İlqar Məmmədov Prezidentə müraciət etdi

İlqar Məmmədov Prezidentə müraciət etdi<span class="qirmizi"></span>

REAL Partiyanın sədri İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib.

Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident,

2020-ci il fevralında Milli Məclisə keçirilən seçkilərin 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələrini Mərkəzi Seçki Komissiyası dərhal ləğv etmişdi.

Həmin ilin avqustunda 116 saylı Qəbələ dairəsindən seçilmiş deputat vəfat etdi.

2022-ci ilin fevralında 55 saylı Xaçmaz dairəsindən seçilmiş deputat haqqında cinayət məhkəməsinin hökmü qüvvəyə mindi.

2022-ci ilin martında isə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən seçilmiş deputat hakimiyyətin icra qolunda təyinat aldı.

Bu hadisələr nəticəsində 7 dairədə yaşayan 384 min 545 seçici uzun müddətdir Milli Məclisdə təmsilçisiz qalır. Onlardan 186 min 312 nəfər Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün hətta yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar.

Yarandığı vaxtdan parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub deyə, toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirak sözü gedən vətəndaşların haqqıdır.

Həm də istəyidir. Partiyamız həmin dairələrdən ikisində yaşayan 1651 seçicidən bu istəkləri haqda imza toplamışdır. Məktubuma əlavə olaraq, imzaları Sizə təqdim edirik”.

Mənbə: pravda.az