"Kəlbəcərin, Şuşanın turistlərin marşrutunda öz layiqli yerini alacağına inanıram..."

"Kəlbəcərin, Şuşanın turistlərin marşrutunda öz layiqli yerini alacağına inanıram..."<span class="qirmizi"></span>

"Kəlbəcərin, Şuşanın turistlərin marşrutunda öz layiqli yerini alacağına inanıram..."

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın “Mədəniyyət/Culture” jurnalının yeni sayında müsahibəsini yayımlanıb.

Müsahibədə Türk dünyası arealında görülən işlər, Azərbaycanın önəmli mövqeyi və mənəvi dəyərlər haqqında danışılıb.

Müsahibəni oxucularla bölüşürük:

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva: “Öz tarixi qürurunu qoruyub saxlayan Şuşanın gələcəyi daha möhtəşəm olacaq”

Onu hər yerdə görmək mümkündür, Milli Məclisin iclaslarından tutmuş hər hansı problemi olan vətəndaşın yanına qədər, bu vətəndaş hətta onun seçicisi deyilsə belə. Xüsusilə Türk dünyasına, Türk mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, musiqisinə aid bütün tədbirlərdə hər kəsdən öndədir, bu gün bir türkdilli ölkənin musiqi törənindədirsə, sabah digərinin ünlü yazıçısının kitab təqdimatındadır. Söhbətin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadan getdiyini anlamaq elə də çətin olmadı yəqin ki.

Məhz elə bu səbəblərdən də 2021-ci il noyabr ayının 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə yaradılan Türk Dövlətləri Təşkilatı, bu təşkilata daxil olan türkdilli ölkələrin siyasi, mədəni, iqtisadi əlaqələri haqqında fikirlərini bölüşmək üçün müsahib olaraq onu seçdik.

Beləliklə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın “Mədəniyyət/Culture” jurnalına müsahibəsini təqdim edirik:

– Qənirə xanım, məlumdur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə uyğun olaraq yaradılıb. Digər tərəfdən, 2019-cu ildən quruma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrlik edirdi. Bu sədrliyin yekununda – 2021-ci il noyabrın 12-də İstanbulda Türk Şurasının VIII Zirvə Görüşü keçirildi və Türk Dövlətləri Təşkilatı (TDT) yaradıldı. Necə hesab edirsiniz, Türk Dövlətləri Təşkilatının yaradılması hansı səbəbdən vacib hala gəlmişdi və burada Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

– Türk Şurasının Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsi tarixi zərurətin ifadəsidir. Bilirsiniz ki, bu tarixi hadisə 44 günlük Azərbaycan Vətən müharibəsindəki tarixi Zəfərimizin birinci ildönümündən sonra baş verdi. Mən bunu qətiyyən təsadüf hesab etmirəm. Bizim tarixi Zəfərimiz yalnız Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi deyil, regiona və bir çox göstəriciləri ilə beynəlxalq aləmə, özəlliklə Avrasiyaya təsir edib. Ermənistan faşizmi, terrorçuluğu, separatizmi və bütün neqativləri dövlət səviyyəsində dəstəkləyən nadir monoetnik ölkədir. Və tarixi Azərbaycan torpaqlarında saxta yolla qurulmuş bu monoetnik ölkə Türkiyə ilə Azərbaycanın əsas hissəsinin, başqa sözlə, Türk dünyasının əlaqəsini kəsib. Zəngəzur dəhlizinin aktuallaşması məhz tarixi Zəfərin nəticəsidir. Zəngəzur dəhlizinin açılması barədə məlum 10 noyabr Üçtərəfli Bəyanatında Ermənistanın üzərinə öhdəlik qoyulub. Bölgədə bütün kommunikasiyaların açılması, ilk növbədə, dalana dirənmiş Ermənistanın özünün xilasına xidmət edəcək. Hazırda bir sıra revanşist cəhdlər müşahidə olunsa da, 10 noyabr Üçtərəfli Bəyanatı, digər bəyanatlar, Brüssel Sülh Gündəliyi əvvəl-axır öz praktik nəticələrini verəcək. Bunları nəyə görə vurğulayıram? Baxın, Zəngəzuru Ermənistana verən zehniyyət o zaman məhz Türk dünyasının torpaq bütövlüyünü pozmuşdu. Artıq Türk ölkə və topluluqları da daxil olmaqla, sərfəli Asiya-Avropa ticarət yolu, “İpək yolu”, “Dəmir İpək yolu” və s. yollar Zəngəzurdan keçdikdə bölgə yeni şəkil alacaq. Bu yollar yalnız ticarət üçün deyil, mədəniyyət üçündür, daha doğrusu, elə birbaşa mədəniyyətdir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir!” Bu yollar Azərbaycanın tarixi Zəfərində böyük mənəvi, siyasi, informasiya dəstəyi olan qardaş Türkiyə ilə Azərbaycanı, Azərbaycan üzərindən Türküstanı Türkiyə ilə, Balkanlarla güclü şəkildə bağlayınca, Türk dünyasının həyatında yeni dönəm başlayacaq. Bu dönəm başlayıb zatən. Beləliklə, TDT-yə gələn yollar, TDT-ni doğuran yollar da Zəfər qazanmış Azərbaycandan keçib deyə bilərik. Azərbaycan ortaq türk qurumlarının hamısının qurucu-üzvüdür. TDT-nin elan olunduğu İstanbul zirvəsində Azərbaycan Prezidentinin Müzəffər Ali Baş Komandan olaraq tarixi Zəfər münasibətilə təbrik edilməsi və bu qurumun ən ali ordeni ilə təltif olunması da keçilən yolun, günümüzün və perspektivin dərin dəyərləndirilməsi, düzgün ifadəsidir. Azərbaycan Türk Şurasına, paralel olaraq Qoşulmama Hərəkatına yüksək səviyyədə sədrlik etdi. Azərbaycan Prezidentinin sədrliyi mürəkkəb pandemiya dövrünə düşdü, habelə həmin müddətdə Tovuz döyüşləri, 44 günlük müharibə, başqa tarixi hadisələr baş verdi, bunun qarşılığında hər iki beynəlxalq qurum öz mütəşəkkilliyi və inkişafı ilə seçildi.

Bəli, TDT tarixi zərurətdir, onun müşahidəçi üzvlərinin tamhüquqlu üzv olacağına, təşkilata yeni üzvlərin qəbuluna inanıram.

– Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə Azərbaycanın mədəni əlaqələri hazırda qaneedici səviyyədədirmi? Ümumiyyətlə, bu istiqamətdə hansı işlərin görülməsini vacib hesab edirsiniz?

– Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə hərtərəfli əlaqələri, o cümlədən mədəni əlaqələri hazırda yüksələn xətlə inkişaf edir. Bu yöndə zəngin təcrübə, xəlqi tələbat var. Respublikamız istər ikitərəfli, istər çoxtərəfli əməkdaşlıq platformalarında, necə deyərlər, qarşılıqlı maraqlara, beynəlxalq hüquq normalarına uyğun şəkildə öz töhfələri ilə seçilir. Azərbaycan bir çox təşəbbüslər, ideyalar və praktik layihələrlə Türk dünyasının cazibə mərkəzidir. Ölkəmizin Türk dünyasındakı yeri və rolu təkcə coğrafi mövqeyimizlə bağlı deyil, bu, önəmli dərəcədə Azərbaycanın tarixi-mədəni, ruhi-mənəvi iqlimi ilə əlaqədardır.

Tarixə ekskursiya edək: 1926-cı ildə baş tutmuş I Türkoloji Qurultay da Bakıda keçirilib; “Sovet türkologiyası” jurnalı Bakıda çıxıb, “Türkologiya” da Bakıda çıxmaqdadır. I Türkoloji Qurultayda keçmiş SSRİ-də yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası, mədəniyyəti müzakirə edilib. Türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidinin elmi-metodik prinsipləri hazırlanıb.

TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bakıda yerləşir. Respublikamızda Türk dünyasına xitab edən onlarla vətəndaş cəmiyyəti institutu uğurla fəaliyyət göstərir. Azərbaycanda yazıçıların son iki qurultayına “Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası” məruzəsi təqdim olunur. Hələlik digər türk ölkə və topluluqlarının yazıçılar birliklərinin qurultayına belə hesabat-məruzə hazırlanmır.

Heç təsadüfi deyil ki, Maqsud Şeyxzadə qardaş Özbəkistana, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə qardaş Türkiyəyə Azərbaycandan getmişdi; Bəkir Çobanzadə, Ömər Faiq Nemanzadə, Xalid Səid Xocayevsə qardaş ölkə və topluluqlardan Azərbaycana gəlib, burada yaşayıb-yaradıblar. Doğrudan da, Azərbaycanın mənası, mahiyyəti özündən böyükdür.

Beləliklə, ortaq keçmişimizdən güc alaraq inşa etdiyimiz bu günümüz böyük gələcəyin bələdçisi, müjdəçisidir. Görüləcək işlər də, imkanlar da çoxdur. Bura qarşılıqlı Mədəniyyət-İncəsənət ongünlüklərinin təşkili, ortaq nəşrlər, ortaq tv proqramları, ortaq film çəkimləri və müvafiq əməli fəaliyyət sahələri üzrə təcrübə mübadiləsi və s. daxil ola bilər. Ölkələrimiz arasında ikitərəfli və beynəlxalq qurumlar çərçivəsində çoxsaylı anlaşmalar var və bu anlaşmaların özü belə münasibətləri dərinləşdirmək üçün kafidir. Türkiyə ilə strateji müttəfiqliyimiz başqa ölkələrlə münasibətlərimizin perspektiv səviyyəsi üçün nümunə rolu oynayır. Şuşa Bəyannaməsində mədəniyyətlə bağlı da mühüm müddəalar var və bu müddəalar işığında bütün qardaş ölkələrlə mədəniyyət, incəsənət sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə qaldıra bilərik.

 

– Qənirə xanım, məlumdur ki, türk dövlətləri xalqlarının bir-birini başa düşməsi üçün tərcüməçiyə ehtiyac yoxdur. Çünki dilimizdəki əksər sözlər azacıq ləhcə fərqi ilə demək olar ki, eyni məna daşıyır. Bu baxımdan türkdilli ölkələrin ortaq ədəbi dilinin yaradılması ideyasını necə dəyərləndirirsiniz?

 

– Biz, əlbəttə, türkdilli yerinə türksoylu qavramını üstün tuturuq. Dillərimizin kökü eynidir, ancaq zaman-zaman obyektiv-subyektiv səbəblər üzündən eyniköklü dillər xeyli fərqliliklər qazanıb, bir-birindən əlifba qrafikası, deyiliş, yazılış olaraq da, söz fondu və s. baxımından da uzaqlaşıb. Hazırda Azərbaycanla Türkiyə, Qazaxıstanla Qırğızıstan vətəndaşları bir-birini daha rahat, daha tez anlaya, birinin türkcəsində olanı digəri problemsiz oxuya bilir. Başqa belə örnəklər də var; son 30 ildə söz alış-verişi, informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı, çoxsaylı qarşılıqlı səfərlər və s. xalqlarımızın, sözün hər anlamında daha yaxından anlaşmasına kömək edib. Nə etmək lazımdır? Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə Türk Dünyası Yazıçılarının Bakıda keçirilən III Qurultayındakı möhtəşəm nitqindən bir sitat gətirmək istəyirəm: “Mənim tövsiyəm ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün, bir-birini bilavasitə daha da anlaması üçün, dillərimizin inkişaf etməsi üçün və bir kökdən olan dillərimizin bir-birinə daha da yaxınlaşması üçün yazıçılar öz xidmətlərini göstərsinlər. Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər”. Göründüyü kimi, bu müdrik sözlər ortaq dil, ortaq əlifba mövzusunu ehtiva etməkdədir. Deməli, hələ də aktual olan, qarşı illərdə də öz aktuallığını qoruyacaq bu mövzu dilçi alimlərimizin, şair-yazıçılarımız üçün çox vacibdir.

– Eyni kökə, ortaq mədəniyyətə malik olan türk xalqlarını bir-biri ilə birləşdirən cəhətlərdən biri də ortaq mədəni irsin daşıyıcıları olmalarıdır. Dünya mədəni irsinin böyük bir sferasını əhatə edən bu irsin aşkarlanması, təbliği, təşviqi hazırda aktuallıq kəsb edən məsələlərdən biridir. Sizcə, bu istiqamətdə hansı işlər görülməlidir?

– Əlbəttə, mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi ən önəmli vəzifələrimizdəndir. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, milli qanunvericilikdə mühüm vəzifələrin müəyyənləşdirilməsi, yeni mədəniyyət strategiyasının işlənməsi və s. bu mövzuya bəslənən böyük önəmin ifadəsidir. Ayrıca, Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanımın böyük layihələri, yüksək zövqlü işləri, ölkə boyu həyata keçirilən mədəni qoruma, təmir-bərpa layihələri hər bir məmur və bu işə məsul şəxslər üçün örnək təşkil edir.

Onu da qeyd edim ki, bizim işğaldan azad olunmuş ərazilərimizdə görüləcək çoxlu işimiz var. Ermənistan silahlı qüvvələri, erməni vandalları tarixi-mədəni abidələrimizi viran qoyub, dağıdıb, özgələşdirib və s. Dövlətimiz təmir-bərpa, quruculuq işlərini faktların uçotunun aparılması, video, fotoçəkilişlərin aparılması və müvafiq beynəlxalq instansiyalarda Ermənistanın müharibə cinayətlərinə görə məhkum edilməsi, sanksiyalarla üzləşməsi, təzminat ödəməsi üçün işlər paralel aparılır.

– Türkdilli ölkələrlə turizm baxımından əlaqələrimizin hazırkı səviyyəsini qənaətbəxş hesab edirsinizmi?

– Hesab edirəm ki, əlaqələr imkanlara müqabil deyil. Hələ öyrənilməmiş, istifadə edilməmiş imkanlar da var, əslində tələbat da var. Burada təşviq, maariflənmə də ümumi işə kömək edə bilər. Turizmin inkişafı müvafiq dövlət proqramları ilə dəstəklənə bilir, ancaq turistin hara getməsi onun müstəsna səlahiyyətidir. Gərək qəbul edən ölkə digər ölkələrin turistləri üçün cazibədar imkanları təqdim etsin.

Elə bilirəm ki, qarşı illərdə Azərbaycana turist axını güclənəcək. Özəlliklə qardaş, dost ölkələrin turistlərinin yumşalan pandemiya qadağaları sonrası ölkəmizə axın edəcəyinə inanıram. İnanıram ki, Kəlbəcər, Şuşa başda olmaqla, işğaldan azad olunmuş ərazilərimiz turistlər üçün imtinası çətin ünvanlara çevriləcək. Bakı, Naxçıvan, Qəbələ, Şəki, İsmayıllı, Lənkaran, Tovuz və b. şəhərlərimiz, rayonlarımızla yanaşı, Kəlbəcərin, Şuşanın turistlərin marşrutunda öz layiqli yerini alacağına inanıram...

Biz və könül dostlarımız belə təşəbbüslərə malikik ki, türk ölkə və topluluqlarından olan turistlər qarşılıqlı olaraq, türk ölkə və topluluqlarını tərcih etsinlər. Çünki bir turisti maraqlandıracaq ən müxtəlif gözəlliklər, üstəlik, sağlamlıq turizmi, inanc turizmi qardaş ölkələrdə mövcuddur. Beləliklə, həm öz ortaq keçmişimizi, ortaq dəyərlərimizi öyrənmək üçün əlavə imkanlar əldə etmiş olarıq, həm də, necə deyərlər, xeyrimizi öz qardaş ölkələrimizə vermiş olarıq.

– Ölkə Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycanın və Qarabağın incisi Şuşanın inkişafına, təbliğinə hansı töhfəni verəcək? Bu fonda Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi hansı uğurlardan xəbər verir?

– Bəli, bu il ölkəmizdə “Şuşa İli”dir... Əziz Şuşamız 2023-cü ildə Türk dünyasının, bir sonrakı il isə İslam dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyacaq. Şuşaya daha öncələr Qafqazın Konservatoriyası deyilirdi. Əziz Şuşaya bu adlar, statuslar hamısı yaraşır. Şuşa Azərbaycanın həmişəlik Mədəniyyət paytaxtıdır!

Etiraf edim ki, Komitə sədri kimi mənim həyatımın ən xoşbəxt töhfəsi Şuşanın Mədəniyyət paytaxtı olması ilə bağlı müvafiq qanun layihəsinin ötənilki müzakirələrində iştirak etməyim oldu. Bilirsiniz, Şuşanın statusunun xüsusi qanunla müəyyən edilməsi dövlət quruculuğu sahəsində çox önəmli siyasi hadisədir və tale bu önəmli hadisədə iştirak etməyi, bu hadisəyə canlı şahid olmağı məhz bizim bəxtimizə yazdı.

Doğrudan da, bir vaxtlar çoxumuzun ağlına gəlməzdi ki, belə bir reallıq yaranar və bizlər müvafiq qanun layihəsini müzakirəyə çıxardarıq. Milli Məclisin Mədəniyyət Komitəsi və daha üç komitənin birgə müzakirə etdiyi, parlamentin üç ardıcıl iclasında müzakirəyə təqdim olunmuş və Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi bizim hər birimizin həyatında ən əlamətdar, unudulmaz hadisə idi.

Əlbəttə, bu qanun da 44 günlük müharibədə qazanılmış tarixi zəfərin nəticəsidir. Bu qələbədə Ulu öndərin vəsiyyətini sədaqətlə yerinə yetirmiş olan Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Azərbaycan Ordusunun müstəsna xidmətlərini, dövlət-xalq birliyinin təntənəsini müzakirələrdə minnətdarlıqla qeyd etdik, burada da bir daha minnətdarlıqla qeyd edirəm.

Biz parlamentdəki geniş müzakirələrdə Şuşanın işğaldan azad edilməsinin bütün dünya azərbaycanlıları üçün, bütün Türk dünyası üçün tarixi, siyasi, mənəvi önəmini xüsusi vurğuladıq. Mədəni irs baxımından bu qədim şəhərin inkişaf tarixinə, Azərbaycanın siyasi və mədəni həyatında oynadığı rola nəzər saldıq.

Şuşanın 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtı seçilməsi bax, bu gözəlliklər fonunda cərəyan edib. Xatırlayıram ki, Şuşanın türk və İslam dünyasının Mədəniyyət paytaxtı statusuna namizədliyi haqqında hələ ötən ilin əvvəllərində təşəbbüslər, ölkə başçısına müvafiq müraciətlər olmuşdu. Ötən il “Vaqif Poeziya Günləri”nə, həm ötən il, həm də bu il “Xarıbülbül” festivalına, daha neçə-neçə ölkə və beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etmiş Şuşa sürətlə təmir-bərpa olunur, başqa sözlə, yenidən qurulur. Öz tarixi qürurunu qorumuş Şuşanın gələcəyi daha möhtəşəm olacaq. İşğaldan qurtulduqdan bəri görülən işlər bunu deməyə güclü əsaslar verir.

Fəxriyyə Abdullayeva

Mənbə: moderator.az