. Nəhəng şəhərdə evləri, işləri, təhsilləri yox, qalırlar küçələrdə... Millətim də olur başıpozuq, pis günə qalan bir millət. Özüm də rayonda doğulub, böyümüşəm. Bu, məgər pis şeydir ki? Azərbaycanı idarə edənlərin 90 faizi rayonlardan gələnlərdir. Millət hələ xeyirini, şərini, onlara qənim kəsilənləri ayıra bilmir. Güzgüyə baxıb fikirləşsinlər ki, zirzəmidə, havasız şəraitdə niyə yaşayırlar, 13-14 saat niyə nökərçilik edirlər? Şəhərdə gəlib 14 saat nökərçilik etmək əvəzinə, kənddə əkib, becərib normal dolana bilərlər. Qazandığım pulu şəhərdə elə kartofa, pomidora verirəm də. Əgər kəndçi gəlib şəhərdə tərəvəzə pul verirsə, bu, dövlətin problemidir, həll olunmalıdır. Yoxsa kəndli belə dedi, şəhərli elə dedi... Bunların hamısının kökündə sosial problemlər dayanır. Şəhərdə yaşayan şəhərlinin ən azından burada öz evi var, kəndlinin isə yoxdur axı. Ona görə də müxtəlif problemlər yaranır. Bir daha qeyd edirəm insanların, şəhər, qəsəbə, kənd adamlarının doğulduğu yerlərdə yaşamağa mənəvi haqqı var. Bu haqq onların əlindən alınmamalıdır. Bir icra başçısı əkinlərə gedən suyun qabağını bağlayır, başqa birisi öz balıqları üçün göl yaradır. Buna görə də əkinlə, tərəvəzçiliklə məşğul olan insanlar məhsullarını suvara bilməyib çıxıb gəlirlər şəhərə. Hamı eyni işlə məşğul ola bilməz. Bax, mal-qarasını, əkini-biçini qoyub gələn adamlar şəhərdə nə edəcəklər? Dünyada yeddi milyarddan çox əhali var, hamısı eyni işlə məşğul ola bilməz axı. Hər kəsin öz taleyi, qisməti var. Hamı özünə şərait yaratmalı və taleyini normal, səlahiyətli bir insan kimi yaşamalıdır. Sosial problemləri yaradan səbəblər aradan qaldırılmalıdır. Kəndə gedib oradakı qohumlarımla görüşəndə məni ağlamaq tutur. Hamısı başlarını salıb aşağı öz işləri, gücləri ilə məşğuldur”.

 

Bunu Pravda.az-a Azərbaycan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

 

Xalq artisti qeyd edib ki, Azərbaycanda ciddi şəkildə kadr islahatları aparılmalıdır: “Milli ruhlu, vətənpərvər insanlar rayonlarda, kəndlərdə rəhbərliyə gətirilməlidir. Millətin taleyi, həyat tərzi, dəyərləri ilə oynamaq olmaz. İnsanları mənən sınmağa, pis yola düşməyə, ehtiyaca görə qəddarlaşmağa, pis-pis işlərlə məşğul olmağa məcbur etməsinlər. Hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. Hərənin öz yükgötürmə qabiliyyəti var. Bəzən deyirəm ki, nəyə görə hansısa rayondan heç bir şikayət olmur və heç bir narazılıq olmadığı halda, başqa birisindən çoxlu şikayətlər olur. Bu dövlət səviyyəsində araşdırılmalıdır. Deməli orada pis təşkilat, pis rəhbərlik var ki, rayonda belə sosial problemlər yaranır. Ona görə hər dəfə televiziyalarda verilişlərdə olarkən bu problemlərlə müraciət edən insanlardan soruşuram ki, hansı rayondan gəliblər... Yəni bu problemlərlə müraciət edən rayonlar haqqında ciddi fikirləşmək lazımdır. Ümumiyyətlə, “Kənddən gələnlər”, “Şəhərdə yaşayanlar” tipli müzakirələr düzgün deyil. Kim harada xoşbəxtdir orada da yaşasın. Kimin harada güzaranı varsa, orada da işləyib yaşasın. Kim kimə nə deyir ki?”

 

Leyla

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev Hulusi Akarı qəbul etdi

SONRAKI XƏBƏR

Qız qalası üzərində tərs bayraq, səslərdə yaşayan şəhidlər: Azadlıq nişanəsi İstiqlal Muzeyindən FOTOREPORTAJ