Ceyhun Məmmədov: “Solovyovun Babayanı “Dağlıq Qarabağın xarici işlər naziri” kimi təqdim etməsi təxribatdır"

“Sovolyovun addımı ikitərəfli münasibətlərə xələl gətirir. Bir müddət bundan öncə Rusiya ilə müttəfiqlik barədə sənəd imzalamışdıq. İyunun 24-də isə Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzaladı. Azərbaycan hər zaman münasibətlərin qorunmasında maraqlı olub. Təəssüf ki, bir sıra hallarda Rusiyanın media qurumlarının bu münasibətlərə xələl gətirdiyini görürük. Jurnalist Vladimir Solovyovun erməni David Babayanı dövlət televiziyasına çıxarması və Azərbaycan əleyhinə fikirlər səsləndirməsi qəbuledilməzdir. Bu, Rusiya və Azərbaycan arasındakı münasibətlərə ciddi xələl gətirir. Hamı nəzərə almalıdır ki, Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Heç bir cəhd, addım Azərbaycanı prinsipial mövqeyindən döndərə bilməz”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Rusiyanın bu kimi addımları münasibətlərin normallaşmasına yox, daha da korlanmasına aparıb çıxarır: “Solovyovun erməni Babayanı “Dağlıq Qarabağın xarici işlər naziri” kimi təqdim etməsi açıq-aydın növbəti təxribatdır, qəbuledilməz addımdır. Belə hallara son qoyulmalıdır. Rusiya mediası, Rusiyada olan ayrı-ayrı şəxslər də bu münasibətlərin qorunmasına çalışmalıdırlar. Bu gün qarşımızda müxtəlif nümunələr var. Hazırda bir sıra keçmiş sovet respublikaları ilə Rusiya arasındakı münasibətlər heç də arzuolunan və yaxşı səviyyədə deyil. Amma cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Rusiya ilə münasibətlərimiz normaldır. İstərdik ki, bunu Rusiya tərəfi də nəzərə alsın. Belə məsələlərdə diqqətli olsunlar. Azərbaycan Vətən Müharibəsində qələbəsini təmin edib, çox güclü Ordusu var... Azərbaycan bütün torpaqlarını azad etməyə qadirdir. Sadəcə çalışırıq ki, münasibətlər qarşılıqlı anlaşma şəraitində həll olunsun. İnanmaq istəyirik ki, digər tərəflər də bu məsələlərdə çox diqqətli və həssas davranacaqlar.

Qeyd: Rusiyalı jurnalist Vladimir Solovyov Azərbaycana qarşı növbəti təxribat törədib. O, özünün "Polnıy kontakt" verilişinə erməni David Babayanı dəvət edib və onu "Dağlıq Qarabağın xarici işlər naziri" kimi təqdim edib. Babayan da öz növbəsində Azərbaycan əleyhinə çıxış edib.

Aytəkin Qardaşova

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Minaya düşərək şəhid olan Rüfət: “Ana, Qubadlını özüm alacağam” - VİDEO

SONRAKI XƏBƏR

2023-cü ildə G7 Sammitinin keçiriləcəyi ölkə bəlli oldu