“Xəzər sammitinin özü Rusiya tərəfindən “Biz də varıq” mesajıdır..."

“Xəzər sammitinin özü Rusiya tərəfindən “Biz də varıq” mesajıdır..."<span class="qirmizi"></span>

"Rusiyanın növbəti dəfə Xəzər dənizindən Ukraynaya raket atmasıyla Aşqabaddakı sammitin ciddi əlaqəsi yoxdur..."

“Sadəcə, Rusiyanın raket ehtiyatları azalıb və onlardan müxtəlif istiqamətlərdəki hərbi bazaları vasitəsi ilə istifadə etməyə məcburdur...”

Xəbər verildiyi kimi, bu gün – iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Prezidentinin də qatıldığı Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçirilir. İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri də nəzərdə tutulub.

Məlumdur ki, tədbirdə Ukraynadakı savaşa rəğmən Xəzəryanı ölkələrdən biri kimi Rusiya dövlət başçısı V.Putin də iştirak edəcək.

Belə rəylər var ki, Xəzər dənizi ölkələrinin növbəti sammitindən cəmi iki gün öncə - iyunun 26-da Rusiyanın Ukrayna paytaxtı Kiyevi məhz Xəzər dənizindəki hərbi bazaları vasitəsi ilə raket atəşinə tutması zirvə toplantısına qatılacaq ölkə rəhbərlərinə də bir güc, hədə mesajıdır.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov məsələyə belə münasibət ifadə edib:

“Zənnimcə, Rusiyanın növbəti dəfə Xəzər dənizindən Ukraynaya raket atmasıyla Aşqabaddakı sammitin ciddi əlaqəsi yoxdur. Hesab edirəm ki, sadəcə, Rusiyanın raket ehtiyatları azalıb. Odur ki, uzaq məsafədə olmasından asılı olmayaraq onlardan müxtəlif istiqamətlərdəki hərbi bazaları vasitəsi ilə istifadə etməyə məcburdurlar. Bilirsiz ki, hazırda Kreml üçün Qara dənizdən uzaqmənzilli raketlərin atılması çətindir. Çünki Ukrayna Silahlı Qüvvələri Rusiyanın həmin dənizdə olan hərbi gəmilərini vurur. Odur ki, Kiyevə zərbələrin məhz Xəzər dənizi vasitəsilə endirilməsini məhz Xəzər sammiti öncəsi Moskvanın güc nümayiş etdirməsi kimi dəyərləndirmənin tərəfdarı deyiləm. Əslində Xəzərlə bağlı da real vəziyyəti gizlətmək mümkün deyil. Artıq yeni bir siyasi dövr yaşanır. Xəzər regionunda və Orta Asiyada postsovet dövründə də indiyədək Rusiyanın nüfuzu yüksək idi. Ancaq indi görürük ki, artıq regionda Qərb də, Çin də, Türkiyə də fəallaşıb. Yəni ciddi iqtisadi-siyasi proseslər gedir. Cənub hissəni götürsək, orada Əfqanıstanla sərhəd regionlarında taliblərin də çox fəal olduğunu görürük. Bu baxımdan vəziyyət heç də birmənalı deyil. O ki qaldı konkret bu dəfəki Xəzər dənizi sammitinə, doğrusu, müsbət bir irəliləyiş gözləmirəm. İndi bəllidir ki, 4 Xəzəryanı ölkə eyni mövqedədirlər. Türkmənistanın da mövqeyi 3 ölkəyə yaxınlaşır. İran həmişəki kimi öz mövqeyindədir. Bu mənada Aşqabad sammitindən sonra hansısa ciddi dəyişiklikləri gözləmək o qədər də məntiqli görsənmir. İran mövcud mərhələdə başa düşür ki, o, Rusiya üçün çox vacib ticarət, iqtisadiyyat, kommunikasiya partnyorudur. Bu mənada Tehrana Xəzərlə bağlı ümumi mövqeyə keçməsi üçün hansısa təzyiqlərin reallaşacağını gözləmirəm. Sadəcə olaraq Rusiya göstərmək istəyir ki, Ukraynaya təcavüzündən sonra izolə olunmasına rəğmən hələ də onun Mərkəzi Asiya və Xəzər regionunda fəallıq, nüfuz zonası mövcuddur. Yəni bu dəfəki Xəzər sammitinin özü Rusiya tərəfindən “Biz də varıq” mesajı kimi görsənir. Lakin təbii ki, reallığı hamı görür”.

Sultan Laçın

 

Mənbə: moderator.az