Rusiya İlan adasında 915 milyon dollar dəyərində texnika itirib

Rusiya İlan adasında 915 milyon dollar dəyərində texnika itirib<span class="qirmizi"></span>

Rusiya “xoşməramlı addım” adı ilə tərk etdiyi Ukraynanın İlan adası və ətraf sularında müharibənin başlanğıcından bəri 915 milyon dollar dəyərində texnika itirib.

“Report” xəbər verir ki, bu barədə “Forbes Ukraina” nəşri məlumat dərc edib.

Bildirilib ki, işğalçı ordunun ən böyük itkisi Qara Dəniz Donanmasının flaqmanı, ona həsr olunmuş poçt markasının dövriyyəyə buraxılmasının ertəsi gün - aprelin 13-də vurulan və aprelin 14-də batmış 750 milyon dollarlıq raket kreyseri “Moskva” olub.

Bundan əlavə, ümumi dəyəri 100 milyon dollardan çox olan azı səkkiz “Tor”, “Pantsir” və “Strela” tipli zenit sistemi və ümumi dəyəri təxminən 50 milyon ABŞ dolları olan müxtəlif siniflərə aid dörd su nəqliyyat vasitəsi məhv edilib.

Ən mühüm hədəflərdən biri “Vasili Bex” xilasedici yedək gəmisi olub. O, ən yenilərindən biri idi - Həştərxan Gəmiqayırma Zavodu onu 2016-cı ildə istismara verib. Məlumata görə, gəminin göyərtəsində “Tor” zenit-raket kompleksi olub. Gəmi iyunun 17-də Ukraynanın raket zərbəsi sonucunda batıb.

Adanın işğaldan

azad edilməsi əməliyyatı zamanı 3 ədəd “Pantsir S1” zenit-raket-top kompleksi məhv edilib. İyunun 27-də onlardan sonuncusu məhv edildikdən sonra “Cənub” əməliyyat komandanlığı məlumat verib ki, hərbi əməliyyat kifayət qədər uzun müddətə və adanın işğalçılardan mütləq azad edilməsinə hesablanıb, lakin həmin həftə ada azad edildi.

İlan adası və ətraf sularda məhv edilmiş avadanlıqların ümumi dəyəri 915 milyon dollara çatır. Hesablamaya yalnız məlum və təsdiqlənmiş itkilər nəzərə daxildir.

İlan adası 17 hektar əraziyə malikdir və Odessa vilayətinin Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmiş yeganə ərazisi idi. Onların adadan qaçmasından sonra bölgə yenidən tamamilə Ukraynanın nəzarəti altındadır.

Mənbə: report.az