Laçının Zabux kəndinin taleyi necə həll edilməlidir?

Laçının Zabux kəndinin taleyi necə həll edilməlidir?<span class="qirmizi"></span>

Elşad Həsənov: “Zabuxla bağlı məsələnin Moskvada həll olunması bir az gülməli gəlir”

“Hraparak” nəşri öz mənbələrinə istinadən yazır ki, Qarabağdakı separatçı-terrorçu dəstənin “rəhbəri” Araik Arutyunyan Moskvadadır. Nəşrin iddiasına görə, Arutyunyan bir neçə gündür Rusiyaya gedib və Moskvada müxtəlif dairələrlə görüşlər keçirir. Səfərin gizli şəkildə edildiyi bildirilir. “Səfərin məqsədi Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Zabuxun Azərbaycana təhvil verilməsi məsələsini aydınlaşdırmaqdır”.

Qeyd edilir ki, 10 noyabr Bəyannaməsinin şərtinə görə, Laçın dəhlizinə alternativ marşrut istifadəyə verildikdən sonra şəhərin mərkəzi və dəhliz üzərində yerləşən ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Bu da erməniləri bərk əndişələndirib, odur ki, Araik “məsələhətləşmək” üçün birbaşa Moskvaya gedib.

Məlumat üçün bildirək ki, Araikin özünə əl qatmasına baxmayaraq, Zabuxda məskunlaşan ermənilərin “bələdiyyə sədri” erməni əhalinin qalıb rəsmi Bakının nəzarətində yaşamaq istədiyini bəyan edib.

Bu məsələ necə həll olunmalıdır? Moskvadamı həll olunmalıdır? Əgər Zabux kəndində yaşayanlar Ermənistana tabe olmaq, mənsubiyyəti dəyişmək istəmirlərsə, bunun Moskvada müzakirə olunmasına ehtiyac varmı? Ümimiyyətlə, bu məsələ necə həll olunmalıdır? Ora Azərbaycanın ərazisidir və orada yaşayanlar da Ermənistana tabe olmaq istəmirlərsə məsələnin həlli yolları nədən ibarətdir?

“Ora Azərbaycan ərazisidir və bu ərazinin məsələsinin həlli Moskva ilə bağlı ola bilməz”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Zabux Laçının kəndidir: “Bura qədim Azərbaycan torpağıdır. 1992-ci ilə qədər Zabuxda azərbaycanlılar yaşayıb. İşğal dövründə isə orda ermənilər gəlib yerləşiblər. Hətta orada Livandan və başqa xarici ölkələrdən köçürülən ermənilərin məskunlaşdırılması məsələsi də var. Ora Azərbaycan ərazisidir və bu ərazinin məsələsinin həll olunması Moskva ilə bağlı ola bilməz. Araik Artunyunyanın Moskvaya getməsinin səbəbi başqa məsələlər ola bilər. Bunlar görünən tərəf kimi Zabux kəndini göstərirlər, ancaq sizə deyim ki, son dövrlər sülh müqaviləsinin bağlanması üçün üçtərəfli görüşlər daha mütəmadi hal alıb. O cümlədən, Rusiya ilə bu işdə aktivliyi artırmağa başlayıblar. Xüsusilə sərhədlərin delimitasiyası məsələləri ilə bağlı artıq üçüncü görüş keçirildi, sonuncu görüş Sankt-Peterburqda baş tutdu. Rusiya baş nazirinin müavini Overçuk Türkiyədə oldu, Ərdoğanla görüşdü. Yəni proses aktivləşir. 2020-ci ilin 10 noyabrında imzalanmış bəyannamənin bəndlərinin yerinə yetirilməsi, xüsusilə də Zəngəzur dəhlizinin açılması Rusiya üçün çox böyük önəm daşıyır. Mən əvvəllər də demişdim, Qərb Rusiyaya sanksiyalar tətbiq etdikdən sonra artıq Zəngəzur dəhlizi onun üçün bir pəncərədir, nəfəslikdir. Çünki onlar Şərqə, Çinə, Hindistana neftini, qazını, digər mallarını satmaq üçün bu dəhlizdən istifadə edə bilər. Artıq son günlər bu istiqamətdə ciddi iş aparırlar. Məhz buna görə də ola bilsin ki, hansısa məsələləri Araik Artunyunyana xatırladacaqlar, onu başa salacaqlar. Təbii ki, müəyyən məsələlərdə Nikol Paşinyan bağlanmış üçtərəfli bəyannaməni yerinə yetirməyə çalışır, ancaq daxildə olan müxalifət qüvvələri, eyni zamanda Qarabağ klanı bu işə maneçilik törətmək istəyir. Belə başa düşürəm, Araik Artunyunyanı ona görə Moskvaya çağırıblar ki, orada onunla müvafiq söhbət aparılsın”.

E.Həsənovun sözlərinə görə, iyunun 22-də teleqram kanallarında Araik Artunyunyanın saxlandığına dair məlumatlar yayıldı, iyunun 23-ü səhər isə onun sərbəst buraxıldığı bildirildi. E.Həsənov güman edir ki, onun Moskvaya getməsi bizim müvafiq orqanların nəzarətindədir. A.Artunyunyanın separatçı-terrorçu dəstənin başçısı kimi Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyini xatırladan müsahibimizin sözlərinə görə, ola bilsin, burada bizim müzakirə etdiyimiz məsələlərdən başqa məsələlər var: “Ona görə də onun orada müəyyən görüşlər keçirməsinə bizim respublika rəhbərliyi normal yanaşır. Qarabağda olan separatçı qüvvələr, eyni zamanda revanşist qüvvələrin Moskvadakı erməni lobbisi ilə sıx əlaqələri mövcuddur. Görünür, onların da bu işdə müəyyən maraqları var. Görüşlərdən sonra biz bu barədə dəqiq məlumatlar əldə edəcəyik. O zaman biz bunu dəqiq qiymətləndirə bilərik. Ancaq onu deyim ki, Zabux kəndi Laçın rayonuna aiddir və qədim Azərbaycan kəndidir. Zabuxla bağlı məsələnin Moskvada həll olunması bir az gülməli gəlir. Biz öz ərazimizi heç kəsə verəsi deyilik. Azərbaycan öz ərazilərini bərpa edib, müəyyən bir hissə qalıb. Azərbaycan dövlətinin apardığı düzgün siyasət nəticəsində biz o ərazilərimizi də qaytarıb ərazi bütövlüyümüzü bərpa edəcəyik. Qarabağda yaşayan ermənilərin də təhlükəsizliyinə və onların hüquqlarının qorunmasına biz zəmanət veririk”.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com