“Zəngəzur məsələsi Ermənistanın rəyi soruşulmadan həll edilə bilər” – Politoloq

“Zəngəzur məsələsi Ermənistanın rəyi soruşulmadan həll edilə bilər” – Politoloq<span class="qirmizi"></span>

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin iyunun 22-də keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, büdcəyə edilən yeni artım Zəngəzur yolunun açılması üçün Prezident planının gücləndirilməsinə xidmət edir:

“Biz indi nəinki sərhədlərin açılması, eləcə də Naxçıvanla quru kommunikasiya ilə birliyi üçün 42 km-lik Qərbi Zəngəzur yolunu da tikməyə hazır olmalıyıq”

Bəs, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin Azərbaycan tərəfindən inşa edilməsi nə qədər realdır?


Mövzunu Bizim.Media üçün şərh edən politoloq Amid Əliyevin sözlərinə görə, Ermənistan bu məsələnin müxtəlif siyasi və iqtisadi interpretasiyalarını verməyə çalışır:

“Ancaq Azərbaycanın bu istiqamətdə mövqeyi daha dəqiq və dəyişməzdir. Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Bu barədə ölkə başçısı öz fikirlərini açıq şəkildə bildirib. Sonuncu dəfə isə IX Bakı Qlobal Forumunda iştirakı zamanı bir daha bildirdi ki, Zəngəzur dəhlizi açılmadan sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Bu Ermənistan siyasi rəhbərliyinə və erməni xalqına verilən siyasi bir messajdır. Əgər ermənilər Laçın dəhlizindən rahat və təhlükəsiz şəraitdə istifadə edirlərsə, Azərbaycan da analoji olaraq Zəngəzur dəhlizindən eyni şərtlər daxilində istifadə etməlidir.

Politoloq qeyd edib ki, indi Ermənistan tərəfindən konstruktiv addımların atılması gözlənilir:

“Lakin, Ermənistanın xarici siyasətindəki tərəddüdlü məqamlar, eləcə də Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsindəki gözləntiləri bu istiqamətdə qəti addımların atılmasını bir qədər gecikdirir. Bununla yanaşı, radikal müxalifət, narazı xalq və xarici təzyiqlər də bu məsələnin reallaşmasını gecikdirir.

Bunların əksinə olaraq Azərbaycanın bu məsələdə prinsipial mövqeyi ortadadır. Zəngəzur dəhlizinin açılması təkcə nəqliyyat baxımından deyil, eləcə də enerji ixracı baxımından da vacibdir.
Bu məsələdə həm region dövlətləri, həm də qlobal güc hesab olunan dövlətlər Azərbaycanı dəstəkləyirlər. Bununla yanaşı Zəngəzur dəhlizinin açılmasının gecikməsi və ya reallaşmasına süni əngəllərin yaradılması Laçın dəhlizinin işinə neqativ təsir edəcək”.

Amid Əliyev əlavə edib ki, Qarabağda yenidənqurma və bərpa işlərinin getdiyi bir dövrdə Azərbaycan dövləti üçün bu dəhlizin inşası prioritet olaraq qalır:

“Çindən Avropaya uzanan ticarət yolunda ortaq dəhliz rolunu oynayacaq bu dəhlizin açılması zaman məsələsidir. Ermənistan siyasi rəhəbərliyi isə onu himayə edən siyasi patronajları və oliqarxiya qrupları ilə ortaq maraq kəsb edən məqamlar tapmalıdır.
Əks halda Zəngəzur dəhlizinin həm siyasi, həm iqtisadi və həm də regional əməkdaşlıq çərçivəsindəki əhəmiyyəti Azərbaycana imkan verəcək ki, bu məsələni də Ermənistanın rəyi soruşulmadan həll eləsin. Ən azından ona görə ki, bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır”.

Murad Əhmədov, Bizim.Media

Mənbə: bizim.media