Mirzoyanın “arqumentləri”, Azərbaycan XİN-in “reaksiyası”

Mirzoyanın “arqumentləri”, <span class="qirmizi">Azərbaycan XİN-in “reaksiyası”</span>

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 28-də guya Ermənistan XİN-ə bir cavab mətni yayıb. Niyə “guya” deyirəm, çünki bu mətndən anlaşılmır ki, kim və konkret nə deyib? O səbəbdən məcbur olub erməni saytlarına baxdım. Heyrətləndim və təəssüfləndim. Məlum oldu ki, Azərbaycan XİN Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “armenpress”ə müsahibəsinə öz aləmində cavab verib. Bu cür mətnlərə nazir baxmırmı?

Mirzoyan Prezident İlham Əliyevin mayın 27-də Zəngilandakı çıxışına “cavab” verib, “arqumentlər” səsləndiribsə, ona bu cür ağızucu, hətta adını belə çəkmədən ötəri reaksiya bildirməyin adı nədir? Axı Mirzoyanın çoxda böyük olmayan müsahibəsini oxuyub onun “quşlar”ını gözünə soxmaq üçün xüsusi diplomatik istedad lazım deyil. Yeri gəldi müşahidəmi deyim: Azərbaycan Prezidenti İlham Əliyev yenə də Ermənistanla siyasi-diplomatik mübarizəni təkbaşına aparır. XİN bu işin yalnız texniki tərəflərini görür. Təəssüf...

Bəs nə deyib Mirzoyan? Erməni nazir Prezident İlham Əliyevin Dağlıq Qarabağın olmadığı, Qarabağ münaqişəsinin həll edildiyini, ATƏT-in Minsk Qrupunun olmadığı barədə bəyanatlarına toxunub. Nazir vurğulayıb ki, “Azərbaycan prezidentinin imzaladığı və qüvvədə olan, Dağlıq Qarabağın olduğunu bildirən sənəd var və bu sənəd 9 noyabr tarixli üçtərəfli bəyanatdır”. Mirzoyan iddia edib ki, Azərbaycan Prezidenti bu sənədi imzalamaqla “Dağlıq Qarabağın mövcudluğunu tanıyıb və bu, danılmaz faktdır”.

Mirzoyanın istnad etdiyi sənəddə həqiqət də Dağlıq Qarabağ ifadəsi var. Amma Mirzoyan unudur ki, Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra əvvəlki danışıqlardakı statusunu itirib, rəsmi şəkildə inzibati-ərazi vahidi kimi də ləğv olunub. Azərbaycan Prezideninin 2021-ci il iyun ayının 7-də imzaladığı fərmana görə bəli, Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzalanan fərman əsasında Qarabağ iqtisadi zonası yaradılıb, bütün Qarabağa aid olan rayonlar orada birləşib. Bunu təsdiq edən sənəd açıq resurslarda var və Mirzoyan onu tapıb tanış ola bilər. “Dağlıq Qarabağ yoxdur” deyəndə Azərbaycan Prezidenti də, dövlət qurumları da, cəmiyyəti də, media da o fərmana istinad edir. Bu qədər sadə...

Ermənistan xarici işlər naziri İlham Əliyevin ATƏT-in Minsk Qrupunun da olmadığı haqda dediklərinə cavab verməyə çalışıb. Erməni nazir əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrlərinin öz öhdəliklərini təsdiqlədikləri haqda hansasa rəsmi bəyanatlardan danışıb. Deyib ki, ATƏT-in Minsk Qrupunun adı Paşinyanla Rusiya prezidentinin aprelin 19-da qəbul edilmiş birgə bəyanatda da vurğulanıb. “Yalnız son bir həftədə ABŞ və Fransadan oxşar bəyanatlar səslənib. 2021-ci ilin dekabrında Stokholmda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının sammitində də “Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu həmsədrlərinin müstəsna rolunu qeyd ediblər. ATƏT-in Minsk Qrupunu Azərbaycan deyil, beynəlxalq ictimaiyyət yaradıb. Ona görə də Azərbaycan onu nə buraxa, nə də öz missiyasını başa vurmuş hesab edə bilər. Həmin beynəlxalq ictimaiyyət indi ATƏT-in Minsk Qrupunun mövcudluğunu bəyan edir” deyə, Mirzoyan mövzu ətrafında vurnuxub.

Ermənistanın Mİnsk Qrupunun qulpundan niyə bərk-bərk yapışdığı haqda çox yazılıb. Ermənistan Mİnsk Qrupunu danışıqlara cəlb etmək üçün müharibə bitəndən bəri dəridən-qabıqdan çıxır. Amma Mirzoyan bu qədər “arqument” gətirərkən, nədənsə, Rusiya xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi bəyanatı “yaddan çıxardır”. Halbuki Rusiya xarici işlər naziri aprelin 8-də məhz Mirzoyanla görüşdən sonrakı brifinqdə bəyan etmişdi ki, anti-Rusiya dalğası kontekstində Qərb ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmini ləğv edib: “ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ danışıqları üçün nəzərdə tutulan kvota ləğv edilib. Bizim fransalı-amerikalı həmkarlarımız rusofobiya hissi ilə dedilər ki, bizimlə bu formatda əlaqə saxlamayacaqlar”. Əslində bununla da Lavrov rəsmən bəyan etdi ki, ATƏT-in Minsk Qrupu yoxdur.

Mirzoyan özünü “saga-sola” vuraraq bu dəfə ABŞ-ın İrəvandakı ermənipərəst səfirinin özlərindən başqa heç kimə gərək olmayan “fikirlərinə” istinad edib. Mirzoyan deyib ki, səfir ABŞ-ın rəsmi mövqeyini ifadə edərək “Dağlıq Qarabağ münaqişəsinin olduğunu bəyan edir, həmin bəyanatda Dağlıq Qarabağın statusu məsələsinin gündəmdə olduğu, ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun qüvvədə qaldığı vurğulanır”. Mirzoyanın “saman çöpündən” yapışmasının səbəbi bəllidir. İrəvandakı səfir neçə müddətdir bu cür “bəyanatlar” verir, ermənilərdən “molodes” alır. Amma Azərbaycan üçün bir səfirin yox, Vaşinqtonun, prezident Co Baydenin, dövlət katibi Entoni Blinkenin mövqeyi əsasdır. Onlar isə ermənipərəst səfirin mövqeyini hələ ki, ifadə etmirlər, edəcəklərsə, onlar da “status” məsələsində Azərbaycandan heç bir güzəşt ala bilməyəcəklər. Əlbəttə, Mİrzoyanın su bulandırması, ermənipərəst səfirin mövqeyini qabartması həm də ABŞ-Azərbaycan münasibətlərinə kölgə salmaq cəhdidir ki, bundan da bir fayda çıxmaz…

Mirzoyan “İlham Əliyev dedi ki, Brüsseldə Naxçıvanı Azərbaycanla birləşdirən dəhlizin Meğridən keçəcəyi ilə bağlı razılıq əldə olunub” sualına cavabı da sürüşkəndir: “Biz Ermənistanın mövqeyini daim müəyyən edirik. Ola bilsin, biz bir daha təkrar edirik: Ermənistan ərazisində hər hansı dəhlizin mövcudluğu istisna olunur. Söhbətlərimiz sırf yolların açılması, bağlanmasının açılması, nəqliyyat və iqtisadi kommunikasiyalar haqqındadır”. Ermənistan rəsmilərinin “Zəngəzur dəhlizi” terminindən qətiyyətlə qaçır, qısqanclıqla yanaşır. Bu terminin müəllifinin də Prezident Əliyev olduğu məlumdur. Zəngəzur dəhlizi termini erməniləri nə qədər narahat etsə də, tarxi Azərbaycan torpağının adı canlarını yandırsada, bu prosesin qarşısını kəsə bilməyəcəklər. Necə ki, “Dağlıq Qarabağ yoxdur” gerçəyini gec-tez qəbul edəcəklər, eyni ilə Zəngəzur dəhlizi terminini də həzm edəcəklər.Üstəlik, necə adlanmasından asılı olmayaraq, bu nəqliyyat marşrutunun açılması sadəcə, zaman məsələsidir...

Mənbə: yenisabah.az