Ukraynadakı polkovnik soydaşımız partizan hərəkatının təşkilindən danışdı...

Ukraynadakı polkovnik soydaşımız partizan hərəkatının təşkilindən danışdı...<span class="qirmizi"></span>

"Onlar işğal altındakı ərazilərdə düşmənə xidmət edən kollabarantların zərərsizləşdirilməsi ilə məşğul olurlar..."

“Ukraynada partizan hərəkatı bir qayda olaraq Belarus sərhədində daha çox aktivdir. Bundan əlavə, Melitoplol şəhəri və ətrafında, eləcə də Xerson vilayətində də Ukrayna partizanlarının fəallığı müşahidə olunur. Məhz bu səbəbdən onların qisasçılıq hərəkətlərindən çəkinən yerli əhali arasındakı bəzi ünsürlər işğalçı Rusiya tərəfinin müxtəlif vəzifə təkliflərindən imtina edir”.

Bunu Moderator.az-a açıqlamasında Ukrayna Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev Rusiyanın təcavüzündən sonra ölkədə baş qaldırmış partizan hərəkatı haqda danışarkən söyləyib.

“Bəli, bu, həqiqətdir. Partizan hərəkatı Ukraynada gündən-günə yeni vüsət alır, böyüyür. Və həmin hərəkat yerli özünüidarəetmə qruplarının könüllü təşəbbüsü ilə formalaşır. Təbii ki, ölkə rəhbərliyi partizanların fəaliyyətini Ukrayna Silahlı Qüvvələri ilə birgə, koordinə olunmuş şəkildə təşkil etməyə nail olarsa, bu hərəkatın effekti daha böyük olar. Hazırda müəyyən, amma yaxşı mənada özfəaliyyət var. Yəni biz partizanların işinə inanınırıq. Amma sözsüz ki, partizan hərəkatının Ukrayna ordusu, Xarici Kəşfiyyat İdarəsi, Hərbi Kəşfiyyat İdarəsi ilə birgə, koordinə olunmuş şəkildə fəaliyyət göstərməsi daha məqbuldur. Bu çərçivədə düşmənə gələn silah-sursat və texnikaların məhv edilməsi, yəni partizanların fəaliyyət proqramına uyğun olan məsələləri daha effektiv həyata keçirmək mümkündür. Hələki partizanlar düşmənin canlı qüvvəsinə qarşı meşələrdə, yaşıllıq zonalarında fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda onlar işğal altındakı ərazilərdə düşmənə xidmət edən kollabarantların zərərsizləşdirilməsi ilə məşğul olurlar. Buna aid artıq gerçək faktlar var. Belə ki, ötən həftə partizanlarımız Xersonda icra hakimiyyətinin binası yaxınlığındakı restoranda partlayış törədərək rusiyalıların təyin etdiyi “icra nümayəndələri”ni – kollabarantları zərərsizləşdirmişdi. Oxşar faktlar əvvəl də olub”-deyə polkovnik bildirib.

 

Sultan Laçın

 

Mənbə: moderator.az