Rusiyanın Ermənistan əngəli - Zəngzəur dəhlizi Moskvanın taleyini həll edəcək

"Xəzəryanı ölkələrin hər biri Zəngəzur dəhlizinin açılmasını istəyir. Çünki bu, onların tranzit imkanlarını artırır və eyni zamanda da Zəngəzur dəhlizi regional nəqliyyat xəritəsini zənginləşdirir".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin reallaşması ilə regionda Rusiyanın nüfuzu arta bilər:

"Regionda nə qədər çox maşrutlar olsa, bir o qədər də yaxın qonşu ölkələrə xeyri dəyər. Amma görürük ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesləri ləngidir. Onların nə istədiklərini anlayırıq. Sadəcə olaraq çox güman ki, təzyiqlər kifayət etmir ki, bu məsələ bir qədər "ölü nöqtəsindən" çıxsın, irəliləsin.

Burada əsas maraqlı tərəflər Xəzəryanı ölkələr deyil. Zəngəzur dəhlizində Azərbaycandan başqa ən azı 3 ölkə - Türkmənistan, Qazaxıstan və Rusiya maraqlıdır. Rusiya bu dəhlizin fəaliyyətə başlamasında ümumiyyətlə çox maraqlıdır. Çünki Rusiya üçün bu, yeni dəhliz imkanları deməkdir. Onun malları hazırda Qərb istiqamətində demək olar ki, irəliləmir. Bu, eyni zamanda Çinin mallarının daşınmaması deməkdir.

Zəngəzur vasitəsilə, Cənubi Qafqazla malların yönləndirilməsi hər dövlət üçün maraqlıdır. Lakin bu vəziyyət fonunda Ermənistan tərəfinə çox təzyiq göstərilmir. Burada siyasi maraqlar var. O maraqlar bundan ibarətdir ki, Rusiya Ermənistana çox təzyiq göstərsə, onun nüfuzu bir qədər azala bilər. Bu da daha çox bir bəhanəyə oxşayır.

Ermənistana əsasən ona görə çox təzyiq göstərmirlər ki, Zəngəzur dəhlizinin reallaşması əlavə geosiyasi proseslərə təkan verə bilər. Bir çox hallarda Rusiyadakı bəzi siyasi dairələr düşünürlər ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması onlara müəyyən təhlükələr gətirə bilər, burada Ruisyanın nüfuzu azala bilər.

Amma əslində belə deyil. Zəngəzur dəhlizinin reallaşması ilə, əksinə, regionda Rusiyanın nüfuzu arta bilər. Çünki bu dəhlizin Ermənistan hissəsində aparılan işlərin böyük bir hissəsi Rusiyanın payına düşəcək. Digər tərəfdən Rusiyanın Dəmiryolu İdarəsi yolun Ermənistan hissəsindən keçən o yolun sahibi olacaq. Bu normal məntiq gec-tez reallaşacaq və biz Zəngəzur dəhlizi ideyasının reallaşmasını görəcəyik".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan parlamentinin koçaryançı sədr müavini vəzifəsindən azad edilib

SONRAKI XƏBƏR

Henri Kissincerdən Ukraynada müharibəni bitirmək üçün 3 variant