Kəmalə Ağazadə tiktoker Ləman Vəliyevaya ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi - "Ciddi davranış pozuntusu var"

Kəmalə Ağazadə tiktoker Ləman Vəliyevaya ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi -   "Ciddi davranış pozuntusu var"<span class="qirmizi"></span>

“TikTok tərbiyəvi məsələlərə daha çox diqqət olunacaq yerdir. Yəni maarifləndirmə üçün təbliğatın aparılması istiqamətində çox maraqlı bir platformadır. Digər ölkələrin buradakı paylaşımlarını, eləcə də vətəndaşların normal davranış nümayiş etdirdiyi paylaşımları da görürürəm. Burada istər ekologiya, təbiətlə bağlı, istər məişət məsələləri, istərsə də mətbəxlə bağlı çox gözəl paylaşımlar var. Bizdə isə nədənsə daha çox ədəb-ərkan, təlim-tərbiyə qaydalarından kənarda olan məsələlər Tiktokda öndə gedir. Bu da yanaşmamızdan irəli gəlir. Hansısa səhv addımların qarşısını vaxtında alınarsa, geniş yayılmaz. Daha əvvəl sosial şəbəkələrdə, elə TikTokda da narkotik vasitələrin təbliğatı gedirdi və buna qarşı reaksiya veriləndən sonra onların sayı nə qədər azaldı. İnsanlar məsuliyyətlərini bilməlidirlər. Onlar bilməldirlər ki, nə olar, nə olmaz. Bu gün TikTokda nənə də görürük, nənə nəvəsinə qarşı olan sevgisini paylaşılırsa, bu, əlbəttə, gözəldir, nəinki nənənin söyüşlə bildirdiyi hər hansı bir fikir. Təəssüflər olsun ki, ikinci hal insanlar tərəfindən daha çox maraq cəlb edir.”

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

K.Ağazadə qeyd edib ki, yeniyetmələrin, gənclərin fikrinin formalaşdırılmasında TikTok və digər platformalar önəmli yer daşıyır: “Aidiyyatı dövlət qurumları sosial platformalardakı cəmiyyətə mənfi təsir edən paylaşımlara ciddi münasibət, reaksiya versələr, vəziyyət yaxşı olacaq. İnsanlar bilməlidirlər ki, uşağı monitor qarşısında oturtmaq, sonra da ağızdan çıxan sözlərə fikir verməmək həm uşağın psixologiyasını pozur, həm də bu cəmiyyətə mənfi təsir göstərir. Yəni onlar buna görə hansısa cəzanın olmasını anlamalıdırlar. Bu fikir onların beyninə oturarsa, bir daha bunu təkrarlamayacaqlar.”

K.Ağazadə, həmçinin son zamanlar TikTok videolarında uşağın yanında qeyri-etik ifadələr işlədən Ləman Vəliyeva ilə bağlı müəyyən dövlət orqanlarına müraciət etdiyini də bildirib: “Bu istiqamətdə işlər aparılacaq. Şifahi olaraq mənə bildirilib ki, müraciət aidiyyatı qurumlara yönləndiriləcək. Əsas məsələ uşağın ananın əlindən alınması deyil, ananın özü ilə iş aparmaq lazımdır. Belə bir halın yaranmasında kütləvi informasiya vasitələrinin, televizyiaların rolu heç də az olmadı. Onlar "tiktoker", nə bilim "bloger" kimi ortaya çıxarmaqla hansı müsbət tərəflərini ortaya qoya bildilər? Bu gün sanki sosial şəbəkələr rahat qazanc əldə etmək yerinə çevrilib. Kimsə bunu özünə örnək götürüb pul qazanırsa, qoysun ortaya ki, o axı nə ilə örnək olur? Söyüşlə? Belə halların qarşısı alınmalıdır. Konkret o qadına gəldikdə düşünürəm ki, ciddi davranış pozuntusu var. Bunlar onun yaşadığı travmalardan sonra yaranan post-travmatik sindromlardır və aradan qaldırılması üçün mütləq mütəxəssislərə müraciət olunmalıdır. Ona dəstək verilməlidir. Ən son məqamda uşağın anadan alınmasını məsələsini ortaya qoymaq olar. Bəlkə də adam bilmir ki, nə olar, nə olmaz. Ümumiyyətlə, bu gün cəmiyyətdə daha çox "Uşaq mənim əşyamdır" fikri formalaşıb. Yəni mən nə istəyirəm, onu da edərəm. Xeyr, uşaq sənin əşyan deyil. Uşaq sənin övladın olduğu qədər dövlətin də məsuliyyətində olan bir vətəndaşdır"

Leyla Yusubova

Mənbə: pravda.az