Ermənistan hakimiyyəti və Qarabağ erməniləri Azərbaycanın yaratdığı reallıqlarla barışmalı oldu...

Ermənistan hakimiyyəti və Qarabağ erməniləri Azərbaycanın yaratdığı reallıqlarla barışmalı oldu...<span class="qirmizi"></span>

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar artıq Ermənistanda da qəbul edilir və bu prosesin daha geniş vüsət alacağı proqnozlaşdırılır. Ermənistan hakimiyyət təmsilçilərinin açıqlamaları isə bu qənaətə gəlməyə əsas verir ki, yeni reallıqlar rəsmi səviyyədə də qəbul olunur.

Məsələn, Ermənistan prezidenti Vaaqn Xaçaturyan müxalifətin “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” tələbinə cavabında qeyd edir: “Biz siyasəti diplomatiyadan, populizmi ictmai bəyanatlardan fərqləndirməyi bacarmalıyıq. Biz bunlara əməl etməyi bacarmır, hamısını qarışdırırıq. Biz realist olmalıyıq. Siz bunu bəyan edəndə manevr hüququnuzu itirirsiniz”.

Müxalifətlə dialoqa açıq olduğunu bildirən V.Xaçaturyan deyib ki, müxalifətin indiki “Müqavimət hərəkatı”nı 1988-ci ildə “Qarabağ hərəkatı” ilə müqayisə etmək olmaz. Ermənistanın “Şərəf duyuram” fraksiyasından olan deputat Tiqran Abramyan isə məsələnin başqa tərəfinə diqqət çəkir: “Məndən tez-tez soruşurlar ki, niyə hökumət rəsmiləri Qarabağa səfər etmir. Bu sual daim havadan asılı qalır. Bir tərəfdən, deyəsən, bu sualın cavabı göz qabağındadır, digər tərəfdən də mövzu daim müxtəlif intensivliklə müzakirə olunur. İnsanlar aydın bilirlər ki, hakimiyyətin ideya və proqramlarında Qarabaö yoxdur, bu ərazi Azərbaycanın bir hissəsi olmalıdır. İndi niyə gəlsinlər? Onlar üçün Qarabağ yoxdur. Bundan başqa, onlar üçün Zəngəzur də yoxdur, maraqlıdır ki, onlar bunu gizlətmədən bu istiqamətdə irəliləyirlər”. Erməni müxalifətini qorxudan həm də odur ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalayacaq, sərhədlərin müəyyən edilməsini həyata keçirəcək. Yeri gəlmişkən qeyd edək ki, bu xüsusda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova maraqlı açıqlanmalar verib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistanın ayrı-ayrı sərhədyanı rayonlarında vaxtaşırı baş verən insidentlər, problemlər sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın planlı və müntəzəm işinin aktuallığını və vacibliyini təsdiq edir: “Biz delimitasiya ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını ən yaxın vaxtda Moskvada keçirməyə hazırıq. Bildiyiniz kimi, tərəflər ikinci iclasın Moskvada keçirilməsi barədə mayın 24-də razılaşıb. Əlbəttə ki, sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi ilə bağlı addımların atılması vacibdir. Bundan başqa, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun fəaliyyətinin aktivləşməsini alqışlayırıq. Bildiyiniz kimi, İşçi Qrupun iyunun 3-də X iclası keçirilib. Tərəflər bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırıblar. Müzakirələr 16-17 iyun tarixlərində Peterburq İqtisadi Forumu çərçivəsində də davam etdirilib. Rusiya tərəfi məlum prosesə kömək etməyə davam edir”. Xatırladaq ki, Azərbaycanı İşçi Qrupda Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk, Ermənistanı isə Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir.

İndi Ermənistanda belə fikirlər də səslənir ki, ölkənin Azərbaycan və Türkiyə ilə sx əməkdaşlığına ehtiyacı var. Erməni ekspert Vahe Davtyan bu xüsusda bildirir ki, Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan Azərbaycanın elektrik enerjisi üçün təkcə tranzit ölkə yox, həm də idxalçı və istehlakçı olacaq. Onun sözlərinə görə, Ermənistan bunun üçün artıq bütün şərtləri yaradıb: “Bu ilin fevral ayından etibarən Ermənistanın elektrik enerjisi bazarı liberallaşdırılıb. Bu o deməkdir ki, lisenziyalı şirkətlər xarici bazarlardan elektrik enerji idxal edə bilər”. Bunlara paralel olaraq, Qarabağda qalan ermənilərlə bağlı baş verənlər də təsadüf hesab edilmir. Məlumdur ki, artıq Laçında olan ermənilərin bir hissəsi Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşıb. Laçının Zabux kənd bələdiyyəsinin “rəhbəri” Andranik Çauşyan bu xüsusda bildirib: “Laçın yoluna alternativ yol çəkildikdən sonra Ermənistan hökuməti bütün əhalini Zabux kəndindən çıxaracaq. Bundan sonra bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Amma əhali buranı tərk etmək istəmir. Bakının nəzarəti altında yaşamaq daha yaxşıdır. Biz siyasəti başa düşmürük, televizora da baxmırıq. Biz dinc cəmiyyətdə yaşamalıyıq. İrəvan hətta bizə pul təklif edir, evlərimizə qiymət deyir, amma biz kənddə qalacağıq”. Belə mövqedə olanların sayının daha da artması gözlənilir. Bu da ermənilər arasında Azərbaycanın yaratdığı reallıqları qəbul edənlərin sayının artmasının növbəti təsdiqi hesab oluna bilər. Erməni politoloq Manya Soqomonyan diqqəti bu durmda ona yönəldir ki, Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətinə sayılı günlər qalıb: “Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdəki ifadələri buna əyani sübutdur. Nikol Paşinyan açıq mətnlə etiraf edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. O öz çıxışı ilə Ermənistanın 20 ildən artıq müddətdə həyata keçirdiyi diplomatik prosesi yox etdi. Artıq biz də bunu anlamalıyıq. Yaxın müddət ərzində bu söhbətlərə son qoyulacaq. Rus sülhməramlılarının Qarabağdan çıxma prosesi artıq bağlı qapılar arxasında danışılıb. Bu proses başlayan kimi bütün Qarabağa nəzarət tam olaraq Bakıya keçəcək”. Bütün bunlar Qarabağ ermənilərinin taleyinin Azərbaycandan asılı olduğunu bir daha təsdiqləyir.

Samirə SƏFƏROVA

Mənbə: www.baki-xeber.com