Putin aylar sonra səfərə çıxdı: niyə məhz Orta Asiya? – DÜNYAYA MESAJ

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Tacikistana işgüzar səfər edib. Rusiya mətbuatı bildirir ki, Putin bu gün Xəzəryanı ölkələrin liderlərinin sammitində iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada keçəcək.

Putinin müharibə başlayandan bəri ilk dəfə Rusiyanı tərk edərək Tacikistanın paytaxtı Düşənbəyə getməsinin pərdəarxası mesajları varmı?

Məsələ ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az -a açıqlama verib.

Politoloq bildirib ki, Rusiya bu səfərlə rəqiblərinə hələ də var olduğu mesajını verir:

“Putinin Tacikistana getməsi regional səfərdir. Bunun davamı kimi Xəzəryanı ölkələrin liderlərinin sammiti bu gün olacaq. Ona görə Putin Aşqabad şəhərinə gedəcək. Lakin Rusiyanın xarici siyasəti böhran içindədir, siyasi hərəkəti üçün istiqamətlər, demək olar ki, qalmayıb. Amma siyasi və iqtisadi fəallıq üçün daha münasib görünən Orta Asiyadır. Bu baxımdan Rusiya izolyasiyaya düşəndən sonra öz fəallığını nümayiş etdirmək üçün bu səfərlərdən istifadə edir. Biz görürük ki, Orta Asiya üçün də rəqabət güclənir. Ənənəvi Rusiya təsiri altında olan Orta Asiya yeni oyunçuların fəallığını hiss etməyə başlayıb. Bu, ilk növbədə, Çin və Türkiyədir. Bu baxımdan Rusiya göstərmək istəyir ki, onun fəallığı və nüfuzu bu bölgədə qalmaqdadır”.

T.Zülfüqarov qeyd edib ki, Rusiya Əfqanıstanda yeni hakimiyyətlə əlaqələr qurmaq istəyir:

“Biz gördük ki, Taliban nümayəndələrini Peterburqda foruma dəvət etmişdilər. Eyni zamanda, ara-sıra görüşlər də olur. İstisna edilmir ki, Tacikistanın talibançılarla bəzi məsələlərdə gərginliyi mövcuddur. Lakin əsas xarakterizə edilən məsələ Rusiya xarici siyasətinin böhran dövrünü yaşamasıdır. Bu cür səfərlərlə Putin dünyaya mesaj göndərir ki, mən tək deyiləm, izolyasiyaya düşməmişəm və fəalam. Hazırda Rusiya-Qərb qarşıdurması mövcuddur. Rusiya üçün 2-3-4-cü cəbhələrin açılması Qərbin xeyrinədir. Rusiya-Türkiyə, Rusiya-Çin gərginliyinə nail olmağa çalışırlar. Belə məqsədlər strateji baxımdan çox təbiidir”.

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Avropa Rusiya qazından tamamilə imtina edə bilər

SONRAKI XƏBƏR

Bakıda avtobus sürücüsü ilə sərnişin davası - Qadın ölümcül oldu - VİDEO