“Artıq Qarabağda müddətli çağırışçılarımız olmayacaq” - Sahakyan

“Artıq Qarabağda müddətli çağırışçılarımız olmayacaq” - Sahakyan<span class="qirmizi"></span>

“Hərbi çağırışçıların bölüşdürülməsi ərazi bölmələrində açıqlanır, valideynlər oturub bütün prosesi izləyirlər. Qarabağ bölüşdürmədə deyil”. Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Şəxsi Heyətin İdarə Edilməsi Baş İdarəsinin rəis müavini, erməni polkovnik Sahak Sahakyan deyib.

“Niyə Qarabağ o siyahıda yoxdur?” sualına Sahakyan belə cavab verib: “Hərbi-siyasi rəhbərlik Qarabağda xidmətin müqaviləli hərbi qulluqçular tərəfindən həyata keçirilməsi barədə qərar qəbul edib. Son müddətli çağırışımız 2020-ci ilin yayında olan çağırışdır, iyulun 1-dən avqustun 30-a kimi tərxis olunacaq və artıq Qarabağda müddətli çağırışçılarımız olmayacaq. Qarabağda xidmətin cəlbediciliyi üçün ciddi bir paket hazırlanıb, buna görə Qarabağ “müdafiə ordusu”nun (qanunsuz “hərbi birləşmə” – red.) vakant yerləri müqaviləli hərbi qulluqçularla doldurulur. Bu doldurma əsasən Qarabağın resursundan baş verir”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi əmin edib ki, bu, mövcud ehtiyacları ödəyir.

“Orada sərhədimiz yoxdur. Bizim məqsədimiz müddətli hərbi qulluqçuları ön xətdən çıxarmaqdır, buna gedirik”, - deyə o bildirib.

Sahakyan vurğulayıb ki, bu çağırışdan başlayaraq yeni qayda fəaliyyət göstərir, yeni çağırışçılar 5-6 aylıq hazırlıqdan sonra cəbhə bölgəsinə gedəcəklər: “Onlar 5 aya yaxın, yəni təlim mərhələsinin sonuna qədər taborlarda olacaqlar. Məqsəd əsgərlərin tam hazırlıq keçmədən döyüş növbətçiliyinə cəlb olunmasının qarşısını almaqdır. Yəni onlar 5-6 aydan sonra döyüş növbətçiliyinə cəlb oluna bilərlər”.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az