"Sülhməramlıların komandanını Bakıya çağırıb qulaqburması verilməlidir" - Polkovnik

"Sülhməramlıların komandanını Bakıya çağırıb qulaqburması verilməlidir" - Polkovnik<span class="qirmizi"></span>

Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adı silinib.

Redaktor.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi xəritəni sonuncu dəfə 21 iyun 2022-ci il tarixində yeniləyib.

Bununla bağlı saytımıza danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etdiyi xəbərdarlıqları diqqətə almır.

“Rusiya Müdafiə Nazirliyi özünü qanmazlığa qoyub. Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə Rusiya tərəfinə xəbərdarlıq etməsinə baxmayaraq, adı Rusiya sülhməramlıları olan, amma konkret olaraq nə işlə məşğul olduğu bəlli olmayan bir qurumu hoqqabazlıqla məşğuldur. Xəritədə onların nəzəratində olmayan Azərbaycan ərazilərini nəzarət dairələrinə salırlar, “Dağlıq Qarabağ” ifadəsini istifadə edirlər, hələ də Xankəndini “Stepanakert” olaraq yazırlar”, - deyə ekspert bildirib.

Polkovnikin fikrincə, Azərbaycan Müdafiə Nazirliyi bu məsələ ilə bağlı dərhal münasibət bildirməli idi:

“Mən təəccüb edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi nədən Rusiya sülhməramlılarının komandanını Bakıya çağırıb onlara qulaqburması vermir? O general kimdir ki? Gah Xankəndinin adını silirlər, gah bir yaşayış məntəqəsini xəritədə göstərirlər, digərini göstərmirlər. Bunun bir sonu olmalıdır”.

Üzeyir Cəfərov Rusiya sülhməramlılarının keçmiş komandanı, general-leytenant Rüstəm Muradovun Mahaçqalada keçirilən görüşdə TASS-a bildirdiyi “Rusiya sülhməramlılarının Qarabağdakı missiyası uzadılacaq” fikrinə də münasibət bildirdi.

“Bu məsələdə özümüz günahkarıq. Ona görə ki, 2 gündür, rus sülhməramlılarının bədnam komandiri Rüstəm Muradov Rusiya sülhməramlılarının hələ bundan sonra da Azərbaycanda qalacağını bəyan edib. Necə olur ki, Azərbaycan XİN buna cavab vermir ki, sən kimsən, Azərbaycanın suveren ərazisi ilə bağlı fikir səsləndirirsən? Üstündən bir sutka vaxt keçib, amma hələ də cavab verilməyib. Buna görə də, rus istədiyini edir”.

Qeyd edək ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adının silinməsi ilə bağlı mediada fotoşəkil yayılmışdı.

Nərmin Vüqarqızı

Mənbə: redaktor.az