Siyasi partiyalara ayrılan vəsait artırılmalıdırmı? – Partiya funksionerlərinin MÜNASİBƏTİ

Siyasi partiyalara ayrılan vəsait artırılmalıdırmı? – Partiya funksionerlərinin MÜNASİBƏTİ<span class="qirmizi"></span>

“Bu gün dövlətin büdcəsində bu imkanlar yoxdursa, bir söz deyə bilmərəm”.
Bunu Bizim.Media-ya açıqlamasında Mill Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev maliyyə naziri Samir Şərifovun parlament partiyalarına büdcədəna yrılan vəsaitin artırılmayacağı barədə verdiyi açıqlamasına münasibət bildirərkən deyib:
“Siyasi partiyalara büdcədən ayrılan vəsaitin artırılıb-artırılmaması bir neçə dövlət qurumunda müzakirə olunur. Bununla bağlı müəyyən müzakirələr aparılır. Bu gün dövlətin büdcəsində bu imkanlar yoxdursa, bir söz deyə bilmərəm. Amma ümumilikdə hazırkı məbləğ siyasi partiyaların təşkilatlanmasına, güclənmələrinə, ümumiyyətlə partiya kimi formalaşmasında çətinlik yaradır.
Məbləğ yüksək olarsa, bu siyasi partiyaların inkişafı və onunla bərabər siyasi mədəniyyətin də formalaşmasına gətirib çıxarar. Vəsaitlərin çox olması bizə tədbirlərin, konfransların keçirilməsinə, üzvlərin bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələqin qurulması kimi məsələlərin həllinə xidmət edər.
Bu da ümumilikdə Azərbaycan dövlətçiliyinin xeyrinədir. Gələcəkdə, bunlar nəzərə alınarsa, onu alqışlaya bilərik”.
ReAL-ın icra katibi Natiq Cəfərli isə düşünür ki, indiki dövrdə parlament partiyalarına ayrılan vəsaitin həcmi də artırılmalıdır:
“Parlament partiyalarına büdcədən ayrılan vəsaitin artırılması vacibdir. Dövlət büdcəsi artırılırsa, bu məsələdə də müəyyən artımlara gedilsə daha yaxşı olar. Bu istiqamətdə müsbət addımın atılması partiyaların inkişafına kömək edər ki, bu da ümumilikdə dövlətin maraqları baxımından vacibdir”.
VHP sədrinin müavini Samir Əsədli isə sorğumuza cavabında qeyd edib ki, hazırda partiyalara ayrılan vəsait çox azdır:
“Ona görə büdcə vəsaitlərinə baxılanda bu istiqamətdə artım olsa daha yaxşı olar. İndi ölkədə ciddi qiymət artımı baş verir. Bu mənada partiyalara ayrılan vəsaitin həcmi artsa, mövcud vəziyyətə uyğun partiya aparatında çalışanların əmək haqlarını da artıra bilərdik. Amma indi görünür, bunu edə bilməyəcəyik”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə qəbul edilən qərarı doğru sayır:
“Azərbaycan dövlətinin prioritetləri var. Büdcəyə edilən əlavə və dəyişikliklər də sübut edir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prioritet təşkil edir.
Bu aspektdən düşünürəm ki, dövlət hazırda hansı istiqaməti prioritet hesab edirsə, o sahəyə də vəsaitlərin daha artıq formada cəlb olunmasına çalışmalıdır. İndiki şəraitdə, məhz bu istiqamətdə də addımların atıldığının şahidiyik.
Büdcəyə əlavə və dəyişikliklər ediləndə siyasi partiyalara verilən vəsaitlərin də mütləq artıqılmalı olduğu barədə öhdəlik də yoxdur.
Büdcə hər ilin sonunda növbəti il üçün qəbul olunur. Həmin vaxtı siyasi partiyalara verilən vəsaitlər onsuz da artırılmışdı. Bu aspektdən qəbul edilən qərar doğrudur və ona normal yanaşıram”.

Rüfət Sultan

Mənbə: bizim.media