Ukraynadan sonra rusların hədəfi bilindi – Baltikyanı...?

Ukraynadan sonra rusların hədəfi bilindi – Baltikyanı...?<span class="qirmizi"></span>

“İndi rusiyalıların Estoniya ərazisinə yönəlmiş raket hücumlarını imitasiya etdiyi təlimləri var”. Bunu Estoniyanın müdafiə naziri Kusti Salm Finlandiyanın “İltalehti” qəzetinə bildirib.

Müdafiə naziri, həmçinin, Rusiya helikopterinin Estoniyanın hava məkanını pozduğunu xatırladaraq, bunun son zamanlar dəfələrlə baş verdiyini vurğulayıb: “Rusiya helikopterləri bir neçə dəfə sərhəd pozuntusuna yol verib. Söhbət sahildən 50 mil uzaqlıqdakı gəmilərdən və ya təyyarələrdən getmir, helikopterlərdən gedir. Helikopter sərhədi təsadüfən keçmir”. Xatırladaq ki, iyunun 18-i axşam saatlarında Rusiyanın “Mi-8” sərhəd gözətçi helikopteri Estoniyanın cənub-şərqindəki Koydula bölgəsində Baltikyanı ölkənin hava məkanını pozub. Qanun pozuntusu ilə bağlı etiraz olaraq Rusiya səfiri Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb. Bunlar fonunda iddialar yayılıb ki, Ukraynadan sonra Rusiyanın hədəfi Baltikyanı ölkələr olacaq. Bəzi rus ekspertlərinin fikrincə, Rusiya ilə dinc şəkildə birlikdə yaşamaq prinsiplərini rədd edən Baltikyanı ölkələr Ukrayna ssenarisi üzrə demilitarizasiyaya can atırlar. Bu fikir Litva ərazisindən Kalininqrada Qərbin sanksiyalarına düşən bir sıra yüklərin tranzitinin dayandırılmasından sonra daha da artıb. Litva iyunun 18-də Kalininqrad vilayəti ilə Rusiyanın əsas ərazisi arasında sanksiyaya məruz qalan yüklərin daşınmasını dayandırıb. Bundan sonra Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov bildirib ki, Litvanın bu qərarı regionun iqtisadi cəhətdən blokadaya alınması deməkdir. Onun sözlərinə görə, Rusiya qərarın yenidən nəzərdən keçirilməsini tələb edəcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edir ki, Moskvanın Litvanın Avropa İttifaqının sanksiyaları altında olan malların Kalininqrad vilayətinə tranzitini qadağan etməsinə reaksiyası diplomatik yox, praktik xarakter daşıyacaq: “Əsas suallardan biri cavabın diplomatik olub-olmayacağı ilə bağlıdır. Cavab “yox”dur. Cavab diplomatik deyil, praktik olacaq”. Federasiya Şurasının üzvü Andrey Klişas isə Rusiyanın buna cavabının çox sərt olacağını deyib. Rusiya Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri və Liberal Demokrat Partiyasının lideri Leonid Slutski bildirib ki, Litvanın hərəkətlərinə cavab olaraq Rusiya Litva yük maşınlarının öz ərazisindən tranzitinə qadağa qoya bilər: “Biz sırf siyasi qərar, antirusiya qərarını görürük. Cavab olaraq biz nəzəri şəkildə Litvanın yük maşınlarının Rusiya ərazisindən tranzitinə qadağa qoya bilərik. Litva Klaypeda vasitəsilə Avropa yüklərinin tranzitindən ciddi pul qazanır, ona görə də bu onlar üçün böyük zərbə olacaq”.

Litva prezidenti Qitanas Nauseda isə qeyd edir ki, ölkəsi Rusiyanın qeyri-dost hərəkətlərinə hazırdır. O bildirib ki, Rusiya Kalininqrad vilayətinə yüklərin tranzitinin dayandırılmasına cavab olaraq respublikanı BRELL enerji halqasından ayıra bilər: “BRELL enerji halqası Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın enerji sistemlərinin vahid cərəyan tezliyində sinxron işləməsi üçün sistemdir. Bu müqavilə 2001-ci ildə imzalanıb. Bu sazişə əsasən, beş ölkənin elektrik ötürücü xətləri ümumi fəaliyyət prinsipləri əsasında şərti enerji halqasına birləşdirilib və elektrik enerjisinin mübadiləsini və bir-birinin ehtiyatla dəstəklənməsini təmin edir”. Rusiyanın sabiq baş naziri Mixail Kasyanov da bu fonda qeyd edir ki, Ukrayna müharibədən məğlub çıxarsa, sırada Baltikyanı ölkələrdir. Onun sözlərinə görə, rəsmi Moskvanın Ukraynaya qarşı müharibəsinin nəticəsi Rusiyanın gələcəyini müəyyənləşdirəcək. ABŞ-ın “The Hill” nəşri də yazır ki, Rusiya rəhbərinin iştahı artır: “Bir sıra Avropa ölkələri potensial qurban ola bilər. Prezident Vladimir Putin Ukraynaya qarşı müharibə ilə məhdudlaşmayacaq. O, digər ölkələri, o cümlədən NATO üzvlərini ələ keçirməyə cəhd edə bilər. Putin Rusiya imperiyasının sərhədlərinə qayıtmağa çalışır. Bunun üçün o, bir sıra Avropa ölkələri üzərində nəzarətə nail olmalıdır. Putinin potensial qurbanlar siyahısına təkcə Estoniya, Latviya və Litva deyil, həm də Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir. NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi barədə qərar qəbul etməkdir. Rusiyaya qarşı sanksiyalar Putini qoşunlarını Ukraynadan çıxarmağa sövq etməsə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, “müdafiədə oynamaq” kifayət deyil”. Qeyd edək ki, bundan öncə Ukrayna prezidenti Volodimir Zelenski Qərb dünyasına xəbərdarlıq edərək, Rusiyanın hücumlarının ölkəsilə kifayətlənməyəcəyini bildirmişdi. Bunlar fonunda Baltikyanı ölkələr ərazilərində NATO qüvvələrinin artırılmasını istəyir. Bu məsələ bir neçə gün əvvəl NATO baş katibi Yens Stoltenberqin Estoniya, Latviya və Litvanın baş nazirləri ilə görüşündə əsas diqqət mərkəzində yer alıb. NATO-nun baş katibi və baş nazirlər alyansın şərq qanadında NATO-nun müdafiə mövqeyinin əhəmiyyətli dərəcədə gücləndirilməsini müzakirə ediblər. Hazırda NATO-nun birbaşa komandanlığı altında, əsasən alyansın şərq hissəsində, o cümlədən Estoniya, Latviya və Litvada 40 min hərbçi var. Bu ayın sonunda Madriddə keçiriləcək NATO sammitində liderlər yeni təhlükəsizlik reallığı ilə bağlı alyansın mövqeyini müzakirə edəcək.

Nahid SALAYEV

Mənbə: www.baki-xeber.com