NATO-Rusiya müharibəsi başlasa, Ermənistan məhv olacaq - ölkə total xofa girdi...

NATO-Rusiya müharibəsi başlasa, Ermənistan məhv olacaq  - ölkə total xofa girdi...<span class="qirmizi"></span>

Daşdəmir Əliyev: “Ermənistanın mövcudluğunun başlıca şərti qonşuları ilə normal münasibətlər qurmaqdan keçir”

Əgər Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə başlasa, bu, Ermənistanın dövlətçiliyi üçün böyük təhlükə olacaq. Bu fikirləri erməni siyasi şərhçi Romella Mnatsakanyan bildirib. Daha sonra o deyib:

“Türkiyə NATO-da ikinci güclü dövlətdir və böyük nüfuza malikdir. Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə başlasa, alyans Ankaraya tam dəstək olacaq. Buradan isə Ermənistanda da revaşist qüvvələr qalib gəlsə, bu bizim dövlətin sonu olacaq. Ermənistan da “artsax”ın dalınca yox olacaq. Biz Azərbaycanın növbəti qalibiyyətinin şahidi ola bilərik. Rusiyanın isə Ermənistan vecinə olmayacaq, çünki başı özünə qarışacaq”.

Ermənistanda ölkənin məhv olacağı ilə bağlı xofun yaranması hansı amillərə görədir?

Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyətinin nəinki Rusiya, həm də Avropa İttifaqı və NATO ilə problemləri var:

“NATO ilə münasibətlərdə problemlər hələ keçən ildən var. Ermənistan NATO ilə 2005-ci ildə imzalanmış və hər iki ildən bir yenidən imzalanmalı olan Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı (IPAP) üzrə əməkdaşlıq edir. Bu, sonuncu dəfə 2017-ci ildə, Serj Sarkisyanın Brüssel səfəri zamanı imzalanıb. 2019-cu ildən etibarən NATO və Ermənistan arasında razılaşma yoxdur, münasibətlərin hüquqi əsası yoxdur.

Ermənistanda ABŞ tərəfdarları fəal şəkildə öz işini görür və müxtəlif strukturlar vasitəsilə ölkədəki ictimai rəyi Qərbin maraqlarına uyğun formalaşdırır. Bu yaxınlarda Ermənistanda keçirilən rəy sorğusunun nəticələrinə görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Erməni ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-yə səs verib. Halbuki, hazırda Ermənistan məhz KTMT-nin üzvüdür.

Ermənilərin mövqeyi rəsmi Moskvanın beynəlxalq arenadakı statusuna əsasən dəyişir. Ermənistanda fəal qərbyönlü əhval-ruhiyyənin olduğunu inkar etmək olmaz. Hər dəfə Rusiya üçün problemlər yarananda Ermənistan ictimaiyyətinin bir hissəsi Rusiya və KTMT-dən daha çox uzaqlaşmağa, Qərbə istiqamətlənməyə çalışır. Ümumiyyətlə, onlar əvvəl də eyni mövqedə olublar, Qərb dəyərlərinə və həyat tərzinə tərəfdar olublar. NATO-ya üzvlüyün Ermənistanın təhlükəsizliyini və müstəqil siyasətini təmin etmədiyini hər kəs başa düşmür. NATO-ya üzv ölkələr Vaşinqtondan gələn göstərişləri yerinə yetirməlidirlər. Belə olan təqdirdə Ermənistan Rusiyanın ayağı altında qala bilər. Bu səbəbdən də ölkədəki narahatlıq başadüşüləndir. Ermənistanın mövcudluğunun başlıca şərti qonşuları ilə normal münasibətlər qurmaqdan keçir. Əks təqdirdə, doğrudan da məhvlə üzləşə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com