Saakaşvilinin Azərbaycana qarşı atdığı SƏHV ADDIM – İran Gürcüstan azərbaycanlılarını necə parçalayır?

Gürcüstanda radikal islamçılar heç zaman olmadığı qədər fəallaşıb. Ötən həftə onlar hətta Borçalıda Azərbaycan siyasi hakimiyyətinə qarşı aksiya da keçiriblər. Elə isə Gürcüstanda nə baş verir?

QMİ Gürcüstandan niyə sıxışdırılıb çıxarıldı?

Gürcüstanda baş verənləri dəqiqliklə bilmək üçün ilk öncə yaxın tarixə nəzər salmaq lazımdır. Yada salaq ki, 2000-ci illərin əvvələrində Mixeil Saakaşvilinin hakimiyyətə gəlişindən sonra ölkəyə xarici təsirləri azaltmaq məqsədi ilə müxtəlif addımlar atıldı. Onlardan biri də Gürcüstana xaricdən dini təsiri azaltmaq siyasəti oldu. Bu istiqamətdə ilk addım “Rus Pravoslav Kilsəsi Patriarxlığı”na qarşı atıldı. 2003-cü ildə Gürcüstandakı bütün provaslav kilsələri Rusiyadan ayrıldı. Bunun ardınca islam dininin idarəetməsinin Azərbaycandan alınması istiqamətində hərakat başladı.

2011-ci ildə Gürcüstan Müsəlmanları İdarəsi yaradıldı və Qafqaz Müsəlmanları İdarəsi faktiki olaraq ölkədən çıxarıldı. Hətta Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyinə gətirilən Camal Paksadze sünni məzhəbinə məxsus din xadimi idi. Bu addım da QMİ-nin bölgədəki təsirinə qarşı atılmış növbəti addım idi. 2012-ci ildə QMİ-nin Gürcüstan nümayəndəliyi təsis edilsə də, bu, effekt vermədi.

Ərəb və İran mollaları Gürcüstanda söz yiyəsidir

Ardınca sonrakı illərdə İran və ərəb emissarların Gürcüstana axını başladı. Əslində bütün bunlar Azərbaycanın Gürcüstana, konkret olaraq Borçalıda olan azərbaycanlılara təsir imkanlarını sıfıra endirmək məqsədi güdürdü. Və çox təəssüf ki, aazərbaycanlılar arasında dini məzhəb ayrı-seçkiliyi baş verdi. İndi Gürcüstandakı soydaşlarımız QMİ-ni nəinki eşitmir, üstəlik Azərbaycan qarşı siyasi tələblərlə çıxış edirlər. Son günlər Gürcüstanda keçirilən aksiyaların arxasında İran ayatullahları durur. Və bunu heç də gizlətmirlər.

Milli kimlik, siyasi kimliklə əvəzlənir

Bundan sonra baş verən hadisələr də göstərdi ki, artıq Gürcüstanda milli kimliyin yerini dini kimlik tutur. Bu da Bakının Borçalıda milli kimlik üzərindən mümkün təsirini sıradan çıxardır. Bütün bunlarsa Gürcüstanda yaşayan 700 min azərbaycanlının mədəni-siyasi birliyini parçalamaq məqsədi daşıyır. Eyni zamanda, azərbaycanlıların gələcəkdə hansısa muxtariyyət və yaxud digər özünü idarəetmə institutunun Tiflisdən tələb etmək xəyallarını puça çıxardır.

Beləliklə mövcud vəziyyət həm Borçalıdakı soydaşlarımızın siyasi birliyini pozur, həm də rəsmi Bakıya İranın təsiri altında müəyyən mesajlar ötürülür. Bu qorxulu tendensiyanın qarşısını almağın mümkün yolları var. Məsələn, QMİ və QHT-lərin xətti ilə Gürcüstanda müəyyən təbliğat, təşviqat işləri aparmaq və hətta əvvəlki status-kvonu bərpa etmək olar. Beləcə, gələcəkdə bizləri gözləyən “sürprizlər”dən sığortalanmış olarıq.

Surxay Atakişiyev, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Təbrizdə fabrikdə böyük yanğın baş verdi

SONRAKI XƏBƏR

Rəisi: İttihamlardan əl çəkin, sanksiyaları götürün